24 avqust 2024 00:58
435

Ermənistanı sülh müqaviləsindən kimlər yayındırır?

Hayların ən yaxşı təhlükəsizlik çətiri Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasıdır

Rusiya Prezidenti Vladimir Putinin Bakıya dövlət səfəri bir daha göstərir ki, rəsmi Kreml Azərbaycanla Ermənistan arasında planlaşdırılan sülh müqaviləsinin imzalanmasında öz rolunu təklif edir. Lakin bu,  Ermənistanı himayə edən, ona hər cür hərbi və maddi dəstək verən ABŞ və Fransanı narahat edir. Çünki bu ermənipərəst ölkələr məhz İrəvanın acizliyindən istifadə edərək Cənubi Qafqazda qarşıdurma yaratmaq və bununla da regiondakı  maraqlarını təmin etmək istəyirlər. ABŞ və Fransa rəsmiləri anlayırlar ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən nəticələrin əldə olunması onların buradan sıxışdırılıb çıxarılması deməkdir.

Son zamanlar Ermənistanın ölkəmizin sərhədlərində hərbi təxribatlar törətməsi deməyə imkan verir ki, hərbi münaqişənin başlanması hər an gözləniləndir. Nəzərə almaq lazımdır ki, noyabrda Bakıda keçiriləcək COP29-da Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı barədə məlumatlar səslənir. Təbii ki, bu fakt iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində ciddi hadisə ola bilər. Çünki əgər N.Paşinyan COP29-da iştirak etsə Prezident  İlham Əliyevlə görüşə və sülh üçün ilkin addımlar atıla bilər. Məhz ABŞ və Fransa indiki halda bu məsələdən narahatdırlar. Ona görə də COP29-a qədər regionda təxribatlar törətməyi planlaşdırırlar.  

Əslində, Ermənistanın hərbi-siyasi hakimiyyəti, həqiqətən sülh istəyir. Çünki başqa yolunun olmadığını anlayır. Qərblə  Rusiyanın arasında sıxılan  haylar üçün ən yaxşı istiqamət yaxın və inkişaf etməkdə olan qonşuları- Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Məhz Ermənistan üçün ən yaxşı təhlükəsizlik çətiri budur.

Reallıq isə belədir ki, Azərbaycan dövləti qalib tərəf olmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edir. Regiondakı mövcud siyasi mənzərə də onu göstərir ki, ölkəmiz  sülhün təmin olunması üçün bütün mümkün imkanlardan istifadə edir. Ermənistan isə hələ ki, adekvat mövqe nümayiş etdirə bilmir. Yəni, Ermənistanın hərbi-siyasi rəhbərliyi də sülh istədiyini bildirir. Amma bu, əməldə təsdiqlənmir. Əslində, bəlkə də regional əməkdaşlıq mühitinin təmin olunması rəsmi İrəvanın da marağı daxilindədir. Çünki sülh müqaviləsinin imzalanması bu ölkəni Qərblə Rusiyanın hərbi poliqonuna çevrilməkdən qoruyacaq mühüm amildir. Axı, başqa yolu da yoxdur. Bu gün faktiki olaraq Rusiya və Qərb arasında hərbi və siyasi poliqona çevrilmək üzrə olan, hətta yaxın gələcəkdə Ukraynanın taleyini yaşa biləcək ölkə kimi onun xilası sülh müqaviləsini tezliklə imzalamaqdan keçir.

Düzdür, post- müharibə dövründə iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən irəliləyişlər nəzərə çarpıb. Bunu Bakı da, Ankara da, İrəvan da etiraf edirlər. Təbii ki, az-çox əldə olunan nəticələr xeyli dərəcədə ikitərəfli təmaslar nəticəsində mümkün olub. İndi sülhə mane olan əsas məsələ Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Belə ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı açıq-aydın ərazi iddiaları mövcuddur. Bu isə o deməkdir ki, mümkün sülh təhdid altındadır. Çünki Ermənistanın hazırkı və ya gələcək  hakimiyyəti ali hüquqi sənədə istinad edərək istənilən an revanşa cəhd edə bilər. Azərbaycan isə məsələni birdəfəlik,  həll etməyə çalışır. Bu baxımdan rəsmi Bakının əsas tələbi Ermənistan konstitusiyasından sözügedən  maddənin çıxarılmasıdır.

Təbii ki, bunları revanştst hisslərlə yaşayavn erməni cəmiyyətinə qəbul etdirmək heç də asan deyil.Yəni, konstitusiya dəyişikliyi nəticəsində Ermənistan daxilində ciddi qarşıdurmaların olması, hətta Nikol Paşinyan hakimiyyətinə qarşı üsyanların baş verməsi də gözləniləndir. Amma nə yazıq ki, Ermənistanın bundan başqa yolu qalmayıb.

Qeyd edək ki, sülh  məsələsində Azərbaycan dövlətinin xüsusi bir mövqeyi ondan ibarət olub ki, Ermənistanla danışıqlar birbaşa -vasitəçilərsiz olsun. Prezident İlham Əliyev bildirmişdir ki, artıq vasitəçilərə ehtiyac yoxdur və Azərbaycanla Ermənistan sülh sazişini beynəlxalq hüquq normalarına və  ərazi bütövlüyü prinsiplərinə uyğun imzalamalıdırlar. Lakin ABŞ və Fransanın dövlət maraqları hələ də Ermənistanı əl- qolunu cilovlayıb. Yəni, onların siyasi iradəsinə zidd gedə bilməyən Ermənistan carəsiz durumdadır.

Elçin Zaman, «İki sahil»