Bakıda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb.
Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb. Rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Digər bir tədbirlə Nizami rayonunda “VAZ” markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.