18 sentyabr 2024 15:21
140

Sumqayıtda iri sənaye kompleksi modernizasiyadan sonra istifadəyə veriləcək

Yaxın vaxtlarda "Azərkimya" İstehsalat Birliyinin balansında olan Etilen-polietilen zavodu Buxar Generator Kompleksinin effektivliyinin və istehsal gücünün artırılmasından sonra (modernizasiya) istifadəyə veriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə 12-ci Beynəlxalq “Caspian Energy Forum”unda çıxış edən Almaniyanın "Uniper" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rəşad Hüseynli deyib.

Onun sözlərinə görə, Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin və istehsal gücünün artırılması layihəsinin yerinə yetirilməsi bitmək üzrədir və hazırda işlər tamamlama-sazlama mərhələsindədir.

"Biz layihəni, demək olar ki, bitirmişik və hazırda tamamalama-sazlama işləri yerinə yetirilir", - Rəşad Hüseynli qeyd edib.

O, əlavə edib ki, layihənin istifadəyə verilməsi, çox güman ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfrasının 29-cu sessiyası (COP29) zamanı baş tutacaq.

Qeyd edək ki, SOCAR ilə Almaniyanın “Uniper” şirkəti tərəfindən yaradılan “SOCAR-Uniper” birgə müəssisəsi Sumqayıtda yerləşən Etilen-polietilen zavodunda Buxar Generator Kompleksini təmilləşdirərək enerji effektivliyinin 32 Mvt.s-dən 65 Mvt.s-yə çatdırılması layihəsini həyata keçirir. Quraşdırılan turbogenerator, “Azərikimya”nın Sumqayıt Elektrik Şəbəkəsindən aldığı elektrik enerjisi tələbatını tam ödəməkdən başqa, istehsal olunacaq artıq elektrik enerjisini SOCAR-ın və Sumqayıt şəhərinin digər müəssisələrinə ötürməsinin də bu yarımstansiya üzərindən həyata keçirilməsini nəzərdə tutur. Aparılan modernizasiya işləri nəticəsində, zavodun propilen üzrə illik məhsuldarlığı 90-100 tondan 187 min tona, etilen üzrə illik məhsuldarlığı isə 100-120 min tondan 192 min tona qaldırılıb.