10 oktyabr 2024 10:44
326

“Euronews” telekanalı COP29 komandası barədə süjet yayımlayıb

“Euronews” telekanalı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri barədə süjet yayımlayıb.

“İki sahil” xəbər verir ki,  süjetdə COP29-a sürətli və dəqiq hazırlıq işlərinə rəhbərlik edən Azərbaycan Əməliyyat Şirkəti İdarə Heyətinin sədri Nərmin Carçalova və onun müasir infrastruktur sayəsində davamlı inkişaf məqsədlərinə uyğun olaraq bir ildən az müddətdə tədbirin keçirilməsini təmin etməyə nail olmuş komandasından bəhs edilir.

Süjetdə Nərmin Carçalova COP29-u Azərbaycan üçün mühüm mərhələ və qlobal iqlim həlləri üçün əhəmiyyətli platforma kimi qiymətləndirir. O, bu sammit vasitəsilə Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına nail olacağına və iqlim dəyişikliyi ilə mübarizə üzrə səmərəli tədbirlərin dünya miqyasında təşviqinə sadiqliyini nümayiş etdirəcəyinə ümid edir.

Nərmin Carçalova bakalavr dərəcəsini Azərbaycan Dillər Universitetində alıb. 2013-cü ildə ADA Universitetinin diplomatiya və beynəlxalq münasibətlər üzrə magistratura pilləsini bitirib. Daha sonra Harvard Kennedi Məktəbindən ictimai liderlik sertifikatı (“Public Leadership Credential”) alıb, 2021-2022-ci illərdə dünyanın ən nüfuzlu universitetlərindən birində - London Universitet Kollecində (UCL) dövlət idarəçiliyi üzrə magistr proqramını başa vurub, “Kənd təsərrüfatının dəstəklənməsi nümunəsindən istifadə edərək meşələrin qırılmasına təsir edən səbəblər” mövzusunda dissertasiya müdafiə edib. O, həmçinin 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 konfransı çərçivəsində sərgidə Azərbaycan pavilyonunun layihə rəhbəri olub.