01 oktyabr 2024 14:45
95

“Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması” mövzusunda dəyirmi masa keçirilib

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

“İki sahil” xəbər verir ki, “GE Vernova” Konsaltinq xidmətlərinin kommersiya rəhbəri və strategiya lideri Gagan Porvalın moderatorluğu ilə keçirilən dəyirmi masada “Ədalətli keçid tərəfdaşlığı və investisiyaların stimullaşdırılması” mövzusu müzakirə edilib.

Tədbirdə çıxış edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib: “Ekologiya ilə yanaşı, iqtisadiyyatın inkişafı da dünyanın gələcəyi üçün önəmlidir. Biz burada insanların həyatda qalması və eyni zamanda, rifah içində yaşaması üçün müzakirələr aparırıq. Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-a qədər müzakirə üçün əlverişli platformadır”.

COP29-un Baş icracı direktoru, energetika nazirinin müavini Elnur Soltanov xüsusilə enerji təhlükəsizliyi və müstəqilliyi nöqteyi-nəzərdən ədalətli keçidin əsas prinsipləri haqqında danışıb. O, tərəfdaşlıq və qlobal əməkdaşlığın azkarbonlu enerjiyə ədalətli keçidin təmin edilməsi istiqamətində vacib addım olduğuna diqqət çəkib: “Təmiz enerji investisiyalarının bütün regionları əhatə etməsini təmin edərək, tərəfdaşlığın enerji təhlükəsizliyinə dəstək verməyin yollarına fokuslanmaq lazımdır. Məqsəd daha dayanıqlı enerjinin gələcəyi üçün cığır açaraq, inkişaf etmiş və inkişaf edən ölkələr arasında qlobal əməkdaşlığı genişləndirən strategiyaların hazırlanmasıdır. Biz yeni yaşıl enerji dəhlizlərini yaradırıq. Bu baxımdan Azərbaycanın üstünlüyü var. Yaşıl keçidi təmin etmək üçün əsas lazım olan liderlik, etimad və təcrübədir”.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev ədalətli keçidə verilən töhfələrin maksimum səviyyəyə çatdırılması imkanlarından söz açıb. Bildirib ki, Azərbaycan yanacaq infrastrukturu, şəbəkə bağlantıları və enerji istehsalı sahələrində transsərhəd əməkdaşlıq imkanlarını yaratmaq üçün əhəmiyyətli addımlar atır.

“Baker Hughes”in birinci vitse-prezidenti Alessandro Brescianinin sözlərinə görə, növbəti iki onillikdə enerji landşaftının bərpaolunan mənbələrdən əldə edilən enerjinin 50-60 faizi hesabına kəskin dəyişməsi gözlənilir.

“AzərEnerji” ASC-nin prezidentinin strateji layihələr üzrə müşaviri Adil Əliyev qabaqcıl təcrübələr və digər regionlarda oxşar əməkdaşlıqlar barədə məlumat verib.

“Petronas”ın birinci vitse-prezidenti Siti Rafidah özəl sektorların ədalətli keçidi sürətləndirmək istiqamətindəki rolundan danışıb.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının İnkişaf Səmərəliliyi İdarəsinin baş meneceri Mohammed Alyami deyib: “Maliyyə problemi çətinlik olaraq qalmaqda davam edir. Bəzi məsələlər enerji keçidi üçün düzgün texnologiyaların tətbiqi və ədalətli keçidi əsas prinsip kimi irəli sürmək baxımından lazım olan maliyyəni cəlb etmək səylərinə əngəl törətməkdə davam edir. Düşünürəm ki, bütün bunlar ətraflı şəkildə müzakirə edilib, öz həllini tapacaq”.

“PAŞA” Holdinqin Strateji idarəetmə departamentinin direktoru Teymur Hüseynov yüksəkkarbonlu enerji texnologiyalarına cəlb edilmiş işçi qüvvəsinin bu keçidin reallaşdırılması prosesinə daxil edilməsinin önəmindən danışıb, aşağıkarbonlu enerji texnologiyalarının tətbiqini sürətləndirməyin yollarından söz açıb.

Dünya Bankının enerji məsələləri üzrə baş mütəxəssisi Florian Kitt isə çıxışında deyib: “Şəbəkə enerji keçidinin dayaq sütunudur. Enerji dəyəri zəncirinin bu hissəsinə investisiya etmədən məqsədimizə nail olmaq mümkün deyil. Bu problemlə bağlı tədbirlər görülməlidir”.

“Masdar Azərbaycan”ın direktoru Murad Sadıxov qeyd edib ki, ədalətli keçidi əsas prinsip kimi irəli sürmək üçün lazım olan maliyyəni cəlb etmək vacibdir.

Dəyirmi masa müzakirələrlə davam edib.