05 oktyabr 2024 13:40
135

Gələcəyin qurucuları

Gələcəyə toxum əkmək elə də asan iş deyil deyə düşünürəm. Əkdiyin toxumun cücərməsi, yetişməsi, bar verməsi, verdiyi barın faydalı olması çox önəmlidir. Bu proses səbr, qayğı və sevgi tələb edir. Həm də hər biri eyni olmur axı, hərəsinin öz abu-havası olur. Gərək hər birinə nəvazişlə yanaşasan. Unutma ki, bir işə necə başlasan, təməlini necə qoysan, elə də davam edəcək. Xüsusilə də bu iş bir insanın psixologiyası və gələcəyi ilə bağlıdırsa.

Artıq sizə bu yazının “baş qəhrəmanları”nın kimliyi aydındır. Öz həmkarları da daxil olmaqla, gələcəyin insanını və peşəkarlarını yetişdirənlər - müəllimlər. Elə bu səbəbdən müəllimlik peşəsi sözün əsl mənasında yüksək məsuliyyət və şərəf tələb edir. Gələcəyin qurucularını yetişdirmək və bunu ən yüksək səviyyədə etmək asan iş deyil. Üstəlik, bu proses baxça yaşlarından ali təhsil pilləsinə qədər davam edir. Müəllimlər həm də cəmiyyətin inkişafında mühüm rol oynayır, çünki onlar bilik və təcrübələrini gənc nəsillərə ötürərək onların formalaşmasına və inkişafına kömək edirlər. Bu işin yazıçı tərəfidir. Mənə “müəllimlik nədir?” sualı veriləndə, ağlıma 6-7-ci siniflərdə ilk dəfə məktəbin dəhlizlərində gördüyüm və o gündən sonra yaxşı mənada həyatıma işıq tutmuş Aygül müəllimə, daha sonra həyatımın ən məsuliyyətli dönəmində tanıdığım Məleykə müəllimə və Nigar müəllimə gəlir. Universitetə daxil olduqdan sonra isə ixtisas müəllimlərimiz olan, xatirəsi daim əziz olan Mübariz müəllim, Şahbaz müəllim, Fatma müəllimə, Fərqanə müəllimə, Günel müəllimə və Ofeliya müəllimə “müəllim” sözünü eşidəndə üzümdə yaranan gülüşün səbəbkarı oldular.

Bəli, müəllim də gülüşün səbəbkarı ola bilir, tələbəsinin xatirələrində xoş izlər buraxaraq. Amma müəllimdən yetim qalmaq da olurmuş…Mən bunu Mübariz müəllimin vəfatından sonra başa düşdüm…Amma bilirəm ki, onun xatirəsi daim qəlbimizdə yaşayacaq və bizə öyrətdiyi dəyərlər heç vaxt unudulmayacaq. Mübariz müəllim həmişə bizim üçün örnək olaraq qalacaq. Müəllim vəzifəsini layiqincə icra edənləri ürəkdən təbrik edirəm. Sizin zəhmətiniz və fədakarlığınız sayəsində gələcəyimiz daha parlaq və ümidverici olacaq. Təbriklər əziz müəllimlər!

Gövhər Mərdan,
Bakı Slavyan universiteti jurnalistika ixtisası üzrə 3-cü kurs tələbəsi