10 oktyabr 2024 23:37
89

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib

Zaqrebdə Azərbaycanın Xorvatiyadakı Səfirliyinin və bu ölkədə fəaliyyət göstərən İqlim Dəyişikliyi üzrə Beynəlxalq İnstitutun birgə təşkilatçılığı ilə COP29-la bağlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Xorvatiya Xarici və Avropa İşləri Nazirliyinin, Ətraf Mühitin Mühafizəsi və Yaşıl Keçid Nazirliyinin, eləcə də digər dövlət qurumlarının rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, beyin mərkəzlərinin təmsilçiləri, ölkənin aparıcı şirkətlərinin rəhbərləri, Xorvatiyada iqlim dəyişikliyi üzrə fəaliyyət göstərən ekspertlər, həmçinin KİV nümayəndələri iştirak ediblər.

Tədbir zamanı, Azərbaycanın Xorvatiyadaki səfiri Anar İmanov, Azərbaycan Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini Şahin Şahyarov, Xorvatiyanın İqlim Dəyişikliyi Məsələləri üzrə baş danışıqçısı xanım Vişnja Qrqasoviç, İqlim Dəyişikliyi üzrə Beynəlxalq İnstitutun rəhbəri Marija Pujo Tadic çıxış edərək iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın vacibliyinə toxunub, COP29 zamanı müzakirə olunacaq məsələlər, Azərbaycanın sədrliyinin prioritetləri və irəli sürdüyü təşəbbüslər, beynəlxalq iqlim dəyişikliyinin yaratdığı fəsadlar və onların aradan qaldırılması səyləri, habelə Azərbaycanla Xorvatiya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq perspektivləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Tədbir zamanı edilən çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb, tədbir geniş müzakirələrlə davam etdirilib.

Həmçinin, tədbir zamanı COP29 və Azərbaycan haqqında videoçarxlar nümayiş olunub.