23 avqust 2024 00:58
418

Laçın özünün yeni dövrünə qədəm qoyub

2020-ci ilin sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən ikinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun şanlı Zəfəri Ermənistanı əraziləri boşaltmağa məcbur etdi. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Keçmiş Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır.

Vətən müharibəsində əldə edilən qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur

Böyük strateji əhəmiyyətə malik Laçın rayonu (1 şəhər, 1 qəsəbə və 125 kənd) 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.

Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin,eləcə də Laçın rayonunun  inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev daim işğaldan azad edilmiş ərazilərə səfər edir,həyata keçirilən layihələrin, aparılan quruculuq işlərinin gedişi ilə  yaxından tanış olur.

Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər. Artıq Laçın şəhəri 234 ailəyə qucaq açıb və 904 laçınlının yurd həsrəti bitib. Laçın şəhəri gününün qeyd olunması ərəfəsində, avqustun 25-də keçmiş məcburi köçkün ailələrinin Laçın rayonunun Zabux kəndinə qayıtmasının birinci mərhələsinə başlanılıb. Bu mərhələdə artıq 20 ailə, yəni 88 nəfər yenidən tikilən evlərində məskunlaşıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.

 Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.Xəstəxanalar,muzeylər,uşaqların təhsil alması üçün məktəblər fəaliyyətə başlayıb.Düşmənin Laçına vurduğu yaralar aradan qaldırılır,Laçın öz doğma sakinləri ilə yenidən dirçəlib çiçəklənir. Laçının günü-gündən inkişaf etdiyini bütün dünya,eləcə də Ermənistan da görür. Parçalanmış Azərbaycan rəşadətli ordusu, uzaqgörən rəhbəri sayəsində öz ərazi bütövlüyünü bərpa edir.

Müzəffər Ali Baş Komandan,Prezident cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün artıq Laçın azaddır,yenidən qurulur, bərpa edilir.Laçın şəhərinin mərkəzində dalğalanan dövlət bayrağı əbədi dalğalanacaqdır...

Afaq Musayeva,
221 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü