20 sentyabr 2024 10:40
70

Ağdam Sənaye Parkına media-tur təşkil olunub

İşğaldan azad olunan Ağdamda yaradılan Sənaye Parkına media-tur təşkil olunub.

“İki sahil” xəbər verir ki, media nümayəndələrinə Sənaye Parkı, orada yaradılan müəssisələr barədə məlumat verilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov bildirib ki, dövlət başçısının iştirakı ilə Ağdam Sənaye Parkında 6 sənaye müəssisəsinin açılış mərasimi baş tutub. Yeni açılışı olan müəssisələr Sənaye Parkında elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, dam və fasad örtüklərinin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, divar kağızlarının, müxtəlif növ ayaqqabıların, avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı ilə məşğul olacaqlar.

Qeyd olunub ki, sözügedən 6 müəssisənin açılışı ilə ölkənin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı ümumilikdə 79-a çatıb. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək, ən əsası isə Qarabağın dirçəldilməsinə köməklik göstərəcək.

Fəaliyyətə başlayan yeni müəssisələr tərəfindən Ağdam Sənaye Parkına ümumilikdə 35 milyon manatdan çox investisiya yatırılıb, 400-dən artıq daimi iş yeri yaradılıb.

İşəgötürmə prosesində əsasən Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilib.

Bildirilib ki, Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci ən böyük Sənaye Parkıdır. Parkda ümumi investisiyalarının həcmi 238 milyon manat olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2045 iş yerinin yaradılması nəzərdə tutulur.