27 avqust 2024 00:15
406

Azərbaycanın-Türkiyə həmrəyliyi “Yaşıl Vətən”in keşiyində

Artıq bir neçə gündür ki, bütün Türkiyə çoxsaylı yanğın ocaqları ilə mübarizə aparır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında yenidən baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Təyyarə yenidən mavi səmaları yara-yara böyük əzmlə “Yaşıl Vətən”in keşiyinə qalxıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib. Ölkə başçısı bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində danışıb. "Bir millət, iki dövlət anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın Prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə "BE-200ÇS" tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik", - deyə o vurğulayıb.

Təəssüf ki, son illər bütün dünyada olduğu kimi, Türkiyədə də meşə yanğınlarına tez-tez rast gəlinir və bu, təbiətə, iqtisadiyyata, insanların rahatlığına böyük zərbə vurur. Anadolu Agentliyinin məlumatına görə, Türkiyədə 1937-ci ildən 2020-ci ilədək ümumilikdə 114 min 941 meşə yanğını təsbit edilib. Bu sayın 26 min 311-i 2011-2020-ci illərin payına düşür. Ölkədə orta hesabla hər ilə 2 min 631 meşə yanğını baş verir. Bundan başqa, 2016-cı ildə 9 min 156, 2017-ci ildə 11 min 993, 2018-ci ildə 5 min 644 və 2019-cu ildə isə 11 min 332 hektar meşəlik ərazi yanıb. Ölkədə baş verən meşə yanğınlarının mütləq əksəriyyəti insan faktoru ilə əlaqələndirilir. Bura səhlənkarlıq, məsuliyyətsizlik və qəsd amilləri daxildir. Bu amillərin hər hansı birindən asılı olmasına baxmayaraq meşə yanğınlarının baş verməsi təəssüfləndirici və ürəkdağlayandır. Qəsd məsələsində gəldikdə isə bu hal beynəlxalq səviyyəli cinayətdir. Çünki “Yaşıl Vətən”in əsasını təşkil edən meşələr yalnız yerləşdiyi ölkənin deyil, ümumdünya sərvətidir. Planetimizin “ağ ciyərləri” sayılan meşələri qorumaq ümumi işdir. Bəli, Azərbaycan-Türkiyə qardaşlığı böyük əzmlə bəşəri sərvət olan “Yaşıl Vətən”in keşiyindədir. Bu birlik və həmrəylik yalnız iki qardaş ölkənin maraqlarına deyil, bütün dünya üçün faydalıdır.

Bu yerdə mühüm bir statistik göstəricini təqdim etməyə ehtiyac var. 2019-cu ilin göstəricilərinə görə, Türkiyədə ümumilikdə 22 milyon 621 min 935 hektar meşə sahəsi mövcuddur. Bu sahə Türkiyənin torpaq ərazisinin təxminən üçdən birini təşkil edir. 2003-2019-cu illərdə ölkə ərazisinin 5 milyon 300 min hektarında meşəsalma işləri görülüb və ümumilikdə 4 milyard 300 milyon ting əkilib. Məlum olduğu kimi, Azərbaycan 2021-ci ilin yayında qardaş ölkədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fəal iştirak etmişdi. Azərbaycandan ümumilikdə 700-dən çox şəxsi heyət, 93 yanğınsöndürmə texnikası, 1 helikopter və 1 amfibiya tipli təyyarə göndərilmişdi. FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin rəhbər işçilərindən ibarət heyət qardaş ölkədə yanğınsöndürmə briqadalarımızla birlikdə çalışmışdı. Azərbaycan yanğınsöndürənləri öz Vətənlərinə, öz evlərinə hansı qayğı ilə yanaşırlarsa eyni məhəbbətlə də Türkiyə meşələrinin xilası naminə böyük cəsarət göstərmişdilər. Prezident İlham Əliyevin dediyi kimi “Onlara (yanğınsöndürənlərə) hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar”. Bəli, Azərbaycan yanğınsöndürənlərinin ümumi işi, fərdi şücaətləri, yanan evlərdən xilas edilən türk bayrağı, yerli əhali ilə davranış, hər bir ağacın xilası naminə göstərilən qəhrəmanlıq və s. kimi nadir və həssas hərəkətlərin hamısı Türkiyənin qəlbində canlı həyat hekayəsinə çevrildi.

2022-ci ildə də Azərbaycanın “BE-200ÇS” amfibiya təyyarəsinin yenidən Türkiyə səmalarında görünməsi qardaş ölkədə böyük hərarətlə qarşılanmışdı. Ölkənin aparıcı telekanalları bu barədə xüsusi reportajlar yaymağa başladılar. Kadrlarda “BE-200ÇS” təyyarəsinin enişini, eləcə də Azərbaycan yanğınsöndürənlərinin ötən il Türkiyədəki meşə yanğınlarının söndürülməsində göstərdikləri şücaəti əks etdirən kadrlar nümayiş olunmağa başladı. “Azərbaycan Prezident Əliyevin təlimatı ilə yenə qardaş yardımına gəldi!” sərlövhəsi ilə təqdim olunan xəbərlərdə məlumat verildi ki, “BE-200ÇS” amfibiya tipli təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə qabiliyyətinə malikdir. Türkiyə əhalisinə görə, Azərbaycandan gələn “BE-200ÇS” amfibiya tipli təyyarə prosesə cəlb olunan aviasiya vasitələri arasında ən güclüsüdür. Çünki bu təyyarə məhz Azərbaycandan gəlib! Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FHN-in amfibiya təyyarəsinin heyət üzvləri ilə görüşmüş, səmimi sözlərlə təşəkkürünü bildirmişdi.

Sevinc Azadi, “İki sahil”