22 avqust 2024 16:13
337

Laçında genişmiqyaslı quruculuq işləri həyata keçirilir

Azərbaycanın əzəli və əbədi torpağı olan Laçın strateji əhəmiyyətə  və füsunkar təbiətə malikdir.  1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər status alıb, Laçın rayonu isə 1930-cu ildə inzibati ərazi vahidi status almışdır.

Yeni müstəqillik əldə etdiyimiz dövrdə baş vermiş siyasi səriştəsizlik, 90-cı illərin mürəkkəb sosial-siyasi vəziyyəti, namərd qonşularımız ermənilərin əsassız torpaq iddiaları 1992-ci ilin may ayının 18-də böyük strateji əhəmiyyətə malik Laçın rayonunun işğalı ilə nəticələndi. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Laçının işğala məruz qalması, həm laçınlılar, həm də bütün Azərbaycan xalqı üçün böyük bir faciə idi. Aparılan düzgün siyasətin və Müzəffər Ordumuzun şücaəti və igidliyi sayəsində 30 il həsrətilə yaşadığımız Laçın işğaldan azad edilmişdir.

2020-ci il 10 noyabrda imzalanmış üçtərəfli bəyanat  əsasən 1 dekabr 2020-ci il tarixinədək Laçın rayonunu Azərbaycana geri qaytarıldı. İkinci Qarabağ müharibəsi dekabrın 1-də Laçın rayonunun işğaldan azad edilməsilə başa çatdı. Lakin müharibənin bitməsinə baxmayaraq, keçmiş Laçın dəhlizinə görə Laçın şəhəri və iki kənd – Zabux və Sus kəndləri Azərbaycanın nəzarətində deyildi. Azərbaycan tərəfinin qısa müddətdə çəkdiyi yeni yol 31 illik həsrətdən sonra sakinlərin həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtmasını təmin etdi.

Böyük Zəfərimizin təntənəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında 2023-cü ilin 31 iyul tarixində Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələrək hər il 26 avqust – Laçın şəhəri günü kimi qeyd ediləcəkdir.

İşğaldan azad olunmuş torpaqlarda, o cümlədən Laçında böyük quruculuq işləri aparılır. Bütövlükdə Laçında 700-dən artıq bina inşa edilmişdir, onlardan 620-si fərdi yaşayış binasıdır. Laçın rayon 2 nömrəli tam orta məktəbinin 510 şagird yeri vardır, məktəbin binası üçmərtəbəlidir. Həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələşdirilməsi, əsaslı təmiri və bərpası da aparılır.

2023-cü ilin avqustunun 25-də Laçın rayonunda “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı olmuşdur. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun asas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülmüşdür. Studiya Laçın başda olmaqla, ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda audiovisual mərkəz kimi fəaliyyət göstərəcəkdir.

Bahar Məmmədova,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri