04 noyabr 2024 22:00
109

Azərbaycanda işğaldan əlamət qalmayacaq!

Bütün müharibələr torpağa, ərazi iddiasına görə başlayır, ədalətsiz, işğalçılıq müharibəsi kimi ta­rixləşir. Belə müharibələrin davamı sonda ərazisi işğala məruz qalmış dövlətin ədalətli müha­ri­bəsi olur. Xislətində işğala meyil, işğalçıya tərəfdaşlıq olmayan dünya ictimaiyyəti bu müharibəni bəyənir. Onun bəşəri niyyətini dəstəkləyir, dünyanın sabahları üçün gərəkliyini bildirir. Azər­bay­canın məruz qaldığı işğalçılıq müharibəsinə görə işğalçı dövləti qınayan dövlətlər az oldu. Niyə? Bu sual çox mətləblərin çözülməsini tələb edir…

Azərbaycan bu problemin (əslində, Ermənistanın əsassız ərazi iddiasının) danışıqlar vasi­tə­si ilə həllinə çalışırdı,  BMT işğalçı Ermənistana təzyiq göstərmirdi, əslində göstərmək istə­mir­di, Ermənistan BMT Təhlükəsizlik Şurasının Qətnaməlirini yerinə yetirmirdi.

2020-ci ilin 27 sentybarından  sonra  Azərbaycanın ədalətli müharibəsinə görə onu dəstək­lə­yən dövlətlər həm də dün­yə­vi niyyət­ləri dəstəkləyirdi, bəşəri istəkləri dəstəkləyirdi. Bu müharibə baş­lamaya bilərdimi? Ermənistan sülh danışıqlarından yayınmasaydı, atəşkəsə ciddi əməl etsəydi, regionda mövcud status-kvonu saxlamağa cəhd göstərməsəydi, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərində müxtəlif miqyaslı təxribatlar törətməyə meyillənməsəydi, Xankən­di­­də, işğal etdiyi ərazilərdə fəaliyyət göstərən silahlı dəstələri koordinasiya etməsəydi, bu mü­ha­ri­bə başlamazdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qətiyyətlə bildir­miş­di ki, Azərbaycan dövləti və Azərbaycan xalqı Azərbaycanda ikinci erməni dövlətinin yaran­ma­sına imkan verməyəcək. Bu qətiyyət Ermənistanın xarici siyasətində ciddi dəyişiklik yaran­ma­sını zə­ru­riləşdirmişdi. Ermənistan havadarlarının siyasi və hərbi dəstəyinə ümidlənib işğalçılıq siyasətini davam etdirirdi…

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri Ermənistanın Noyemberyan rayo­nu­nun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksək­lik­lərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən möv­qelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən möv­qe­lə­ri­miz atəşə tutdu. Tərtər rayonunun işğal altında olan Çi­lə­bürt, Ağdam rayonunun Sarıcalı kəndi ya­xın­lı­ğında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən möv­qelərdən də ordumuzun mövqelərini atəşə tutdu. Bu, Ermənistanın ərazilərimizə geniş miqyaslı hücumu idi.  Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə ordu hissələrimiz əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Ölkə başçımız  xalqa müraciətində bu müharibənin ədalətli müharibə olduğunu bildirdi. “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azər­bay­canın beynəlxalq aləmdə tanınmış ərazilərindədir...”. Ali Baş Komandanın bu qətiy­yəti ədalət­li  müharibəmizdə Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi...

Ordu hissələrimiz düşmənin müdafiə sədlərini darmadağın edərək irəlilədi, döyüşlərdə ilk qə­lə­­bələr qazandı. Müharibənin ilk günündə Ağdərə və Mudovdağ istiqamətində yüksəkliklər, Fü­zu­li rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mər­can­lı, Nüzgar kəndləri işğaldan azad edildi. Düşmən işğal müddətində müdafiə sədlərini Cəb­ra­yıl rayonunda da möhkəmləndiribmiş.  Ölkə başçısının dediyi kimi, “Cəbrayıl rayonunun Sol­tan­lı kən­di uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb”.

Hamı, Birinci Qarabağ müharibəsinin veteranları da, tələbələr də, müəllimlər də, orta mək­təb şagirdləri də döyüşlərə getmək istəyirdi. Dövlət məhdud səfərbərliklə kifayətləndi. Hamının ruhu döyüşənlərin sırasında idi. Bu baxımdan İkinci Qarabağ müahribəsi xalqın müha­ri­bəsi idi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 30-da Mərkəzi Hər­bi Klinik Hospitalda müalicə olunan yaralı hərbi qul­luq­çu­larla görüşdə bu döyüşləri “Vətən uğ­runda gedən döyüşlər” kimi xarakterizə etdi. Oktyabr ayının 26-da xalqa müraciətində bu mü­haribəni “Vətən müharibəsi” adlandırdı. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı...

Vətən müharibəsində Azərbaycan Ordusu əhəmiyyətli mövqe qələbələri qazandıqca Erənis­tanın məğlubiyyətə yaxınlaşdığını hiss edən bəzi dövlətlər – Ermənistanın siyasi və hərbi hava­dar­ları döyüşlərin, müharibənin dayandırılmasını tələb edəndə Azərbaycan Respublikasının Prezi­den­ti cənab İlham Əliyevin qətiyyəti bu tələbləri ciddi səviyyədə susdurdu: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyir, irəliləyə-irəliləyə döyüşürdü. Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətləri müharibə gündəliyi idi. Or­du­muz noyabrın 9-dək 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və ra­­yonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər ra­yo­nunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yük­səkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olun­du.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Vətən müharibəsini tarixi Zəfərlə tamamlayan qadir sərkərdə oldu. İkinci Qarabağ müha­ri­bəsi, mahiyyəti etibarilə Vətən müharibəsi belə yaşanıldı. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Müharibə bu qələbə ilə başa çatdı. Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd azərbaycanın qalibiyyət sənədi idi.

Dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirildi. Bu parad ədalətli müha­ribənin dünyaya boy göstərməsi kimi tarixləşdi. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etdi. Paradı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Pre­zidenti Rəcəb Tayyib Ərdoğan qəbul etdi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etdi.

Lakin məğlub Ermənistanın silahlı birləşmələri qalib Azərbaycanın ərazilərini tamamilə tərk etməmişdi, dağılmış ordu hissələri son 30 ilin ideoloji mərkəzinə çerilmiş Xankəndidə separatçı erməni silahlı qüvvələri ilə birləşmişdi, Ermənistanın göstərişi ilə müxtəlif təxribatlar törə­dir­di. 2023-cü ilin sent­yabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əli­ye­vin döyüş əmri ilə antiterror əməliyyatı başladı. Ağdərə, Əsgəran, Xocalı rayonları, Xankəndi şə­hə­ri işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Dünya gördü ki, hərbi əməliyyatı isti­qa­mətləndirən siyasət, siyasəti, hərbi əməliyyatı Zəfərə çatdıran qüd­rət­li sərkərədəlik belə olur!..

Bu müqəddəs Zəfərin müqəddəsliyini ölkə başçısının “Mən ata vəsiyyətini yerinə yetirdim” qüruru tamamladı...

Noyabrın 10-da Xankəndidə hərbi parad keçirildi. Bu parad Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasının paradı kimi izlənildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bakıda Qəni­mət­lər Parkı yaradıldı.

Vətən müharibəsində qələbəyə görə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni – “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olun­masına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Milli birlik daimi olma­lı­dır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri hər bir azərbaycanlının azərbaycançılıq şüarıdır.

Ta­rixi Zəfər qazanıldı. İşğaldan azad edilmiş ərazilərimizdə dövlət bayrağımız dalğalandırıldı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə tarixi Zəfərin davamı kimi quru­cu­luq işləri uğurla davam edir.

Sakinlərin işğaldan azad edilmiş kəndlərə, şəhərlərə qayıdışı da tarixi Zəfərin davamıdır. Ali Baş Komandan kimi İkinci Qarabağ müahribəsini Zəfərlə tamamlayan cənab İlham Əliyevin rəh­bərliyi ilə Azərbaycanda yaxın vaxtlarda işğaldan əlamət qalmayacaq!..

Səbinə Xasayeva,

Milli Məclisin deputatı