05 sentyabr 2024 01:57
321

Makronun uğursuz gedişləri və…

Fransa müxalifəti demokratiyanın müdafiəsinə sadiq olan hər kəsi, siyasi təşkilatları, birlik və assosiasiyaları sentyabrın 7-də avtokratiyaya qarşı nümayişə qoşulmağa səsləyib

Son vaxtlar Fransada baş verən iğtişaşlar, ölüm hallarının artması və irqi-ayrı seçkiliyin geniş vüsət alması Emmanuel Makron hakimiyyətinin sonunu yaxınlaşdırır. Bir tərəfdən də Makronun məsuliyyətsiz bəyanatları, mətbuata verdiyi müsahibələr, xalqın istəyinə zidd qərarları Fransa vətəndaşlarını təngə gətirib. Bütün bunlar Fransada etiraz dalğasını getdikcə alovlandırır, polislə yerli əhali arasında qarşıdurmanı daha da gücləndirir. Yelisey Sarayında hesab edirlər ki, təhlükəsizlik qurumlarının etirazçılara qarşı zorakılığa əl atması, onları gözyaşardıcı qazlara qərq etməsi və digər üsullarla susdurmağa çalışması onları gec-tez aksiyalardan çəkindirəcək. Lakin bütün bunlar əhalini mövqeyindən döndərmir, əksinə, Makron hakimiyyətinə etiraz edənlərin sayı getdikcə artır. Ölkədə aparılan rəy sorğularının nəticələri göstərir ki, vətəndaşlar Makron hakimiyyətindən canlarını qurtarmaq istəyirlər. Makron hakimiyyəti son vaxtlar Fransa Konstitusiyasını da kobud şəkildə pozmaqda ittiham olunur. Belə ki, Prezident Makronun partiyası son parlament seçkilərinə məğlub olaraq, ali qanunverici orqanda əvvəlki ilə müqayisədə 90 yer itirib. Ona görə də indi qanuna əsasən, Prezident E.Makron seçkidə qalib gəlmiş rəqib siyasi düşərgənin Baş nazir postuna namizədini təsdiqləməkdən imtina edir. Bu səbəbdən də müxalif düşərgənin lideri Jan-Lyuk Melanşon Prezident E.Makronu “avtokrat” adlandırmaqla yanaşı, Fransanı ölkədaxili xaosa sürükləmədə suçlayıb. Bu, o deməkdir ki, Fransada Makron hakimiyyətinə qarşı etiraz dalğası yaxın vaxtlarda daha təhlükəli həddə çatacaq. Bu prosesdə seçkinin qalibi olan müxalifət düşərgəsinin daha fəal iştirakı isə Fransanı daha dərin siyasi böhrana düçar edə bilər.

Təsadüfi deyil ki, Fransada müxalifət artıq Makrona qarşı impiçmentə başlayıb. Belə ki, solçu “İtaətsiz Fransa” Partiyası Prezident Emmanuel Makronun impiçment proseduruna başlayıb. Bu barədə "X" sosial şəbəkəsində partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib. “Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, Prezidentə qarşı impiçment elan edilməsi haqqında qətnamə layihəsi deputatların imzalaması üçün göndərilib. Makron seçicilərin etdiyi seçimə tabe olmaq və hökumətin formalaşdırılmasını sol qüvvələrə həvalə etmək istəmir, buna görə də biz onu kənarlaşdırmalıyıq”, - o yazıb. Qeyd edək ki, Fransa Konstitusiyasının 68-ci maddəsi Fransa Prezidentinin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur. Bu, parlamentin qəbul etdiyi qanunların təsdiqindən imtinaya da aiddir. İmpiçment təşəbbüskarları birinci mərhələdə 58 deputatın (aşağı palata heyətinin onda biri) imzasını toplamalıdır. Bundan sonra palatanın bürosu qərar layihəsinin baxılmaq üçün qəbul edilib-edilmədiyini müəyyən etməlidir. Daha sonra layihə müvafiq komissiya tərəfindən təsdiqlənməlidir. Qətnamənin təsdiqi üçün Milli Assambleya deputatlarının üçdə ikisi onun lehinə səs verməlidir. Sonra layihə parlamentin Senatına (yuxarı palata) təqdim edilir. Hər iki palata sənədi dəstəkləsə, deputatlar və senatorlar birgə iclasa toplaşmalıdırlar. İmpiçment üçün qətnaməni iki palatanın 925 üzvündən azı 617-nin dəstəkləməsi zəruridir.

Bu günlərdə “Əyilməz Fransa” (La France insoumise-LFİ) Partiyası bir çox Tələbə Həmkarlar İttifaqı təşkilatlarına Emmanuel Makronun güc tətbiqinə qarşı nümayiş çağırışı edib. Makron Baş nazir təyinatı ilə bağlı məsləhətləşmələrindən sonra Yeni Xalq Cəbhəsinin (NFP) başçılıq etdiyi hökumət fərziyyəsini rədd etdikdən sonra “Əyilməz Fransa” Partiyası etiraz nümayişlərinə çağırış barədə bəyanat yayıb. LFİ Tələbə Həmkarlar İttifaqı təşkilatlarını, Ali Məktəblər Birliyini (USL), həmçinin demokratiyanın müdafiəsinə sadiq olan siyasi təşkilatları, birlik və assosiasiyaları sentyabrın 7-də avtokratiyaya qarşı nümayişə qoşulmağa səsləyib. Radikal sol partiya vəziyyətin müstəsna ciddiliyi qarşısında Fransa cəmiyyətindən sərt reaksiya tələb edib. “Respublika Prezidenti seçkilərin nəticələrindən və qanunvericilik orqanına seçkilərdə qalib gələn NFP hökumətindən imtina etməklə demokratiyanı ciddi təhlükə altına qoyur. Vəziyyətin fövqəladə ciddiliyi ilə üzləşdiyimiz üçün biz Fransa cəmiyyətini sərt reaksiya nümayiş etdirməyə çağırırıq. Gənclər təşkilatlarının, Tələbə Həmkarlar İttifaqının və Liseylər Birliyinin 7 sentyabrda Emmanuel Makronun güc aktına qarşı böyük nümayiş çağırışına qoşuluruq. Ümid edirik ki, demokratiyanın müdafiəsinə sadiq olan siyasi və assosiativ qüvvələr bu çağırışa qoşulacaqlar”, - deyə bəyanatda vurğulanıb.

Sevinc Azadi, “İki sahil”