24 avqust 2024 01:57
690

Azərbaycanda seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılır

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün sahələrdə olduğu kimi, seçkilər sahəsində də böyük təcrübə qazanıb. Demokratik ölkələrin, beynəlxalq təşkilatların təcrübəsi ilə milli dəyərlərin vəhdəti şəklində formalaşan milli seçki sistemi ötən dövrdə Azərbaycanın çoxşaxəli inkişafına böyük töhfələr verib. Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda keçirilən çoxsaylı seçkilərin hər biri əvvəlkilərdən daha keyfiyyətli şəkildə təşkil olunur. Seçkinin keyfiyyət göstəricisi demokratiya, ədalət və şəffaflıqdır. Bu mənada, Azərbaycanın təcrübəsi seçkidən-seçkiyə zənginləşib. Bu gün Azərbaycanın seçki təcrübəsi müxtəlif ölkələr tərəfindən öyrənilir. Respublikamızın seçki qanunvericiliyi beynəlxalq hüququn əsas prinsiplərinə tam şəkildə uyğun hazırlanıb. Çoxsaylı yerli və beynəlxalq (xarici) müşahidəçilər, o cümlədən media nümayəndələri və müxtəlif aşkarlıq institutları seçki kampaniyasında heç bir maneə olmadan, azad və sərbəst şəkildə iştirak edirlər.

Seçkilərdə müxtəlif metod və vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərinin səmərəli tətbiq olunması səsvermə günü seçki məntəqələrindəki prosesləri əvvəldən axıradək fasiləsiz izləməyi, arasıkəsilmədən, dolğun və əhatəli müşahidə aparmağı, beləliklə, şəffaflığın daha geniş miqyasda gerçəkləşdirilməsini tam təmin edir.  2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün lazımi addımlar atılmış, seçki prosesinin iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılmışdır. Seçki sistemində 2008-ci ildən - 16 ildir vebkameralardan istifadə ənənəsi formalaşıb. Hazırkı seçkilərdə də bununla bağlı bütün addımlar atılıb. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində 1000 seçki məntəqəsində vebkameralar quraşdırılıb. Parlament seçkiləri ilə əlaqədar indiyə qədər ümumilikdə 7100-ə qədər müşahidəçi MSK-da qeydə alınıb.  Seçkilərə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum səviyyədə istifadə ediləcək. Qeyd edək ki, fevralın 7-də keçirilən prezident seçkilərində vebkameraların istifadəsi ilə bağlı təhlil məlumatlarına əsasən, vebkameralara internet üzərindən baxış sayı 468 mindən çox olub. Bunlardan 32 mindən çoxu ölkə xaricindən baxış idi.  Ölkə xaricində ən çox vebkameraları ABŞ-dan, Türkiyədən və  Böyük Britaniyadan izləyiblər.  Hazırda 119 seçki dairəsini əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameraların tənzimlənməsi prosesi aparılır. Bundan  əlavə bütün zəruri işlərin həyata keçirilməsi üçün addımlar atılır. Seçki məntəqələrində əlil vətəndaşlar üçün 2471 pandus quraşdırılıb. Bu kateqoriyadan olan seçicilər üçün məntəqələrdə xüsusi şərait yaradılıb.

Göründüyü kimi, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün lazımi addımlar atılmış, seçki prosesinin iştirakçılarına hərtərəfli şərait və geniş imkanlar yaradılmışdır.

Şəmsiyyə Əliqızı, “İki sahil”