10 oktyabr 2024 10:12
82

Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq tarix

Dövlət başçısı İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltmasından ötən bir il müstəqillik tariximizin Zəfər səhifələrini daha da zənginləşdirdi

15 oktyabr 2023-cü il. Prezident İlham Əliyev bu tarixdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan Bayrağını ucaltdı və Xankəndi şəhərindən xalqımıza müraciət etdi. Bu müraciət böyük Qələbəmizin doğurduğu qürur hissinin xalqımızla bölüşməsi idi: «Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.»

Cənab İlham Əliyev Prezidentlik dövrünün 20-ci ilində müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində Xankəndi şəhərində ailə üzvləri ilə səs verdi. Tariximizə növbəti qürur səhifəsi kimi yazılan bu hadisə şanlı Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının təqdimatı oldu. Onu da qeyd edək ki, bu il keçmiş məcburi köçkünlərin qayıdacağı ünvanlar sırasında Xankəndi şəhəri də var.

Azərbaycan xalqı 30 ildən çox öz böyük Qələbəsini gözləmişdir. Xalqımıza qələbə yaraşır. 30 ilə yaxın müddətdə torpaqlarımızın işğal altında, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına baxmayaraq Azərbaycan xalqı gələcəyə, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa olunacağı günə inamını itirmədi. Bu inama əsas verən dövlətimizin qətiyyəti, münaqişənin həlli ilə bağlı prinsipial mövqeyimizin dəyişməməsi, ən yüksək tribunalardan səsləndirilən bəyanatların real həyatda öz əksini tapması idi. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev bütün çıxışlarında bu əminliyi ifadə edirdi ki, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizdə yeni həyat başlayacaq.

Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yerini tuta bildi. Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır: «Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır. Bizim iqtisadiyyatımız dörd dəfədən çox artıb. Güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın olmalıdır, güclü ordun olmalıdır» söyləyən cənab İlham Əliyevin qeyd etdiyi kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirə bilər.

Azərbaycan Ordusu dörd il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi, eyni zamanda, ötən il cəmi 23 saat davam edən antiterror əməliyyatı gücümüzü göstərdi. Düşmən yenə də ağ bayraq qaldıraraq təslim oldu.

Azərbaycan xalqı həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. 44 günlük müharibə bu güvənin təqdimatı kimi də tarixə yazıldı.
Zəfərimizin Sərkərdəsi, ərazi bütövlüyümüzün bərpasının memarı kimi adı tarixə yazılan dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev qeyd etdiyimiz müraciətində onu da bildirmişdir ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.

Bu illər ərzində keçmiş Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Beynəlxalq təşkilatların qərar və qətnamələrində Azərbaycanın haqlı mövqeyi dəstəkləndi, Ermənistanın işğalçılıq siyasəti pisləndi. Baxmayaraq ki, bu qətnamələr saralmış kağız üzərində qaldı, əsas olan budur ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bu sənədlərdə öz əksini tapıb. Azərbaycanın döyüş meydanında qələbəsində bu illər ərzində yaradılan möhkəm hüquqi bazanın rolu inkaredilməzdir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edirdi ki, bir qarış torpağımız belə düşmənə verilməyəcək. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşıdır.

30 illik zaman keçdi. Azərbaycan hər zaman məsələnin sülh yolu ilə həllində maraqlı olduğunu bildirdi. Heç zaman qan tökülməsini istəməyən Azərbaycan dövləti 30 il qarşı tərəfdən ədalətli mövqe, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində münaqişənin həllini gözlədi. Cənab İlham Əliyevin vurğuladığı kimi, artıq son illərdə münaqişənin həlli ilə bağlı danışıqların aparılması heç bir məna daşımırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatları, təhqiredici addımları ilə açıq-aşkar münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını bildirirdi. Baxmayaraq ki, işğalçı Ermənistana havadarlıq edən dövlətlər münaqişənin hərb yolu ilə həllinin olmadığını bildirirdilər, Ermənistanın baş naziri bunun əksinə olaraq münaqişənin diplomatik həllinin mümkünsüzlüyünü bəyan edirdi. Azərbaycan dövləti, xalqı Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdə hücumlarından sonra artıq səbrin tükənməz olmadığını nümayiş etdirdilər. Müzəffər Ali Baş Komandan «Azərbaycan əsgəri, İrəli!» əmrini verdi. Azərbaycan Ordusu daim Ali Baş Komandanın bu əmrini gözləyirdi. Onların döyüş ruhu, şücaəti 44 günlük müharibə dövrünün gedişində özünün aydın mənzərəsini yaratdı.

Vətən müharibəsi Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə qalmaqdadır. Tarixi Zəfərimizdən 3 il sonra oktyabrın 15-də Azərbaycan Bayrağının Xankəndidə ucaldılması tarixi hadisədir. Dövlət başçısının xalqa müraciəti bugünümüz və gələcəyimizlə bağlı bütün məqamları özündə ehtiva edir.

Dövlət başçısı İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20 illiyində separatçılardan təmizlənən əzəli torpaqlarımıza səfəri və Azərbaycan Bayrağını ucaltması özündə mühüm mesajları ehtiva edir. Cənab İlham Əliyev Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Sərsəng su anbarının ərazisində oldu və Azərbaycan Bayrağını ucaltdı.

Reallıq budur ki, məhz 2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə Prezident seçilmiş cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Cənab İlham Əliyev yeni reallıqları yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, əxlaqi və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.

Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqa müraciətində o zaman Vətən müharibəsinin Azərbaycanın Qələbəsi ilə başa çatacağına əminliklə yanaşdığını bildirdi. Reallıq budur ki, Azərbaycan bütün istiqamətlərdə üstünlüyə malik idi. Cənab İlham Əliyev hər bir çıxışında bildirir ki, ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması Prezident kimi başlıca vəzifəm idi.

Zəfərimiz yeni-yeni hədəflərə yol açır. Quruculuq layihələri uğurla həyata keçirilir. Azərbaycan istər regionda, istərsə də dünyada siyasi mənzərəni dəyişdi. Kimin kim olduğu bir daha dünyaya açıqlandı. 44 günlük müharibə sözün əsl mənasında həqiqət anı oldu. Xankəndidən ünvanladığı müraciətində də «Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, həmin ölkələr o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Xocalı soyqırımı törədilmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. “Xocalıya ədalət!” hərəkatı geniş vüsət almışdır. O çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur.

«Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar!» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı etdi: «Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.»

Suverenliyimizin bərpasından, Azərbaycan Bayrağının Xankəndidə ucaldılmasından ötən bir il tariximizə daha möhtəşəm uğurları yazdı. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri genişlənir, soydaşlarımızın qayıdış ünvanlarının sayı artır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə suverenliyimizin tam bərpa olunduğu tarix- 20 Sentyabr - Dövlət Suverenliyi Günü, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü kimi təsis edildi. Dövlət başçısı İlham Əliyev bu tarixdə Xankəndi şəhərində Qarabağ Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşdü və bu məkandan mühüm çağırışlarını səsləndirdi. «İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz» söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev onu da bildirdi ki, quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır: «Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.»

Bu gün qürurla qeyd etdiyimiz «Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!» çağırışı indiyədək qazandığımız uğurların təqdimatıdır.

Yeganə Əliyeva, «İki sahil»