11 oktyabr 2024 23:27
94

Bu etimad məni gələcəkdə daha böyük məqsədlərə motivasiya edəcək - Prezident təqaüdçüsü

Prezident İlham Əliyev 2024-2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərərək Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir. Prezident təqaüdünə layiq görülən tələbələrin əksəriyyəti əyalət məktəblərinin məzunlarıdır.

“İki sahil”in əməkdaşı Prezident təqaüdçülərinin bir qrupu ilə həmsöhbət olub.

Bakı Ali Neft Məktəbinin Biznesin idarə edilməsi ixtisasına 689,9 balla qəbul olunan Hikmət Əsgərzadənin sözlərinə görə, Prezident təqaüdünə layiq görülməsi xəbərinə həm özü, həm də ailəsi sevinib: ”Xəbəri ilk olaraq atamdan eşitdim. İmtahanlara yaxşı hazırlaşırdım, çox əziyyət çəkirdim. Ona görə də özümdən də belə yüksək nəticəni gözləyirdim. Uğura gedən yolda həmişə yanımda olan, keyfiyyətli təhsil almağım üçün mənə hər cür şərait yaradan valideynlərimə, daha sonra məktəb müəllimlərimə, repetitorlarıma, mənə inanan və uğur qazanmağımı istəyən hamıya təşəkkürlərimi bildirirəm”.

Hikmət Əsgərzadə abituriyentlərə tövsiyə edir ki, nizam-intizamlı olsunlar,  çox çalışsınlar. Əgər bunları etsələr mütləq istədikləri  nəticəni əldə edəcəklər, uğurlar qazanacaqlar.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsində Maliyyə ixtisası üzrə təhsil alan Xədicə Mərdanlı da bu ilin Prezident təqaüdçülərindəndir. Xədicə dövlət başçısının ali diqqətindən məmnunluğunu bu sözlərlə ifadə etdi: “Prezident təqaüdünə layiq görülməyim xəbərini aldıqda çox böyük qürur və sevinc hissi keçirdim. Bu etimad gələcəkdə daha böyük məqsədlərə çatmaq üçün məni motivasiya edəcək. Bu sevinci ilk olaraq valideynlərimlə bölüşdüm. Onların sevgisi, dəstəyi və inamı  mənim üçün çox qiymətli olmaqla yanaşı, həm də mənə əlavə güc verirdi. Bu uğurda əməyi keçən hər kəsə, müəllimlərimə, ailəmə və dostlarıma dərin minnətdarlığımı bildirirəm. Onların dəstəyi və inamı məni daha da irəli aparır. Ümid edirəm ki, əldə etdiyim nailiyyətlər gələcəkdə daha böyük uğurlara yol açacaq”.

Həmsöhbətimiz abituriyentlərə tövsiyə edir ki, məqsədlərini müəyyən edib, səbirli və qətiyyətli olsunlar: “Heç bir şey asanlıqla əldə olunmur, amma inadla çalışmaq və öz potensialınıza inanmaq sizi mütləq uğura aparacaq”.

Gələcəklə bağlı planlarından söz açan Xədicə diqqətə çatdırdı ki, maliyyə sahəsində daha dərin biliklər əldə edərək uğur qazanmaq, həmçinin beynəlxalq müstəvidə tanınmış bir mütəxəssis olmaq istəyirəm: “Akademik biliklərimi praktiki təcrübə ilə zənginləşdirərək cəmiyyətə faydalı bir fərd olmaq ən böyük arzumdur”.

Bakı Ali Neft Məktəbində İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan Ayxan Salmanovun sözlərinə görə, Prezident təqaüdünə layiq görülməyi xəbəri onu həm sevindirib, həm də qürurlandırıb: “Anamın arzusu idi ki, mən bu zirvəyə yüksəlim. Ona  görə də Prezident təqaüdünə layiq görülməyimlə bağlı xəbəri  ilk olaraq anamla bölüşdüm. Bütün ailəmin mənə həmişə böyük dəstəyi olub”.

Ayxan Salmanovu abituriyentlərə tövsiyələri belə oldu: “İmtahan verəcəkləri hər fənnə eyni diqqətlə yanaşsınlar. Oxumağa marağı artırmaq üçün əyləncəli və öyrədici fəaliyyətlərdə yarışmalarda iştirak etmək də mühümdür. Həm əyləncə üçün, həm də oxumaq üçün vaxtlarını balanslı şəkildə bölüşdürsünlər. Bu ikisindən biri daha dominant olduqda nəticəyə çatmaq çətin olur. Mənə də uğur qazandıran sirr məhz bu harmoniyanı saxlamağım olub”.

Həmsöhbətimizin gələcək planları isə belədir: “Gələcəkdə istərdim ki, ABŞ-ın yüksək reytinqli universitetlərindən birində təhsilimi davam etdirim. Yaxşı bir şirkətdə işə düzəlmək, öz biznesimi qurmaq gələcək planlarım siyahısındadır”.

Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alan Aysel Səlimova Prezident təqaüdünə layiq görüldüyü üçün çox  sevinclidir: “Abituriyent vaxtlarımda özümə çox inanırdım və çəkdiyim əziyyətin qarşılığı olaraq Prezident təqaüdçüsü olacağımı düşünürdüm. Uğurumun sirrini əzmlə çalışmaqda və düzgün vaxt bölgüsü etməkdə görürəm. Ən böyük dəstəkçilərim hər zaman valideynlərim və yaxın dostlarım olub. Bu uğurumda mənə dəstək olan valideynlərimə və müəllimlərimə təşəkkürlərimi bildirirəm. Mənimlə birlikdə Prezident təqaüdçüsü adına layiq görülmüş bütün tələbələri təbrik edir, uğurlar arzulayıram”.

Aysel Səlimova abituriyentlərə səmərəli çalışmağı və özlərinə hər zaman inanmalarını tövsiyə edir: “Əsas olan keyfiyyətli çalışmaqdır, uğur qazanmaq üçün buna əməl etmək vacibdir”.

Həmsöhbətimizin gələcəkdə planı hüquq sahəsində peşəkarcasına fəaliyyət göstərib, ölkədə ədalətin qorunub saxlanılmasına xidmət etməkdir.

ADA Universitetində Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə təhsil alan Suat Həmzəli Prezident təqaüdçüləri siyahısında adının olması xəbərini ilk olaraq bacısından eşidib: “Bu xəbəri eşidəndə   sevinmişdim. Xəbəri valideynlərimlə bölüşəndə onlar da ən az mənim qədər sevindilər. Bu cür ali dəyərə layiq olmaq üçün  kifayət qədər çalışmışdım. Abituriyentlərə tövsiyəm odur ki,  nizam-intizamlı və ən əsası hədəflərinə nail olmaq üçün istəkli və özlərinə  inamlı olsunlar. Ən xırda səhvdə, çətinlikdə ruhdan düşməsinlər, əksinə məhz həmin səhvlərə diqqət yetirsinlər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) Maliyyə fakültəsinə 668.3 balla  qəbul olunan Şükür Elyazovun sözlərinə görə, Prezident təqaüdçüsü olacağına əmin idi:” Sınaq imtahanlarında göstərdiyim yüksək nəticələr məndə  özümə inam yaratmışdı. Eyni zamanda, buraxılış imtahanlarının da asan olmağı məndə arxayınlıqla yanaşı, daha da güclü qətiyyətlilik yaratdı ki, mən qəbul imtahanlarında da yüksək nəticə əldə etməyi qarşıma məqsəd qoyum”.

Şükür Elyazov abituriyentlərə tövsiyə edir ki, məqsədsiz hərəkət etməsinlər, öz potensiallarının fərqinə varsınlar. Onlara çox oxumaq, saatlarla kitabdan əl çəkməmək kimi tövsiyələr etmirəm. Sadəcə çalışmaq, hazırlıq dönəmində məsuliyyətli olmalarını tövsiyə edirəm.

Həmsöhbətimiz gələcəkdə maliyyə sahəsində proqramçı kimi formalaşmaq istədiyini də diqqətə çatdırdı.

Əziz tələbələr, bir daha sizi bu yüksək dəyərə layiq görülməyiniz münasibətilə təbrik edirik. Sizin timsalınızda bütün tələbələrə bundan sonrakı təhsil pillələrində uğurlar arzulayırıq! Sizinlə qürur duyuruq!

Yaqut Ağaşahqızı, “İki sahil”