26 avqust 2024 15:31
364

Azərbaycanla Özbəkistanın müttəfiqlik müqaviləsi hər iki ölkə üçün tarixi hadisədir

Prezident İlham Əliyevin Özbəkistan Respublikasına səfəri ona görə tarixi hadisəyə çevrildi ki, burada həmkarı Şavkat Mirziyoyevlə iki dost və qardaş ölkənin müttəfiqlik sənədləri imzalandı. Səfər çərçivəsində məhdud və geniş tərkibdə görüşləri olub. İmzalanan sənədlər arasında  «Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə» əsas diqqətçəkib.  Daha sonra görüşdə Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarını qəbul ediblər. Bu  zaman həm də iki dövlət arasında münasibətlərin daha da genişləndirilməsinə xidmət edəcək 11 sənəd imzalanıb.

Səfər çərçivəsində, həmçinin Bakı (Azərbaycan) ilə Daşkənd (Özbəkistan), Beyləqan (Azərbaycan) ilə Şəhrisəbz (Özbəkistan), Quba (Azərbaycan) ilə Cizak (Özbəkistan) şəhərləri arasında regionlararası əməkdaşlıq haqqında sənədlər və «Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə «Uzbekneftegaz» SC arasında Əsas Şərtlər Sazişi» imzalanıb.

İmzalanma mərasimindən sonra hər iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanat zamanı Prezident İlham Əliyev deyib: «Bu gün Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında sanballı siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışında olduq. O, artıq Özbəkistanda çoxlu sayda belə məktəblər tikib və eynisini bizdə də inşa etdi. Artıq mənə məlumat veriblər ki, orada 500 şagird təhsil alır, amma tezliklə bu məktəbdə nəzərdə tutulduğu qədər şagird olacaq. Çünki keçmiş məcburi köçkünlərin qayıdışı prosesi uğurla davam edir.»

Prezident Şavkat Mirziyoyev öz bəyanatında bildirib ki, Azərbaycan və Özbəkistan əməkdaşlıq üçün 20 yeni istiqamət müəyyən edi: «Bu, müttəfiqlik münasibətlərimizin dərinləşməsi ilə bağlı yeni təkliflərin hazırlanması və həyata keçirilməsi üçün səmərəli mexanizmdir". “Azərbaycanda ilk görüşümüzdə əməkdaşlığımızın 10 istiqaməti müəyyən olundu. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu müqavilələrin heç biri kağız üzərində qalmayıb. Real nəticələrimiz var. Bu gün biz 20 yeni istiqamət müəyyən etmişik.».

Sözügedən səfr çərçivəsində Daşkənd şəhərində həm də Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirildi.

Bu gün qürurla deyə bilərik ki, dost və qardş  Özbəkistan 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəmizlə artıq tarixdə qalmış Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. İndi isə bu ölkə Qarabağdakı quruculuq işlərinə də öz töhfələrini verir.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri