18 sentyabr 2024 09:47
232

“Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş xalçaların kəsim mərasimi keçirilib

Dövlət Neft Şirkəti (SOCAR) ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə hazırlanan eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.

"İki sahil" SOCAR-a istinadən xəbər verir ki, şirkətin Baş ofisində təşkil olunan mərasimdə ilk öncə yeni kolleksiya ilə bağlı təqdimat edilib.

Çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf 2024-cü ilin müstəqil Azərbaycan tarixində mühüm əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlamətdar olduğunu vurğulayıb. O, Ümummilli Lider, enerji strategiyasının müəllifi Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış tarixi sənədin ölkənin hərtərəfli və dayanıqlı tərəqqisini təmin etməklə yanaşı, regional əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratdığını diqqətə çatdırıb.

SOCAR prezidenti bu əlamətdar hadisə ilə bağlı il ərzində şirkətin silsilə tədbirlər təşkil etdiyini, bu xüsusda, enerji siyasətimizdən bəhs edən markaların, “Əsrin müqaviləsi”nin 30-cu ildönümünə həsr olunmuş limitli xalça kolleksiyasının hazırlandığını qeyd edib.

Çıxış edən “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalq-tətbiqi sənəti və onun mühüm qolu olan xalçaçılığın milli mədəniyyət tariximizdə özünəməxsus yer tutduğunu vurğulayıb, “Azərxalça” ilə SOCAR arasındakı səmərəli əməkdaşlığın bu sahənin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

“Əsrin müqaviləsi”nin ölkəmizin hərtərəfli inkişafında önəmli rola malik olduğunu vurğulayan sədr bu əlamətdar hadisənin 30-cu ildönümü münasibətilə eksklüziv, limitli kolleksiyaya daxil olan müxtəlif ölçülü xalçaların hazırlanmasının SOCAR ilə “Azərxalça” arasında səmərəli əməkdaşlığın təzahürü olduğunu bildirib, birgə fəaliyyətin gələcəkdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.

Daha sonra xalçaların kəsim mərasimi keçirilib.