05 sentyabr 2024 13:04
420

Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə ölkəmiz 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, sərgidə nazirliyin nümayəndələri və uşaq yazıçısı Solmaz Amanova iştirak edirlər.

Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.

Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti və kitab sənəti barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.

Sərgi çərçivəsində 6 sentyabr tarixində yazıçı Solmaz Amanovanın “Kitab sənəti” müsabiqəsində 2 nominasiya üzrə (“Qran-pri” mükafatı və 1-ci yer) mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, Belarus Respublikasının fəxri qonaq ölkə olduğu Moskva Beynəlxalq Kitab Sərgisi sentyabrın 4-də başlayıb, 8-ə kimi davam edəcək.