2024-cü ildə "ADEX" sərgisinin əhatə etdiyi bölmələr sırasına yeni bir sektor - kibertəhlükəsizlik əlavə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə “ADEX” və “Securex Caspian” sərgilərinin layihə rəhbəri Ülkər Qasımova 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" və 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi "Securex Caspian" sərgilərinə həsr olunmuş mətbuat konfransından çıxışı zamanı deyib.
O qeyd edib ki, 2024-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilk dəfə olaraq tədbirdə stendlə iştirak edəcək.
“ADEX" sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar,
hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsalting, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri və digər sektorlar təmsil olunacaqdır. 2024-cü ildə "ADEX" sərgisinin əhatə etdiyi bölmələr sırasına yeni bir sektor - kibertəhlükəsizlik əlavə edilib.
"ADEX" sərgisi ilə paralel olaraq təşkil edilən "Securex Caspian" sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək”,- deyə o bildirib.