26 avqust 2024 14:06
329

Azərbaycan- Özbəkistan müttəfiqliyinin işıqlı gələcəyi var

Prezident İlham Əliyevin ötən həftə Özbəkista­na səfəri mühüm tarixi hadisədir. Çünki bu səfər çərçivəsində hər iki ölkənin liderləri arasında «Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin» imzalanması müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bu birgə tarixi nailiyyətə yüksək qiymət vermişdir: «…Bu gün biz rəsmən müttəfiq olduq. Bu, razıyam ki, əslində, tarixi məqamdır. Müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq.»  

Bu əhəmiyyətli səfər çərçivəsində keçirilən biz­nes-forumda artıq 2 milyard dollar dəyə­rində layihələr portfeli formalaşdırıldığı bildirilib və bu, uzun bir səyahətin başlan­ğıcı kimi qiymətləndirilib. Daşkənddə Azərbaycan və Özbəkis­tanın işgüzar dairələri nümayəndələri ilə görüşdən sonra ümumi dəyəri 520 milyon dollar olan 7 birgə layihəyə start verilmə­si mərasimi keçirilib.

Həmin layihələr sı­rasında dost ölkədə dəyəri 200 milyon dollar olan beşulduzlu mehmanxananın və «The Ritz-Carlton» brendi altında premi­um-sinif rezidensiyasının tikintisi, Qaşqa­dərya vilayətinin Qamaşı rayonunda layihə dəyəri 20 milyon dollarlıq gips, eləcə də gips-karton məmulatları istehsalı zavodunun inşası, «Agalarov Development» tərəfindən 133 milyon dollarlıq yaşayış kompleksləri­nin salınması, Azərbaycanın Yevlax və İmişli rayonlarında isə tekstil klasterlərinin yaradılması, Xankəndi şəhərində toxuculuq fabrikinin tikintisi, Füzuli rayonunda Özbəkistan-Azərbay­can dostluq bağının salınması da palanlaşdırılıb.  

Xatırladaq ki, Azərbaycan- Özbəkistan dostluq əlaqələrinin və iqtisadi əməkdaşlığının əsasını ilk növbədə ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Həm qədim zamanlardan bəri, həm də SSRİ- nin mövcud olduğu dövrlərdə hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib.

Bu gün iki dost, qardaş ölkə arasında əlaqələrin inkişaf dinamikası belə bir əminlik yaradır ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, hər iki dövlətin beynəlxalq miqyasda nüfuzunu gücləndirəcəkdir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri