Vətən müharibəsi şəhidi mayor Rüfət Əsgərovun anım mərasimi keçirilib
Qırx dörd günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan mayor Rüfət Əsgərovun anım günündə məzarı ziyarət olunub, xatirəsi yad edilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Mixail Zabelin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən mayor Rüfət Əsgərovun II Fəxri xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb və ruhuna dualar oxunub. Eyni zamanda, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid mayor Rüfət Əsgərovun ailəsinə başsağlığı verən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür edib və onlara səbir diləyib. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Prezident-ordu-xalq birliyinin, həmrəyliyinin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edildiyi, haqq-ədalətin bərpa olunduğu, şanlı Zəfər Gününün tariximizə şəhidlərimizin qanı ilə yazıldığını bildirib. Üçrəngli bayrağımızın respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalandığını vurğulayıb.
Vətən uğrunda canını fəda etməklə ən uca zirvəyə yüksələn Rüfətin və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların xatirəsinin qədirbilən xalqımız tərəfindən unudulmayacağını söyləyən R.Quluyev şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlərdən bəhs edib, Xətai rayonunda da hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.
Çıxış edənlər şəhid mayor Rüfət Əsgərovun nümunəvi zabit kimi ailəsinə, Vətəninə, xalqına bağlı olduğunu qeyd ediblər. Rüfət Əsgərovun təcrübəli kəşfiyyatçi kimi göstərdiyi xidmətlərin döyüş yoldaşlarına və gənclərə nümunə olduğu ifadə edilib.
Ziyarətin sonunda çıxış edən şəhidin atası Mürvət Əsgərov göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, mayor Rüfət Əsgərov İkinci Qarabağ müharibəsində Tərtər rayonunun Suqovuşan kəndi və Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Ermənistan silahlı qüvvələrinin 20-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına keçməsində rolu olub. R.Əsgərov oktyabrın 14-də Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə R.Əsgərov "Rəşadət" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Yaqut Ağaşahqızı, “İki sahil”