11 sentyabr 2024 00:11
386

Rusiyada xərçəng peyvəndi preklinik sınaqlardan keçirilib

Rusiyada xərçəng peyvəndinin preklinik tədqiqatları başa çatıb. Bu, innovativ dərmanı könüllülər üzərində sınaqdan keçirməyə yol açır.

Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, Səhiyyə Nazirliyinin baş onkoloqu və Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru Andrey Kaprin cümə günü “Russia Today” beynəlxalq multimedia mətbuat mərkəzində keçirilən mətbuat konfransında məlumat verib.

Kaprin bildirib ki, tədqiqatçılar preklinik sınaq mərhələsini uğurla başa vurublar.

Onun sözlərinə görə, icazə alındıqdan sonra saytda müvafiq tibbi göstəriciləri olan könüllülərin qəbulu ilə bağlı elan yerləşdiriləcək. Onların sınağa buraxılması ilə bağlı qərarı mütəxəssislər verəcək.

Xatırladaq ki, iyulun əvvəlində akademik Kaprin mRNT texnologiyası əsasında yaradılmış onkoloji vaksinin perspektivlərindən danışmışdı. Bu inkişafın mahiyyəti xəstədən şiş materialını toplamaq, onun xüsusiyyətlərini təhlil etmək və əldə edilmiş şiş "pasportu" əsasında fərdi peyvənd yaratmaqdır.

Nubar Süleymanova, “İki sahil”