18 oktyabr 2024 14:15
89

Azərbaycan IOTA-nın 5-ci İllik Beynəlxalq Konfransında təmsil olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli prezidenti olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İtaliyanın paytaxtı Romada keçirilmiş 5-ci İllik Beynəlxalq Konfransında iştirak edib.

"İki sahil" bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qurumun rəisi çıxışında vergi orqanları arasında əməkdaşlığın gücləndirilməsinə dair üzv ölkələrin təşəbbüsləri, biznes mühitinin təkmilləşdirilməsi üçün təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb, elektron qaimə faktura sisteminin üstünlükləri, rəqəmsal transformasiyanın vergi orqanlarında hesabatlılığın artırılmasına verdiyi töhfələr barədə danışıb, ölkəmizdə bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb, gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə konfrans iştirakçılarına məlumat verib.

Təşkilatın icraçı katibi Aliks Perrinyon IOTA-nın vergi administrasiyalarının səmərəli əməkdaşlığında rolu, üzv ölkələrin aktiv təmsilçiliyi barədə fikirlər səsləndirib. Aliks Perrinyon rəqəmsal hesabatın tətbiqini zəruri edən hallar və bu sahədə perspektivlər barədə məlumat verib.

Konfransda “Rəqəmsal Hesabatın Tətbiqi və Elektron faktura: Beynəlxalq Perspektiv” mövzusunda 8 sessiya keçirilib. Sessiyalar çərçivəsində biznes sahəsində rəqəmsal hesabatların tətbiqi öhdəliklərinin perspektivləri, vergidən yayınma ilə mübarizədə elektron mexanizmlərin effektivliyi, elektron qaimə-faktura əsasında rəqəmsal hesabat proseslərinin qiymətləndirilməsi mövzuları müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı müxtəlif ölkələrin təcrübələri təqdim olunub və vergi orqanları ilə biznes arasında informasiya mübadiləsini artırmaq üçün müxtəlif yanaşmalar, rəqəmsal hesabatların və e-qaimə-fakturaların tətbiqi üzrə qlobal təcrübələr, texnologiya şirkətlərinin prosesdə iştirakı məsələləri, faktura məlumatlarının paylaşılmasına yanaşmalar diqqətdə saxlanılıb.

Tədbirdə Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev “Elektron faktura və ƏDV ödəniş sistemi” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı ölkəmizin vergi sistemində ƏDV ekosisteminin rəqəmsal transformasiyası və elektron alətlər, o cümlədən ƏDV depozit hesabı, elektron hesab-faktura və e-qaimələrin tətbiqi barədə məlumat verilib, rəqəmsal vergi inzibatçılığında süni intellekt modullarından istifadə imkanları diqqətə çatdırılıb.

Tədbir çərçivəsində O.Nəzərli İtaliyanın Gəlir Agentliyinin nümayəndələri ilə görüşüb, əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparıb.