19 oktyabr 2024 23:04
82

Si Cinpin Çin ordusuna müharibəyə hazırlığı gücləndirməyi tapşırıb

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin bu həftə hərbçiləri müharibəyə hazırlığı artırmağı tapşırıb.

“İki sahil” xəbər verir ki, tapşırıq Pekinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər keçirməsindən bir neçə gün sonra verilib.

 “Sinxua” agentliyinin məlumatına görə, Xalq Azadlıq Ordusunun raket briqadasına səfəri zamanı Si Cinpin deyib ki, hərbçilər müharibə hazırlığını hərtərəfli gücləndirməli və qoşunları etibarlı döyüş qabiliyyəti ilə təmin etməlidirlər.

Onun sözlərinə görə, əsgərlər strateji çəkindirmə qabiliyyətini və döyüş qabiliyyətini gücləndirməlidirlər.

Xatırladaq ki, ötən gün Çin Tayvana qarşı güc tətbiqindən heç vaxt imtina etməyəcəyi ilə hədələyib.

Qeyd edək ki, ötən həftədən etibarən tərəflər arasında münaqişə yenidən alovlanıb. Çin Tayvan boğazında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Ada Pekinin hərəkətlərini pisləyib və istənilən addıma cavab verməyə hazır olduğunu bildirib. Daha sonra Tayvan Çin gəmilərinin “qapalı su ərazisinə” daxil olduğunu bildirib.

Pentaqon Çinin hərəkətlərinə reaksiya verib və ABŞ-ın Hind-Sakit okean regionunda sabitliyi dəstəkləməyə hazır olduğunu xatırladıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”