28 avqust 2024 09:23
267

Azərbaycan və Özbəkistan arasında etibarlı münasibətlərin göstəricisi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın müxtəlif dövlətlər, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu baxımdan Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür.

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin oktyabrın 2-də qurulub. Həmin vaxtdan başlayaraq, əlaqələr getdikcə daha da möhkəmlənib.

Qeyd etmək istəyirəm ki, prezident İlham Əliyev son iki ildə Özbəkistana beş dəfə səfər etmişdir və hər bir səfər dövlətlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini vermişdir. Möhtərəm prezidentimiz mətbuata bəyanatında bu münasibətlərin mühüm geosiyasi amil olduğunu vurğulayaraq demişdir: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”. Prezident istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının Azərbaycana qardaş dəstəyindən söz açaraq bildirmişdir ki, Özbəkistan ilk ölkədir ki, prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək etmişdir. Bir il əvvəl, avqustun 23-də Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəb açılmışdır ki, bu, Azərbaycan və Özbəkistan arasında gözəl münasibətlərin simvoluna çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 22-23-də Özbəkistana dövlət səfəri bu ölkənin mətbuatı tərəfindən geniş şəkildə işıqlandırılmaqdadır.Bir sıra yerli və xarici mətbuat saytlarında dərc olunan materialda Özbəkistan və Azərbaycan liderləri arasında yaxın dostluq münasibətlərinin olduğu, bunun dövlətlər arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük imkanlar yaratdığı vurğulanır. Diqqətə çatdırılır ki, hər iki ölkə beynəlxalq iqtisadi layihələri birgə həyata keçirməyə başlayıblar.

Azərbaycan və Özbəkistan arasında enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlıq əlaqələri mövcuddur. Bu münasibətlərin inkişafı dövlətlər arasındakı əlaqələri yaxınlaşdırmaqla yanaşı, iqtisadi baxımdan da tərəflərə faydalı olacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan səfərində iki ölkə arasında müttəfiqlik münasibətləri əsasında bir sıra sənədlər imzalanıb. İmzalanan sənədlər iki ölkə arasında insan hüquqlarının qorunması, iqtisadi ticarət, mədəniyyət, turizm və digər sahələri əhatə edir.

Rusiya saytlarının məlumatlarına Prezident Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev iri tikinti layihələrinin əsasını qoyublar. İki ölkə arasında dəyəri 2 milyard dollar olan müqavilələr imzalanıb. İmzalanan müqavilələrə əsasən, Daşkənddə mehmanxana və yaşayış kompleksləri, Azərbaycanda isə tikiş və digər istehsal sahələri inşa olunacaq. Bu layihələr hər iki ölkədə yeni iş yerlərinin yaradılmasına və əhalinin sosial-iqtisadi inkişafına böyük təkan verəcək.

Müttəfiqlik münasibətləri haqqında müqaviləni iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd kimi dəyərləndirən prezident İlham Əliyev demişdir: “İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

Möhtərəm prezidentimiz İlham Əliyev   öz çıxışında Azərbaycanın suverenliyinin tam təmin olunmasını bir daha dünyaya bəyan edərək: “Təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ işğal olunmuş ərazilərin azad olunması idi. Azərbaycan xalqının tarixi nailiyyəti ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsidir”, - demiş və “Böyük Qayıdış” proqramının kifayət qədər genişmiqyaslı olmasını vurğulayaraq  bu istiqamətdə görülən və görüləçək işlərdən də danışmışdır.

Prezident İlham Əliyevin Özbəkistana bu səfəri Azərbaycan və Özbəkistan arasında etibarlı münasibətlərin göstəricisi kimi tarixə düşəcəkdir.

Aygün Babayeva,
24 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rauon təşkilatının üzvü