04 sentyabr 2024 12:17
570

Yaxşı kişinin nağılı

Ağaqulu Niftəliyevin 80 illiyinə...

Aranda doğulsa da, dağ adamına daha çox oxşayır. On görə ki, kölgəli adamdı. Axı deyillər aranın kölgəsi olmur, aranda insan arana kölgə salır. Ancaq qoy dağlar da yadından çıxarmasın ki, bəzən bir insanın kölgəsində yüzlərlə adam sığınacaq tapır və bu kölgə dağların arana saldığı kölgə kimi heç də qaranlığa çevrilmir. Haqqında danışmaq istədiyim Ağaqulu Niftəliyev də belə kişilərdəndir...   

Nə yaxşı ki, bu dünyada yaxşılar var. Yaxşı insanlar dünyamızı daha da gözəlləşdirirlər. Onların kiçik bir təbəssümü, yardımları və mərhəməti bəzən ən çətin anlarda birinə ümid və güc verir. Belə insanlar ətrafımızda olmasa, həyatın rəngləri soluxar, dünya daha soyuq və çətin görünərdi. Yaxşı adamlar elə nağıl kimidir. Onlara biri vardı və həmişə də var olaraq qalacaq demək daha düz olar. Deyirlər, yaxşı adamlar cənnətə düşməz, onların düşdüyü yer cənnət olar. Bu mənada sağlığında cənnəti qazananlardandı Ağaqulu Niftəliyev. Çünki Ağaqulu müəllimdən söz düşəndə tanıyanlar onu birmənalı şəkildə yaxşı kişi kimi xarakterizə edirlər.

Dağ vüqarlı bu kişi ömrünün səkkiz onilliyini də gənclik şövqü ilə yola salır. O, bu dünyaya Ucarın Boyat kəndindən yola çıxanda İkinci Dünya müharibəsinin qurtarmağına hələ səkkiz ay qalırdı. Dünyanın belə ağrılı, kədərli vaxtında dünyaya səs salmaq da hər oğulun qismətinə düşmür.

Onun doğulduğu Boyat “Kitabi-Dədə Qorqud” dastanında hadisələrin başlanğıc və cərəyan etdiyi coğrafi adlardan biridir. Azərbaycan xalqının formalaşmasında əsas tayfalardan biri də Bayat tayfası olub. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşıb. Bu mənada Ağaqulu Niftəliyevin müdrikliyinün, ağsaqqallığının haradan qanaqlandığı başadüşüləndir.

Onun dünyaya gəlişi yayın axırlarına - sentyabrın 5-nə düşüb. Sentyabrın yarıdan çoxu yayın payına düşsə də, nədənsə bu ay payızdan sayılır. Bəlkə də, elə bu səbəbdəndir ki, Ağaqulu müəllimdə yay istiliyi də var, payız soyuqluğu da.

Dünyada yaşayan insanların sayı nə qədərdisə, o qədər də dil var deyirlər.  Bu gün doğulan hər körpə uşaqla dünyaya yeni bir dil doğulur. Xalq havayı yerə demir ki, “filankəsin” dilini tapmaq lazımdı. Bu mənada Ağaqulu müəllimin dilini tapmaq çox sadədir, hamının başa düşdüyü bir dildi, uşaqla uşaq dilində, böyüklə böyük dilində danışmağı bacarır.

İnsan oğlu doğulandan ölənədək özünə tərcümeyi-hal yazır. O, bunu özü istəmədən yazır. Adam var, onun tərcümeyi-halı özündən çox-çox böyük görünür, oxuyursan qurtarmır, oxuyursan, o adam gözündə böyümək əvəzinə daha da kiçilir. Adam da var onun tərcümeyi-halı çox qısadır, beş-on sözlükdür, birnəfəsə oxunur, bütün detalları ilə yadda qalır. Ömrü boyu tərifdən, boş-boş sözçülükdən uzaq olan Ağaqulu Niftəliyevin də tərcümeyi-halı belədir:  

1950-ci ildə doğulduğu Ucarın Boyat kəndindəki yeddiillik məktəbin 1-ci sinfinə gedib. 1957-ci ildə oranı bitirib Göyçay Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi Texnikumuna daxil olub. Texnikumu bitirdikdən sonra istehsalatda və kəndlərindəki məktəbdə çalışıb. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub. Ali təhsilini başa vurduqdan sonra təyinatla Saatlı rayonuna ədəbiyyat  müəllimi göndərilib. 1971-ci ildə Bakıya qayıdaraq bir müddət Təhsil Nazirliyinin Təchizat İdarəsində işləyib, sonra isə “Azərbaycan gəncləri” qəzetində əvvəl ədəbi işçi, sonra isə şöbə müdiri vəzifəsində çalışıb. 1978-ci ildə Bakı Ali Partiya Məktəbinə qəbul olunub. 1980-ci ildə bu məktəbi bitirərək “Kommunist” qəzetində ( hazırkı “Xalq qəzeti”)  baş müxbir vəzifəsində işə başlayıb. Sonra isə orada şöbə müdiri kimi fəaliyyətini davam etdirib. 1997-ci ildən AZƏRTAC-da müxbir, sonra isə bölmə müdiri kimi fəaliyyət göstərib. O, burada işlədiyi 17 il ərzində həm də AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

O,  agentliyin Həmkarlar İttifaqı Komitəsinə sədrlik edərkən özünəməxsus bir ədalət meyarı yaratmışdı. Hər ay 3 əməkdaşa yardım yazırdı. İndi də həmkarlarımızın çoxu deyir ki, heç xəbərimiz olmadan Ağaqulu müəllimin işçisi İsabala gəlirdi ki, bəs sənə yardım yazmışıq, buyur pulunu.    

Qəribə idi ki, agentliyin köhnə binasında bütün otaqlar 1 qapılı olduğu halda onun otağının 2 qapısı vardı. Ən maraqlısı da o idi ki, bu iki qapı birqapılı çox otaqlardan daha rahat keçilirdi.

Gördüyü işlərin müqabilində Ağaqulu Niftəliyev bəzi fəxri adlar, mükafatlar da alıb. Belə ki, 2000-ci ildə AZƏRTAC-ın 80 illiyində ölkə başçisinin müvafiq Sərəncamı ilə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. AZƏRTAC-ın 85 illiyində isə informasiya işinin təşkili və mətbuatın inkişafındakı xidmətlərinə görə ölkə başçısının sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. 2013-cü ildə “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubileyi döş nişanı”na layiq görülənlər arasında o da olub. Mən hələ aldığı digər çoxsaylı fəxri fərmanları, medal və təşəkkürnamələri saymıram. Bilirəm ki, saysam özünün də xoşuna gəlməz. Ona görə ki, həmişə Məmməd Arazın bu misrasını misal çəkirdi “Şöhrətini yaşadan az yaşayır...”

 Özü həmişə deyir ki, ipə-sapa yatmayan, çox nadinc, olduqca emosional biri olub. Amma ədəbiyyat, kitab onu  elə rəndələyib ki, özü də bilmədən bütün xarakterini dəyişib.

Tanıdığım tək-tək adamlardandı ki, bu qədər mütaliə edib. İstər dünya ədəbiyyatı olsun, istərsə də Azərbaycan. Deyərdim ki, onun qədər oxuduqlarını yadda saxlayıb bu qədər yerli-yerində misal gətirən az-az adam tapılar. Ağaqulu Niftəliyev demək olar ki, hər gün oxuyub öyrənirdi. O qədər oxumuşdu, o qədər çox şey bilirdi ki, yazmaq onun üçün çətinləşmişdi.        

Onunla hər söhbətdən götürəcəyin, öyrənəcəyin çox şeylər var. Hər söhbət gələcəyə bir işıq, bir körpü salır. Tanıyanlar yaxşı bilir ki, o, həmişə and içəndə “bərəkət haqqı” deyir. Bilirsiniz niyə, axı o, çörəyin “Qurandan” əvvəl gəldiyini yaxşı bilir. Ağaqulu Niftəliyev bütün ömrü boyu başqalarının uğurunu özününkü sayaraq onların uğuruna sevinməyi bacarıb. Bu, Ağaqulu müəllimə Allahın bəxş etdiyi ən nəcib istedadlardandı.

Çox maraqlı tövsiyələri var. Təəssüf ki, bir çoxunu unutsam da, biri heç yadımdan çıxmaz. Deyir: “Əgər sənin deyəcəyin bir kəlmə xoş söz kiminsə üzünü güldürəcəksə, onu heç vaxt o adamdan əsirgəmə”.

Ağaqulu Niftəliyev həm də bir sülh adamıdı, onun missiyasında barışdırmaq, görüşdümək, düzüb-qoşub razılığa gətirmək var.

Mən nə filosofam, nə ilahiyyatçı, amma insanların bir qədər bu dünyada çox yaşamasının mənim düşüncəmdə çox böyük hikməti var. İki halda insan bu işıqlı dünyada bəzən çox qala bilir. Birinci cəza kimi, ikinci elədikləri yaxşılıqlara mükafat əvəzi. Tam əminəm ki, Ağaqulu Niftəliyevə bu ömür mükafat kimi verilib.

Qədim müdriklər söyləyib ki, getmədiyin yer sənin deyil. Bəlkə də, o, bu səbəbdən tez-tez yolunu doğulub boya-başa çatdığı Ucardan salır.

Deyirlər ki, xoşbəxtlik nisbidir, saatla, günlə, bəzən də anla gəlir. Deyə bilmərəm, onun bu yaşadığı 960 ayın payına neçə gün, neçə saat xoşbəxtlik düşüb. Amma bildiyim odur ki, o, övladları, nəvələri, dürüstlüyü, sadiqliyi, nəfsinə hakimliyi, ən əsası isə könül rahatlığı ilə xoşbəxtdir. Allah bu xoşbəxtlikləri ona çox görməsin. Yüz illik yubileyində görüşmək ümidi ilə onu təbrik edirəm.

Abdulla Suvar,
AZƏRTAC-ın müxbiri