30 sentyabr 2024 15:39
98

"Mossad" “Hizbullah”ın içinə necə SIZIB? - DETALLAR

“Mossad”ın keçmiş yüksək rütbəli zabiti Miri Eysin “Financial Times”a (FT) deyib ki, casuslar Livan “Hizbullah” hərəkatına qrupun İran və Suriya ilə əlaqələrini öyrənməklə daxil edilib. Onun sözlərinə görə, Hizbullah Suriyadakı vətəndaş müharibəsi üçün fəal şəkildə yeni döyüşçülər cəlb edib ki, bu da İsrail kəşfiyyatına bura casusları sızdırmaq imkanı verib.

“İki sahil” nəşrə istinadla xəbər verir ki, İsrail “Hizbullah”ın keçmiş baş katibi Həsən Nəsrullahı öldürmək üçün üç dəfə cəhd edib. Uğursuz cəhdlərdən sonra kəşfiyyat öz yanaşmasını əsaslı şəkildə dəyişib. Belə ki, “Mossad” təkcə Livan hərəkatının hərbi qanadına deyil, həm də qrupun siyasi ambisiyalarına diqqət yetirib.

Miri Eysin qeyd edir ki, Suriyadakı müharibə səbəbindən İsrail kəşfiyyatına çoxlu məlumatlar daxil olub. Onların arasında döyüşçülər, onların ölüm yerləri, eləcə də tanışları haqqında məlumatları açıqlayan “Hizbullah”ın nekroloqlarını qeyd edir. Qəzetin həmsöhbətinin sözlərinə görə, müxtəlif “Hizbullah” üzvlərinin dəfn mərasimləri ​​açıq şəkildə olub. Nəticədə hərəkatın yüksək səviyyəli komandirləri “kölgə”dən çıxıblar. Keçmiş yüksək səviyyəli Livan siyasətçisi nəşrə deyib ki, Suriya prezidenti Bəşər Əsədə vətəndaş müharibəsində kömək etməklə əslində İsrail kəşfiyyatına imkan yaradıblar.

“Le Parisien” qəzetinin yazdığına görə, “Hizbullah”ın baş katibinin Beyrutdakı qərargahında olması ilə bağlı məlumatı İsrailə bir iranlı casus verib. Sui-qəsddən əvvəl baş katib “Hizbullah”ın komandirlərindən birinin dəfn mərasimində iştirak edib. Bundan sonra baş katib qərargaha gedib və orada 12 hərəkat komandiri ilə görüşüb. Nəşrin məlumatına görə, İsrail xüsusi xidmət orqanları casusdan onların hamısının eyni otaqda olması barədə mesaj gözləyirmiş.

Xatırladaq ki, “Hizbullah”ın keçmiş baş katibi, son 32 ildə bu vəzifədə olan Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülüb. Onu məhv etmək üçün İsrail ordusu Nəsrullahın yeraltı bunkerinin yerləşdiyi əraziyə 80 hava bombası atıb.