23 avqust 2024 23:56
354

Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Ulu Öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və ikitərəfli münasibətlərin gələcəyi üçün ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir.

Nərmin Cəfərova,
261 nömrəli məktəb-liseyin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü