19 oktyabr 2024 22:44
104

Ölkəmizdə “Təhsildə Estoniya təcrübəsi” Beynəlxalq konfransı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Milli Məclisin deputatı Mehriban Vəliyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və digər natiqlər çıxış ediblər. Çıxışlarda Azərbaycan təhsil sistemində əldə olunan nailiyyətlər diqqətə çatdırılaraq müasir qabaqcıl təhsil sistemlərinin uğurlu təcrübələrinin də öyrənilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd Estoniyanın təhsil sistemi ilə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaqdır.

Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov vurğulayıb ki, təhsil sahəsində qabaqcıl təcrübələrin, müasir texnologiyaların və yeniliklərin tətbiqi istiqamətində təcrübə mübadiləsi hər zaman inkişafın təməl daşıdır. Bu baxımdan, Estoniyanın təhsildə qazandığı uğurlar dəyərli bir nümunədir.

Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında Estoniya rəqəmsal təhsil sistemində əldə olunan nailiyyətlərin öyrənilməsinin əhəmiyyətinə toxunub, belə bir tədbirin təşkilini yüksək qiymətləndirib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışında xarici ölkələrlə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin önəmindən danışıb, bu kimi tədbirlərin davamlı olmasının vacibliyini vurğulayıb. 

Konfransda Estoniya Təhsil və Tədqiqatlar Nazirliyinin yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupunun üzvü, Tallin Universitetində təhsilin idarəolunması üzrə müəllim, Eston Dili İnstitutunun tədqiqatlar üzrə layihə rəhbəri, psixoloq Stanislav Nemerjitski, Estoniyada dövlət bağçalarının mentoru, Tallin Məktəbəqədər Təhsil üzrə Direktorlar Assosiasiyasının İdarə Heyətinin üzvü Riina Ləil, Estoniyada “Lingatore” xarici dil tədrisi mərkəzinin rəhbəri, xarici dil tədrisi üzrə metodist, baş müəllim Evelin Müüripeal, Estoniyanın təhsildə inteqrasiya üzrə Dövlət Proqramının mentoru, “Təhsildə ilin adamı” mükafatı laureatı Sənəm Əliyeva təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.

Təqdimatlarda “Estoniyanın PISA uğuru: əsas səbəblər”, “İdarəetməni dəyişin: uşaqyönümlü öyrənmə mühitini necə yaratmaq olar?”, “Estoniya təhsilinə baxış”, “Effektiv öyrənmə mühiti” kimi mövzulara toxunulub, müzakirələr aparılıb.