07 oktyabr 2024 22:43
701

Bölgələrdə əslən Qərbi Azərbaycandan olan təhsil işçiləri ilə görüş keçirilib

Lənkəran və Şirvan şəhərlərinin, Biləsuvar, Cəlilabad və Hacıqabul rayonlarının təhsil müəssisələrində çalışan əslən Qərbi Azərbaycandan olan bir qrup müəllim və texniki işçi ilə Lənkəran – Astara və Şirvan – Salyan Regional Təhsil idarələrinin əməkdaşlarının iştirakı ilə görüş təşkil olunub. Keçirilən tədbirlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məsul əməkdaşı Rövşən Ağayev iştirak edib.

Təşkil olunan görüşlərdə tədbir iştirakçılarına öncə Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən videoçarx nümayiş etdirilib.

Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbdə keçirilən görüşdə iştirak edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Anar Xammədov, Zəhmətabad kənd ümumi orta məktəbin psixoloqu Çinarə Həmzəyeva, Xırmandalı kənd 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Bayram Sultanov,  “Məhsul” qəzetinin baş redaktoru Qənbərəli Bağırov və digərləri çıxış edərək Azərbaycan torpaqlarında Ermənistanın uzun illər həyata keçirdiyi etnik təmizləmə, soyqırım və deportasiya siyasəti, həmçinin Qərbi Azərbaycan İcması və Qayıdış Konsepsiyası haqqında danışıblar.  Diqqətə çatdırılıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Qərbi Azərbaycana qayıdışın da siyasi və hüquqi əsasını qoymuşdur.  Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir Sərkərdəlik bacarığı sayəsində Vətən müharibəsində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi və ölkə başçısının Xankəndi və digər ərazilərimizdə bayrağımızı ucaltması dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Düşmən üzərindəki davamlı qələbələrimiz vaxtilə öz əzəli yurdlarından didərgin  düşən  Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırır.

Çıxışlarda xüsusilə Sovet hökumətinin rəhbərlərinin məsuliyyətsizliyi  və hərəkətsizliyi nəticəsində erməni vandalların azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən, onların zorla yurdlarından didərgin salınmasından söhbət açılmış, Ermənistandan vaxtilə qaçqın düşmüş həmvətənləri haqqında xatirələrini bölüşülmüş, onların Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində öz dədə-baba yurdlarına qayıdacaqlarına əminlik ifadə etmişlər.

Görüşdə iştirak edən Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova Ermənistandan qovulma siyasətinin həyata keçirildiyi vaxtlarda başlarına gətirilən hadisələrdən danışıb. Bildirib ki, İcmanın yerli nümayəndəliyi rayonun kəndlərində yaşayan Qərbi azərbaycanlılarla görüşlər keçirir,  nümayəndəliyin fəaliyyəti, görülən işləri təhlil edilir, qarşıda duran vəzifələrin müzakirəsi aparılır, həmçinin Qərbi azərbaycanlıların adət-ənənələrinin, folklorunun, mədəni dəyərlərinin təbliği istiqamətində müvafiq işlər aparılır. Bu kontekstdə qeyd etmək yerinə düşər ki, hazırda Biləsuvar rayonunda yaradılmış muzeydə həmin dövrə aid olan əşyaların sərgiləri təşkil edilmiş, hətta köçürülmə üçün onlara verilmiş bilet də həmin sərgidə yer almışdır.

Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova  bildirib ki,  rayonda yaşayan Qərbi azərbaycanlılar Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində öz evlərinə qayıtmaq ümidi ilə yaşayır və o günün gələcəyinə inanırlar. Bu baxımdan son illər Qərbi Azərbaycan İcmasının rayon təşkilatının fəaliyyətində müsbət dəyişikliklərin müşahidə olunduğunu, yerli əhalinin, o cümlədən təhsilverənlərin bu sahədə aparılan işlər barədə məlumatlandırılması üzrə keçirilən bu tədbirin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının Biləsuvar nümayəndəliyinin fəaliyyəti, mövzu ilə bağlı rayon ziyalılarının, sadə vətəndaşların yerli qəzetdə, zəruri halda ölkə KİV-də və sosial mediada işıqlandırılmasının məqsədəuyğunluğu təklif olunub.

* * *

Şirvan Şəhər Gənclər Evində Qərbi Azərbaycandan qaçqın düşmüş və hazırda Şirvan şəhərinin və Hacıqabul rayonunun təhsil müəssisələrində çalışan bir qrup təhsil işçiləri ilə təşkil olunmuş görüşü  giriş sözü ilə açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rövşən Allahverdiyev bu cür tədbirlərin ümumi mahiyyəti və məqsədinin strateji hədəflərindən danışaraq bütövlükdə ictimaiyyəti bu kimi məsələlərə daha çox diqqət yetirməyə çağırıb.

Ermənistanın Spitak rayonu Qursalı kəndindən qaçqın olan Qarasu kənd V.Mustafayev adına tam orta məktəbdə kiçik xidmətedici işçi kimi çalışan Lalə Əhmədova, Şirvan şəhər M.Osmanov adına 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Şeyda Xuduyeva, S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin müəllimi Hafiz Vəliyev, 2 nömrəli tam orta məktəbin təşkilatçı rəhbəri Sevil Nəzərova, 9 nömrəli tam orta məktəbin texnologiya müəllimi Mətanət Əliyeva, Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri Varis Qasımlı və digərləri çıxışlarında bildiriblər ki, azərbaycanlıların Ermənistandan deportasiya olunması tarixini artıq hər kəs bilir. Onların oradan qovulmasından sonra tarixi abidələrimizi və izlərimizi də məhv ediblər, toponimlərimizi dəyişib erməniləşdiriblər.

Qeyd edilib ki, əhalisi əsasən azərbaycanlılar olan Qərbi Azərbaycanda bu gün bir nəfər də azərbaycanlı yoxdur. Bu cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında hamı fəal iştirak etməlidir. Ermənistanın əsl simasını ifşa etməklə, Qərbi Azərbaycandan qovulan soydaşlarımızın doğma yurd-yuvalarına dönməsi istiqamətində hamımız bir nəfər kimi çalışmalıyıq. 

Şirvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı, Qərbi Azərbaycan İcmasının Şirvan şəhəri üzrə nümayəndəsi Barxudar Barxudarovun və nümayəndəliyin fəal üzvü, əmək veteranı Əziz Abbasovun çıxışçılarında vurğunlanıb ki, Qərbi Azərbaycan torpaqların əsl sahiblərinin azərbaycanlılar olduğunu sübut etməyə ehtiyac yoxdur, buna görə də Qərbi azərbaycanlıların Qayıdışı elə tarixi ədalətin bərpası olacaq.

Daha sonra iştirakçılar belə informativ görüşlərin davamlı keçirilməsinin və daha geniş auditoriyanı əhatə etməsinin vacibliyini qeyd edərək, Qərbi Azərbaycanla bağlı aparılan işlərdə tariximizin gənclərə, nəsildən-nəsilə ötürülməsində təhsil işçilərinin əhəmiyyətli rolunun olduğunu diqqətə çatdırıblar.

* * *

Lənkəran  şəhər 7 nömrəli tam orta məktəbdə görüşdə Qərbi Azərbaycanından qaçqın düşmüş və hazırda Lənkəranın, Cəlilabadın, Lerikin və Masallının  təhsil müəssisələrində çalışan bir qrup təhsil işçiləri ilə təşkil olunan görüşdə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev belə tədbirlərin vacibliyini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurun­da əzəli yurd yerimiz olan Qərbi Azərbay­can haqqında həqiqətlər həmişə önəmli yer tutur. Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı bir qrup ziyalı ilə görüşü və burada səsləndirdiyi fikirlər bir daha bunu təsdiq edir. Bu görüş təkcə tarixi, siyasi baxımdan deyil, eyni zamanda, mənəvi baxımdan da çox böyük əhəmiyyət kəsb edir. Bu səpkidə təhsilverənlər tərəfindən  gənclərə Qərbi Azərbay­canla bağlı  həqiqətlərin daha geniş şəkildə çatdırılması, tarixi ədalətin öz yerini tapması, Qərbi azərbaycanlıların ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtması barədə ətraflı məlumatlandırılması çox vacibdir.

Cəlilabad rayonu Şiləvəngə kənd tam orta məktəbin direktoru Sürəyya Məmmədova, Lerik rayonu üzrə təhsil sektorunun əməkdaşı Hicran İbrahimov, Masallı rayonu, Ərkivan kənd 3 nömrəli tam orta məktəbin müəllimi Dürdanə Sadıqovanın və əslən Qərbi Azərbaycandan olan digər görüş iştirakçılarının çıxışlarında onların və ailələrinin öz ata-baba yurdlarından məcburi şəkildə qovulduqları bildirilməklə, keçmiş SSRİ dövründə “sülh” şəraitində birgə yaşadıqları dövrlərdə də ermənilər tərəfindən onlara qarşı şovinist münasibət göstərildiyini, yaşadıqları ərazidə və çalışdıqları kollektivdə onlara nifrət dolu münasibət bəslənildiyini qeyd ediblər.

Çıxışlarda xüsusi vurğulanmışdır ki, Prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının irəli sürülməsi ölkədə bu mövzunun konseptual xarakter daşımasına səbəb olub. Bu da öz növbəsində Qərbi Azərbaycana qayıdış məsələsini milli ideyanın əsas hədəflərindən birinə çevirmişdir.

Tədbirdə Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin ali təhsil proqramlarına Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, folkloru, toponimləri, İrəvan Müəllimlər Seminariyası ilə bağlı dərs və seçmə fənlərin daxil edilməsi barədə təklifi müzakirə olunaraq yekdilliklə dəstəklənib.

Görüşdə cənub bölgəsində Qərbi Azərbaycandan olan vətəndaşlarla koordinasiya və kommunikasiya işlərinin qurulması və bu işdə operativliyin təmin edilməsi məqsədi ilə bölgə üzrə  nümayəndəyin təyin olması təklif edilib, həmçinin Qərbi Azərbaycandan olan təhsil işçiləri haqqında məlumatların, eləcə də onların mövzu ilə bağlı xatirələrinin toplanması və nəşr edilməsinin vacibliyi barədə fikirlər səsləndirilib.

R.Ağadədəbəyov