Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi və AzMİU İdman Klubunun birgə təşkilatçılığı ilə “II Zəfər İdman Festivalı”na start verilib.
“İki sahil” xəbər verir ki, festivalda 8 universitetdən 600-dən çox tələbə müxtəlif idman növlərində yarışaraq öz güclərini sınayacaq. Bu tədbir, tələbələrə sağlam rəqabət aparmaq və qələbə ruhunu yaşamaq üçün əhəmiyyətli bir fürsət yaradır.
Açılış mərasimində AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov, ATİAHİ Respublika Komitəsi sədrinin müşaviri - katibi Renata Mənsurova və Milli Olimpiya Komitəsinin əməkdaşı Aslan Şirəliyev çıxış edərək, festivalın gəncləri bir araya gətirdiyini və onlara idmanda yeni zirvələrə çatmaq imkanı verdiyini vurğulayıblar. Çıxışçılar həmçinin tələbələrə dəstək olaraq belə tədbirlərin vacibliyini xüsusi qeyd ediblər.
Festivalda həmçinin ATİAHİ Respublika Komitəsi sədrinin müşaviri - katibi Pərvanə İsmayılova və digər qonaqlar da iştirak ediblər.
Festival boyunca tələbələr futbol, voleybol, basketbol, güləş və digər idman növlərində bacarıqlarını sınayacaqlar. Yarışlar gərgin rəqabət şəraitində keçəcək və sonda qalib komandalar və fərdi iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.