22 avqust 2024 19:54
557

Görülən işlər göz oxşayır

44 günlük Vətən müharibəsində böyük tarixi Zəfər qazanan Azərbaycan xalqı  öz qalib liderinin rəhbərliyi ilə işğaldan azad edilmiş şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi ən gözəl şəkildə bərpa etməkdədir. Artıq Azərbaycan xalqının “Böyük Qayıdış” arzusu reallaşır. Bu arzunun reallaşması hər bir vətəndaşımız tərəfindən böyük sevinc, fərəh və qürur hissi ilə qarşılanır. Çünki xalqımız bu qayıdışı 30 ilə yaxın müddətdə böyük həsrətlə gözləmişdi. “Böyük Qayıdış”ın reallaşdığı əsrarəngiz təbiəti ilə seçilən bölgələrimizdən biri də Laçın rayonudur. Azad edilmiş digər ərazilərimizdə olduğu kimi Laçında da dövlətimiz bərpa-quruculuq işlərinin mükəmməl şəkildə reallaşdırılması üçün bütün imkanlarını səfərbər etmişdir. Bütün bu işlər isə heç şübhəsiz ki, ölkə başçımızın hər an diqqətində olan məsələdir. Möhtərəm Cənab İlham Əliyev çox tez-tez işğaldan azad edilmiş rayonlarımıza səfərlər edir və lazımi tapşırıqları yerində verir.

Artıq böyük məmnunluq hissi ilə qeyd edə bilərik ki, xeyli sayda Laçın sakini öz ata-baba yurduna qayıtmış və burada hər cür məişət şəraiti ilə təmin olunmuş rahat mənzillərdə məskunlaşmışdır. İşğaldan azad edildikdən sonra bütövlükdə Laçında 700-dən artıq bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli bina olmaqla daha 144 mənzil yaşayış üçün hazır vəziyyətə gətirilmişdir. Laçının bərpa konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Ən müasir səviyyədə inşa olunacaq mehmanxanada rayona səfərə gələnlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Burada görülən işlər həqiqətən də göz oxşayır.

İşğaldan azad edilmiş Laçın rayonuna dəfələrlə səfərlər edən Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev burada çoxsaylı obyektlərin açılışında yaxından iştirak etmişdir. Belə ki, dövlət başçımız Laçına 2021-ci ildə etdiyi səfərlərdə Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması və Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində, su elektrik stansiyasının açılışında, 2022-ci ildəki səfərləri çərçivəsində Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimində iştirak edərək, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri və Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tuneldə işlərin gedişatı ilə yaxından tanış olmuşdur. Ali Baş Komandan Cənab İlham Əliyev 2023-cü ildə Laçın rayonuna səfərləri zamanı buraya köçmüş sakinlərlə görüşmüş, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, həmçinin Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, Laçın rayon 2 nömrəli tam orta məktəbin, “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak etmişdir. Daha sonra dövlət başçımız Zabux kəndinin sakinləri ilə görüşmüş və Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü “ bayram şənliklərində iştirak etmişdir. 2024-cü ildə isə Ali Baş Komandan Cənab İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olmuş və sakinlərlə görüşmüş həmçinin “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışlarında iştirak etmişdir. Biz tam əminik ki, ölkə prezidentinin qayğısı sayəsində Qarabağ və Şərqi Zəngəzur gələçəkdə ölkəmizin ən çiçəklənən bölgələrindən birinə çevriləcək.

Arifə Abdullayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi