16 sentyabr 2024 23:58
146

Şəhidlik zirvəsi

2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Daşkəsən, Kəlbəcər, Laçın istiqamətlərində genişmiqyaslı təxribata yol verib. Odumuzun adları çəkilən ərazilərində olan bəzi mövqeləri, sığınacaqlar, dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Namərd dığaların təxribatı nəticəsində döyüşlər zamanı ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçüsü isə yaralanıb. Həmin döyüşlərdə Vətən, torpaq yolunda canını fəda edən qeyrətli oğullar cərgəsində Dövlət Sərhəd xidmətinin baş çavuşu Şəmistan Sadıxov da əsl qəhrəmanlıq nümunəsini göstərib. Vətənpərvərliyin ən ali məqamına yetişən, hər birisi polad biləkli Vətən sevdalıları yağıya layiqlı cavab verməklə, məkrdən doğan arzusunu ürəyində qoyublar.

1995-ci ildə Lerik rayonu, Əvilə kəndində dünyaya göz açan Şəmistan Əbdülağa oğlu Sadıxov uşaqlıqdan doğma Azərbaycanın hər qarış torpağına ürəkdən bağlanıb. Elə özünü bilən gündən insan həyatının dəyərini Vətənə, xalqa təmənnasız xidmətdə görüb. Götürdüyü müqəddəs yol qısa ömrünü yurduna, elinə-obasına məhəbbət mücəssəməsinə döndərdi.

Şəmistan 2013-cü ildə ordu sıralarına çağırılıb. Sülhməramlı kontingentin tərkibində Əfqanıstanın Kabil şəhərində bir il xidmət edib, NATO-nun medal və sertifikatlarını qazanıb. Daha sonra DSX-də xidmət etməyə başlayıb. İşlədiyi müddətdə “Küləyə qarşı” Bakı Beynəlxalq marafonunda Dövlət Sərhəd Xidmətini təmsil edərək “Xatirə” medalı alıb. Vətən müharibəsində Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində ağır müharibə meydanlarda dığalara qan qusdurub. Laçın dəhlizinə qədər şərəfli bir döyüş yolu keçib, mərdliyi, qəhrəmanlığı əsgər yoldaşlarına da nümunə olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Şəmistan Sadıxov Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan bayrağı" ordeninə və "Vətən uğrunda" medalına layiq görülüb

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü