26 avqust 2024 15:43
369

Azərbaycanın region və dünya siyasətində rolu getdikcə artır

Azərbaycan ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu ölkələrlə əlaqələrin yüksələn xətlə, yeni prioritetlər üzrə inkişafını aydın şəkildə görürük.

Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də  Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir. Qarşılıqlı səfərlər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin keçirdikləri məhdud və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatları münasibətlərimizin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev vurğuladı ki,  Rusiya Federasiyası Prezidentinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır. Dövlət səfərinin formatı və xarakteri dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Tarixi xarakter daşıyan səfər ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək. O da qeyd edildi ki, yüksək səviyyədə görüşlər müntəzəm xarakter daşıyır. Cari ildə iki dəfə - bir dəfə Moskvada, bir dəfə isə beynəlxalq tədbir çərçivəsində Azərbaycan və Rusiya Prezidentlərinin  görüşü olub. Təbii ki, bu görüşlər çərçivəsində günün əsas çağırışları ətrafında geniş fikir mübadiləsi aparılıb, ümumi mövqenin ortaya qoyulması əlaqələrin gələcək inkişafında əhəmiyyətli rol oynayır.

Ümumilikdə Azərbaycan-Rusiya əlaqələri zəngin tarixə malikdir. Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında “Qonaqpərvər Azərbaycan torpağında olmaq, Sizin rəhbərliyinizlə inkişaf edən Bakının mənzərələrini seyr etmək bizim üçün çox xoşdur” fikirlərinin davamı olaraq onu da bildirdi ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.  Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir.

Azərbaycan-Rusiya münasibətləri zəngin tarixə malikdir. Rusiya regionun böyük ölkələrindən biridir. Azərbaycanla tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir.   Prezident İlham Əliyev bəyanatında bildirdi ki, ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ölkələrimiz arasında humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var.Təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında regional təhlükəsizlik məsələlərindən bəhs edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Prezident İlham Əliyev bildirdi ki, regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi kimi məsələlərin aktuallığı danılmazdır. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi həyata keçirilir. İldə 15 milyon ton və daha çox- 30 milyon tonadək yüklərin daşınması imkanlarından bəhs edildi.

44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı üçüncü tərəf olaraq Rusiya Prezidenti Vladimir Putin imzaladı. Şanlı Qələbəmizdən dərhal sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün işğalçı dövlətə sülh təklifi Rusiya tərəfindən dəstəkləndi və bu istiqamətdə keçirilən görüşlərin təşəbbüskarlarından birinə çevrildi. Dövlətimizin başçısı  mətbuata bəyanatında bu məsələdən geniş bəhs edərək bildirdi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələr üzrə gələcək inkişafı üçün yeni imkanlar yaranır.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri