09 sentyabr 2024 14:24
440

Məsləkdaşlar

Öz taleyini xalqın taleyi ilə bağlayan, öz səadətini xalqın xoşbəxtliyində görən sənətkar həmişə böyük hörmətə nail olmuşdur. Azərbaycanın musiqi sənətində inqilab yaratmış Üzeyir Hacıbəyov və Müslüm Maqomayev də bu cür xoşbəxt insanlar idi…

Səid Rüstəmov,
Azərbaycanın xalq artisti, pedaqoq, bəstəkar və dirijor

Sentyabrın 18-də Azərbaycan musiqi mədəniyyətinin inkişafında görkəmli yeri olan Üzeyir Hacıbəyov  və Müslüm Maqomayevin doğum günlərini qeyd edəcəyik.

Hər bir istedadın parlaması üçün çox zaman onun dünyaya göz açdığı və boya-başa çatdığı mühitin böyük təsiri, böyük rolu olur. Eyni ildə, eyni gündə dünyaya göz açan Üzeyir Hacıbəyov  və Müslüm Maqomayev də bu təsirlə öz həyat yolunu seçdilər və şirin arzular sorağında mübarizə meydanına atıldılar, mədəniyyətimizin tərəqqisi yolunda birgə addımladılar. Bir amal, bir məslək uğrunda mübarizə, vətəninə, doğma xalqına hədsiz məhəbbət və sədaqət taleyin xöşbəxt təsadüfi ilə eyni ildə, eyni ayda, hətta eyni gündə anadan olmuş iki istedadı- Üzeyir Hacıbəyov  və Müslüm Maqomayevi həmişəlik yaxınlaşdırmış, sözün həqiqi mənasında dost, qardaş eləmişdi.

Üzeyir Hacıbəyov  və Müslüm Maqomayev xalqımızın mədəniyyəti tarixinə əbədi daxil olmuşlar. Azərbaycan peşəkar musiqisinin inkişafı bu görkəmli musiqiçilərin adları ilə bağlıdır. Bu bəstəkarların çoxcəhətli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycanda milli bəstəkarlıq məktəbinin yaradılmasına kömək etmişdir. Bu məktəbin bir çox yetişdirmələrinin adı  indi bütün dünyada şöhrət qazanmışdır.

Azərbaycan xalq mahnı ənənələrini dərindən bilən Üzeyir Hacıbəyov  və Müslüm Maqomayev mütərəqqi rus və xarici ölkə bəstəkarlarının yaradıcılıq nailiyyətlərini diqqətlə öyrənmiş, yalnız Azərbaycan musiqi mədəniyyətinin deyil, eləcə də Zaqafqaziya, Yaxın və Orta Şərq ölkələri xalqlarının musiqi mədəniyyətinin inkişafında da böyük rol oynamışlar.

Hər iki bəstəkarın qəlbinə qüvvət və qüdrət verən ümumxalq məhəbbəti, ümumxalq köməyi olmuşdur. İstər opera və operetta əsərlərinin, istərsə də vokal və instrumental yaradıcılıqlarını geniş kütlələrə sevdirən də məhz həmin xəlqilikdir. Onlar həyatlarının son günlərinədək xalqdan ayrılmamış, öz musiqi dilini zənginləşdirərək yeni bədii formalar tapmışlar. Bu şəxsiyyətlərin yaradıcılığında operadan tutmuş kiçik romanslaradək musiqinin bütün formalarını görmək olar. Hər iki bəstəkar milli folklora böyük həssaslıqla diqqət vermiş, onun geniş və dərin tədqiqi üçün şərait yaratmışlar ki, bu hal da bəstəkarların dərin zəkaya, tükənməz yaradıcılıq ilhamına malik olmalarını sübut edir. Əgər  Üzeyir Hacıbəyov  Azərbaycan professional musiqisindən ibarət ölməz dastan yazmışdırsa,  Müslüm Maqomayev bu dastanlara heç vaxt təravətini itirməyən boylar, səhifələr əlavə etmişdir.

 Üzeyir Hacıbəyov özünün yaradıcılığı, maarifpərvərliyi və  göstərdiyi çoxcəhətli fəaliyyəti ilə Azərbaycan musiqisinin inkişafında yeni yol açmışdır. 1907-ci ildən 1937-ci ilədək 7 opera və 3 operetta yazan Üzeyir bəy əsrimizin musiqi tarixində mühüm yer tutur.

Azərbaycan mədəniyyətindən danışarkən milli liderimiz Heydər Əliyev öz çıxışında qeyd edirdi: “Üzeyir Hacıbəyov öz müstəsna qabiliyyəti, görünməmiş fədakarlığı, gözəl təhsili, vətənpərvərliyi, fəal ictimai-siyasi fəaliyyəti sayəsində xalqımızın ehtiram bəslədiyi ən görkəmli yaradıcı simalardan birinə çevrilib. O, dünya korifeylərinin ön sırasında Azərbaycanı ləyaqətlə təmsil edir... Üzeyir bəy bəşər mədəniyyəti tarixində sanki sönməz bir ulduzdur...).   

Müslüm Maqomayev musiqi aləminə XX əsrin əvvəllərində, Azərbaycanda milli mədəniyyətin, incəsənətin tərəqqisi naminə qabaqcıl ziyalıların böyük səylə çalışdıqları bir vaxtda qədəm basmışdır. Xalqın maariflənməsi, onun mədəni inkişafı üçün əlindən gələni əsirgəməmiş, var qüvvəsini bu işə sərf etmişdir. 1910-1911-ci ildən başlayaraq Üzeyir Hacıbəyov  və Müslüm Maqomayevin dostluğu daha da möhkəmlənmişdir, yeni musiqi mədəniyyəti uğrunda aparılan gərgin mübarizədə daha da bərkimişdi.  Onların yaradıcılıq xətlərindəki ardıcıllıq da məhz belə dostluq, yoldaşlıq, məsləkdaşlıq münasibətlərinin təsirindəndir.

1912-ci ilin sentyabrında Üzeyir bəy musiqi təhsili almaq üçün Moskvaya getdi. Onun əsərlərinin səhnə taleyi ilə məşğul olmaq isə Müslüm Maqomayevə tapşırıldı. Müslüm teatr və musiqi ilə bağlı bütün işləri tənzimləyir, məcrasına yönəldir, yorulmaq bilmədən var qüvvəsi ilə çalışırdı. O, pult arxasına keçir, hər bir tamaşanı böyük ustalıqla idarə edirdi. Üzeyirin Bakıda olmaması «Nicat» cəmiyyətinin bir sıra mənfəətpərəst üzvlərinin onun əsərlərinə kəskin hücumlarını gücləndirirdi. Bu hücumları dəf etməkdə Müslüm Maqomayev xüsusi səy və bacarıq göstərirdi.

Təhsil aldığı dövrdə Üzeyir bəy tez-tez öz məsləkdaşı ilə məktublaşırdı. Müslüm Maqomayev bilirdi ki, Üzeyir bəyin həm təhsil alması, həm də yeni əsərlər yaratması vacibdir. Bu halda onu  haqsız hücumlardan qorumaq lazım gəlirdi. Bütün bunları sənətkar qəlbi ilə duyan Müslüm Maqomayev məsləkdaşının qələminə də, sevincinə də şərik çıxırdı.

Bildiyimiz kimi, Üzeyir bəyin «Arşın mal alan» operettasının ilk tamaşası 1913-cü ildə səhnəyə qoyulmuşdur. Tamaşanın müvəffəqiyyətini təmin edən amillərdən biri də musiqiyə parlaq dirijorluq edilməsi idi. Pult arxasında Müslüm Maqomayev dayanmışdı. Bu onun dirijorluq fəaliyyətində 2-ci unudulmaz gün idi. Qeyd edək ki, Müslüm Maqomayev Azərbaycanın ilk peşəkar dirijorudur.

Bu iki sənətkar milli musiqi teatrının yaranmasının bütün ağırlığını öz çiyinlərində daşıyır, onun repertuarının zənginləşməsi üçün böyük işlər görür, milli səhnə kadrları yetişdirirdilər. Bu sənətkarları həmçinin ideya-bədii görüşlərinin, ictimai-siyasi fəaliyyət sahəsindəki yüksək məqsədlərinn ümumiliyi birləşdirirdi. Hər iki bəstəkar milli folklora böyük həssaslıqla diqqət vermiş, onun geniş və dərin tədqiqi üçün şərait yaratmışlar.

Şərq yaradıcılığının toplanması və lentə yazılması böyük əhəmiyyət kəsb edirdi. 1927-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayev tərəfindən tərtib edilən «Azərbaycan türk el nəğmələri» məcmuəsinin bu cəhətdən böyük əhəmiyyəti var idi.

Azərbaycan bəstəkarının simfonik musiqisi, bəstələdiyi mahnıları, dram tamaşalarına yazdığı musiqi mətnləri, nota köçürdüyü 300-ə yaxın xalq mahnı və rəqsləri və digər əsərləri milli musiqi mədəniyyətimiz tarixində silinməz, əbədiyaşar izlərdir.

M.Maqomayevin o illərdə kütləvi janrda yazılmış xeyli musiqi əsəri vardır. Bütün bunlara baxmayaraq, Ü.Hacbəyov kimi o da, iri həcmli əsərlər, yəni opera  yazmaq istəyirdi. Bu məqsədlə «Şah İsmayıl» operasını yazdı və əsər 1919-cu ildə (7 mart) tamaşaya qoyuldu. Bu opera xalq musiqisindən qidalandığına görə böyük uğur qazanmışdır. Bəstəkar sonralar etiraf edirdi ki, “.. Məqsədim Ü.Hacıbəyovun yazdığı operalar şəklində opera yaratmaq idi. Yanlız bircə fərq ilə ki, improvizasiya yerlərində muğamatlardan savayı bütün qalan parçalar yazdığım orijinal musiqi olmalıdır”.

 M.Maqomayev daim yeniliyə can atırdı. O, həm də Sovet Azərbaycanının kütləvi mahnılarını yaradan ilk bəstəkarlardandır. «Bizim kənd», «Aprel», «Zərbəçi yoldaşım», «Bahar», «Tarla» və s. belə mahnılardandır.

Sovet Hakimiyyəti illərində Azərbaycanda yeni musiqi janrlarının yaranması, çoxsəsli xorun və notla çalan xalq çalğı alətləri orkestrinin təşkili, ilk kantatalar, romanslar, simfonik və proqram əsərlərinin yaranması da Üzeyir Hacıbəyovun və Müslüm Maqomayevin adı ilə bağlıdır.

1931-ci ildə Azərbaycan xalq çalğı alətləri orkestrinin yaranması ilə əlaqədar olaraq Üzeyir bəy bu orkestr üçün ilk orijinal əsərlərini – Birinci və İkinci fantaziyaları yazdı. Daha sonra orkestrin repertuarını Müslüm Maqomayevin bir çox xalq mahnı və rəqsləri də  zənginləşdirdi («Əsgəranı», «Turacı», «Ceyranı», «Rəng şüştər» və s.).

Simfonik musiqi janrlarına xüsusi məhəbbət bəsləyən Müslüm Maqomayev, Azərbaycan xalq melodiyasından, musiqi folklorunun bir sıra nümunələrindən ustalıqda bəhrələnərək, simfonik orkestr üçün orijinal əsərlər yaratmışdır. Azərbaycan musiqi folklorunun Avropa musiqisi ilə sintezi bəstəkarın 1935-ci ilin 24 dekabrında tamaşaya qoyulmuş «Nərgiz» operasında xüsusilə qabarıqdır. Bu hər şeydən əvvəl, Azərbaycan opera səhnəsinə də ilk dəfə inqilabi mövzunun gətirilməsi, kəndli qızının, çobanın və fəhlənin operada əsas surətlər kimi çıxış etməsi ilə əlamətdar olmuşdur. Azərbaycan bəstəkarının bu operası həmçinin, muğam improvizasiya çərçivəsindən tamamilə azad olan ilk operadır və Müslüm Maqomayev yaradıcılığının zirvəsidir.

Üzeyir bəy Müslüm Maqomayevin Azərbaycan incəsənətində göstərdiyi fədakarlıqlardan danışarkən qeyd edirdi:

«Müslüm Maqomayev Azərbaycan musiqi sənəti yolunda qarşıya çıxan hər cür maneələri  amansızcasına qırıb atan, ruhən və arzularına görə xalq sənətkarı, əsl realist, cəsarətli novator idi».

Göründüyü kimi, Üzeyir Hacıbəyovla Müslüm Maqomayev Azərbaycan professional musiqisinin başında durmuş, professional musiqimizin gələcək inkişafının bünövrəsini qoymuşlar. Üzeyir bəyin tələbələrinin sözləri ilə desək,

«Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin musiqi rəşadətinin və insani hünərinin əzəməti, onların fəaliyyətinin Azərbaycan incəsənəti üçün əhəmiyyəti gözümüz qarşısında canlanır. Qəlbimiz Azərbaycan xalqının bu iki oğluna məhəbbət və minnətdarlıq hissi ilə coşur. Onlar Azərbaycan xalqının  mədəniyyəti tarixinə ən parlaq səhifələrindən birini yazmışlar. Bu səhifə keçmişin epizodu kimi deyil, müasir dövrün canlı mənzərəsi kimi indiyədək çox böyük maraq oyadır» (F.Əmirov).

Təranə Həsənova,
Üzeyir Hacıbəyovun ev-muzeyinin kiçik elmi işçisi