24 avqust 2024 00:31
458

Azərbaycan qadınının nəcibliyinin, mübarizliyinin təcəssümü - Mehriban Əliyeva

Təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də humanist təşəbbüsləri ilə xeyirxahlıq simvolu kimi tanınan Mehriban xanım Əliyeva ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir, Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrini verir

Cəmiyyətdə qadının üzərinə daim böyük öhdəliklər düşməkdədir. Buna baxmayaraq, dövrün istənilən mərhələsində cismən zərif və incə, daxilən mübariz və dözümkar olan qadınlar üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirə biliblər. Şərq qadını da bütün dövrlərdə cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilib. Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünyagörüşünü birinci xanım Mehriban Əliyeva özündə təcəssüm etdirir. Birinci xanımın istər mədəniyyət, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diktə etmək məharəti Mehriban xanım Əliyevanın siyasi dünyagörüşünün diapazonunu ehtiva etməklə bərabər, həm də onun kübarlıq ranqında özünütəsdiqidir. Sözün hər mənasında dövlətimizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə sanballı töhfələr verən Mehriban Əliyeva doğma Vətənin ən böyük təəssübkeşlərindən biri, xalqımızın xoşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi olmaqla yanaşı, birinci xanım adını şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir.

Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyətində 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi yer tutur. Fond Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sayəsində dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumuna çevrilib. Ulu Öndərin adını daşıyan Fond Onun ideya və əməllərinin təntənəsinə xidmət işində misilsiz nüfuz qazanıb. Öncüllük və örnək göstərən bu nadir təsisat ölkədə və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sferalarında müxtəlif səpkili tədbirləri gerçəkləşdirib, bir sıra yönlərdə dövlət siyasətinin həyata keçirilməsində hərəkətverici amilə çevrilib. Fond sülhə və əmin-amanlığa da sanballı töhfələrini verir. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğısı bunun bariz nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. 2016-cı ilin dördgünlük Aprel döyüşləri, eləcə də 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya məqsədilə Türkiyəyə göndərilib. Müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib. Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Prezidentin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamının yüksək səviyyədə icrası çərçivəsində konkret tədbirlər görüb. Fondun layihəsi çərçivəsində Bakıdakı Protez-Ortopedik Bərpa Mərkəzində də Vətən müharibəsinin şanlı salnaməsini yazan, xalqımıza qələbə sevinci bəxş edən cəsur qazilərimizin itirdikləri sağlamlıqlarına protez vasitəsilə də olsa qovuşmaları üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun Vətən müharibəsi qazilərinin sağlamlığının bərpasına və ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş fəaliyyəti ictimaiyyət arasında böyük rəğbət doğurur. Qazilərin respublikamızda və xarici ölkə xəstəxanalarında müalicə olunmasında, protezlə təmin edilməsində, onlara yeni mənzillər, fərdi evlər və avtomobillərin verilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür ki, bu da ilk növbədə Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır.

Azərbaycanın birinci xanımının təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizdə təhsil sistemini modernləşdirmək və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib. Əhalinin sağlamlığı məsələsinə gəlincə, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir bölməsi sayılan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutunun rəhbəri isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır.

Mehriban xanımın təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Azərbaycan bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili ilə hətta inkişaf etmiş ölkələri heyran qoydu.

Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.

Azərbaycanın birinci xanımı bütün istiqamətlərdə Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar proqramına ciddi dəstək verir və konkret işləri ilə həmin istiqamətdə fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyinin yeni zirvələrə yüksəlməsi üçün bunun əhəmiyyəti böyükdür. Çünki Prezidentin bütün tapşırıqlarına dəqiqliklə əməl olunursa, onun həyata keçirdiyi kurs reallaşırsa, müstəqil dövlət quruculuğu baş tutur və qarşıya qoyulan strateji hədəflərə çatmaq imkanları xeyli genişlənir. Bunlar bir daha onu təsdiq edir ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi idarəçilikdə rolu əhəmiyyətlidir və o, bu vəzifəsinin öhdəsindən layiqincə gəlir. Bütün bunlara görədir ki, insanlar birinci xanımı sevir və onu dəstəkləyirlər. Mehriban Əliyevaya inam böyükdür. Azərbaycanın birinci xanımı da insanları çox gözəl duyur və bunu yüksək qiymətləndirir: "Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax, bu, həqiqətən də mənə real inam, güc verən amildir".

“İki sahil”