12 sentyabr 2024 02:27
460

Köçəri türklərin qədim mədəniyyəti bəşər sivilizasiyasının dan yeridir

UNESCO-nun himayəsi altında keçirilən, Azərbaycanın və digər türk dövlətlərinin də təmsil olunduqları V Ümumdünya Köçəri Oyunları etnik idman növləri üzrə ən böyük beynəlxalq idman yarışları olmaqla Orta Asiyanın köçəri xalqlarının milli oyunlarına əsaslanır

Xəbər verildiyi kimi, Qazaxıstanda V Ümumdünya Köçəri Oyunları start götürüb. Paytaxt Astanada keçirilən festivalın proqramı çox zəngindir. Dünyanın 89 ölkəsindən 3000-ə yaxın iştirakçının qatıldığı Ümumdünya Köçəri Oyunlarında təkcə idman yarışları deyil, eyni zamanda, dünyanın 5 qitəsindən gələn sənətkarlar, idmançılar, mədəniyyət və incəsənət xadimləri də öz bilik və bacarıqlarını, məharətlərini nümayiş etdirirlər. V Ümumdünya Köçəri Oyunlarına, həmçinin türk dünyasının tarixini araşdıran alimlər və araşdırmaçılar da qatılıblar. Sentyabrın 7-də başlayan və bu ayın 13-dək davam edəcək V Ümumdünya Köçəri Oyunları “Köşpendilər aləmi” etnoaulunda keçirilir. Paytaxt sakinləri, qonaqlar və oyun iştirakçıları üçün etnoaulun bütün mədəni tədbirlərinə giriş və iştirak ödənişsiz, idman tədbirlərinə giriş isə biletlədir. Etnoaulun açılışı “Şattik kerueni” adlı möhtəşəm yürüşlə başlayıb. Etnoaul müxtəlif zonalara bölünüb: mərkəzi meydan, xalq musiqisi çadırı, açıq havada köçəri sivilizasiyalar muzeyi, idman tədbirləri sahəsi, milli mətbəx nümunələri, əsas səhnə və ölkə regionlarının etnoməskənləri. Həmçinin burada Şərq bazarı təşkil edilib və bazarda ölkənin 200-dən çox sənətkarı öz məhsullarını təqdim edir. Etnoaulda konsert proqramları və idman tədbirləri keçirilir, tanınmış incəsənət xadimləri və yerli estrada ulduzları çıxış edirlər. Ümumdünya Köçəri Oyunlarında idmançılar 21 idman növü üzrə 97 dəst medal uğrunda yarışır. Yarışlarda ölkəmiz 8 növdə - qazaq güləşi, manqala, aba, koreş, mas-reslinq, kuraş, alış, ənənəvi oxatma üzrə ümumilikdə 54 idmançı ilə təmsil olunur. Bu tədbir ənənəvi milli idman növlərinin, habelə xalqların mədəniyyətinin qorunub saxlanılmasında və inkişafında mühüm rol oynayır, eyni zamanda, mədəni müxtəlifliyin və dövlətlər arasında dialoqun təşviqinə kömək edir.

Tədbir çərçivəsində sentyabrın 10-da baş tutan “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi-praktik konfransda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun tərkibinə daxil olan üzv ölkələrin ümumi türk tarixinə verdiyi töhfələrdən danışıb. O, eyni zamanda, baş ofisin yerləşdiyi Bakının da bu ümumi mədəniyyətə, birliyə gətirdiyi yeniliklər və gələcəkdə ümumi türk mədəniyyətinin daha da inkişaf etməsi üçün birlikdə görəcəkləri işlər barədə öz fikirlərini bölüşüb. ABŞ-dan gələn 3D İnstitutunun direktoru Mark Hall Mərkəzi Asiyadakı köçəri xalqların mədəniyyətinin Amerikada yaşayan çoxsaylı xalqların mədəniyyətinə oxşar olduğunu, çöl mədəniyyətinə sahib insanların azadlıq ruhunun bir-birinə yaxınlığını söyləyib. Beynəlxalq elmi konfransda iştirak edən türk dünyasının tanınmış ziyalısı, Azərbaycanın qocaman diplomatı, tarix elmləri doktoru Həsən Həsənov “Qədim Azərbaycanın dövlət quruluşu modeli Türk sivilizasiyasının əsasıdır” adlı elmi çıxışında Oğuz yurdu Azərbaycanda bərqərar olan ilk dövlət quruluşundan, Oğuz xanın 6 oğlunun yaratdığı dövlətçilik modelindən, eləcə də tarixi və insanları yanıltmaq üçün, türk tarixinə zərbə və ləkə vurmaq istəyənlərin əli ilə ən qədim mədəniyyət və dövlətçilik ənənələri yaradan quzların, sonradan oğuz, ağuz adlandırılan xanlıqların adlarının düşmən qələmi ilə dəyişdirilərək “skif” kimi yazılmasını da türk tarixinə vurulan ləkə kimi qiymətləndirib.

Tarixi mənbələrdən də aydın olur ki, Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət olunmuşdur. Uzaq məsafələrə köçlər çadır-arabalar şəklindəki kağnılar üzərində gerçəkləşmişdir. Türklər yüzillər boyunca atlar və kağnılar üzərində nəhəng Avrasiya qitəsini bu ucundan o ucuna fəth etmişlər. Türklər bu köçlərdən sonra nəhəng dövlətlər yaratmış, dünyaya böyük mədəniyyət örnəkləri və abidələri ərmağan etmiş, bundan başqa dünyanın çeşidli bölgələrində bir-birindən qopuq düşmüş mədəniyyətləri də çulğaşdırmışlar. Bu səbəblə türklərin ayrı-ayrı coğrafi ərazilərdəki mədəniyyət, elm, texnika sahəsində bilgiləri də bir yerdən digərinə çatdırmaqda, bir araya gətirməkdə böyük rolları olmuşdur. Qərblilərin "köçəri" damğası vurduğu, aşağı mədəniyyət səviyyəsi kimi baxdığı bu mədəniyyət ünsürü qəsdən və bilərəkdən geri qalmış, gəlişməmiş bir mədəniyyət olaraq göstərilmişdir. "Barbar köçərilərin" yaşadıqları vəhşi çöl dedikləri yerləri bilərək mədəniyyətdən uzaq bölgələr olaraq göstərmiş, böyük Fərabilərin yetişdiyi Otrari, Dəşti-Qıpçaq çölünü bilərək görməzlikdən gəlmişlər. Halbuki, dünyanın ən qədim mədəniyyəti, ən qədim kəşfləri, ən qədim dövlətçilik ənənələri, ən qədim yasa (qanun) və törə (hüquq normaları) köç mədəniyyəti ilə əlaqədardır.

Bir faktı da xatırlatmaq yerinə düşər… 1970-ci ildə Qazaxıstanda İssık Göl civarında Esik kurqanında arxeoloji qazıntılar aparılır. Tapılan məlumat türk yazı dilinin tarixini 2500 il əvvələ aparır. Açılan məzardan çıxan əşyalar gözqamaşdırıcı olur. Məzarın bir türk vəliəhdinə aid olduğu anlaşılır. Vəliəhd məzara qızıl geyimi və qızıl tacı ilə qoyulubmuş... Belə qeyd edilir ki, Misir fironu Tutanohamanın məzarından sonra ən çox qızıl (4.800 parça) bu türk vəliəhdinin məzarından tapılıb. Ancaq türk tarixi üçün əvəzsiz dəyər bu qızıllar olmur. Əvəzsiz tapıntı yarısı oksidləşmiş gümüş tabağın üzərindəki iki sətirlik yazı olur. Yazı oxunur və tərcümə edilir. Aparılan radio-karbonik təhlildən “Orxon” hürufatlı yazının miladdan öncə V əsrə aid olduğu məlum olur. “Əşyaları araşdırarkən birdən arxeoloqun gözləri parıldayır. Gördüyü şeyə əlini uzadarkən barmaqları titrəyir. Bu işım-işım parlayan qızılların yanında diqqəti cəlb etməyən, yarısı xeyli qaralmış bir gümüş tabağ olur. Qazax tarixçisi bu gümüş tabağın bütün qızıllardan müqayisə olunmayacaq qədər dəyərli olduğunu bilir. Çünki gördüyü əşyanın üzərində naxış vardı. Bu naxış 26 hərfdən ibarət iki sətirlik yazı idi. Məlumat olduğu kimi “Komsomolskaya pravda”da dərc olunur. Orada yazılır: “Bu iki sətirlik yazı “lal-kar”olan əski çağı dilə gətirdi”. İyirmi altı hərflik iki sətirlik yazı bir qədər sonra kurqanda tapılan qızılları kölgədə qoyur. Çünki bu fakt türk tarixinin miladdan əvvəlki yüzilliklərinə işıq salır. Yazı Orxon əlifbası ilə yazılıbmış. Sovet türkoloqları yazını oxumaqda gecikmirlər. İki sətirlik yazının mənası belə olur: “Xanın oğlu 23 yaşında öldü. Esik xalqının başı sağ olsun”. Altun geyimli adamın məzarı ortaya çıxan kimi dünyanın bir çox türkoloqları Almatıya gəlir. O əvəzsiz məlumatlar təkrar-təkrar araşdırılır. Miladdan öncə  V yüzillikdə yaşamış bu vəliəhdin kimliyi aydın edilmir. Amma onun bir türk vəliəhdi və türk əsilli sakların hökmdarı olduğu fikrində birləşirlər.

İndi türklər köçəri millətdir, köçərilər tarix yarada bilməz deyənlər geri çəkilib. Çünki türk tarixinin eramızdan əvvəlki dövrlərini işıqlandıran məlumatlar var. Əllə tutulan, gözlə görünən və muzeyləri dolduran əsaslı faktlardan başqa, muzeylərə sığmayan, yüksək mədəniyyət nümunələri göz qabağındadır. Bu kimi faktların yenə də olacağı şübhəsizdir.

Sevinc Azadi, “İki sahil”