19 sentyabr 2024 12:36
95

Bütün dövlət qurumlarında kiber hücumların simulyasiyasına başlanılacaq

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaxın vaxtlarda bütün dövlət qurumlarında kiberhücumların simulyasiyasına başlayacaq.

“İki sahil” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusunda keçirilən ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında deyib.

"Artıq neçə ildir ölkəmizdə kibergigiyena layihəsini həyata keçiririk. Burada iki əsas istiqamət mövcuddur. Bunlardan biri informasiya təhlükəsizliyi təqviminin hazırlanması və onun əsasında müəyyən seminarların təşkilidir.

Digər istiqamət isə kibergigiyena pilot layihəsinin həyata keçirilməsi idi. Kibergigiyena pilot layihəsi artıq yeni bir mərhələyə keçib. Söhbət praktik öyrənmədən reaktiv öyrənmə metoduna keçiddən gedir.

Belə ki, biz yaxın vaxtlarda bütün dövlət qurumlarında kiber hücumların simulyasiyası ilə onların reaksiyasını ölçməyi planlaşdırırıq. Bu metodla onların öyrənmə bacarıqlarını və reaksiya qabiliyyətlərini artırmağı hədəfləyirik", - deyə T.Məmmədov qeyd edib.