22 avqust 2024 12:06
291

Abadlaşan və yenidən qulan Laçında həyat qaynayır

İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfər nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbacan Ordusunun nəzarətinə keçdi. Laçın rayonu həmişə strateji əhəmiyyətə malik olub.  Laçın Şəhəri Günü bayram tədbirində çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyevin demişdir: «Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi, amma Laçının işğalı strateji nöqteyi-nəzərindən böyük bir sınaq idi, böyük bir fəlakət idi. Çünki beləliklə, Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və bizim sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi idi.»

30 ildən çox sürən  və nəticəsiz qalan sülh danışıqları zamanı «5+2» formatını irəli sürən, Qarabağdakı azsaylı erməni üçün israrla status tələb edən Ermənistan və havadarlarının planları Tarixi Zəfərimizdən sonra darmadağın oldu. İndi Qarabağ, Şərqi Zəngəzurun kənd və şəhərlərində, o cümlədən Laçında Azərbaycan bayrağı dalğalanır. Laçın şəhərində, Sus və Zabuxda, eləcə də digər kənd və şəhərlərimizdə həyat yenidən canlanır. Artıq Azərbaycan işğaldan azad edilmiş şəhərlərdə bayramlar keçirir, turistlər qəbul edir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür.

Vətən müharibəsi bitəndən sonra qısa bir zamanda işğaldan azad edilmiş ərazilərimiz sürətlə dirçəlməyə başladı. Qarabağ və  Şərqi Zəngəzur iqtisadi rayonlarında həyat yenidən canlanır, quruculuq işləri aparılır. Bu əraziləri ziyarət edən hər bir şəxs istər öz vətəndaşlarımız, istərsə də xarici diplomatlar, siyasətçilər, jurnalistlər  erməni vandalizmini acı nəticələrini görməklə bərabər, eyni zamanda, azərbaycanlıların işğaldan azad edilən torpaqlarda tikinti -quruculuğunu əyani şəkildə görürlər. Belə qısa müddətdə abadlaşan rayonlarımızı görənlər hətta  heyranlıqlarını gizlədə bilmirlər. rÇox xoş mənzərədir ki, gözlərimizin önündə çox sürətlə, kəndlər, şəhərlər yenidən qurulur, xarabalıqlar Gülüstana çevrilir.

Azərbaycan Prezidenti İham Əliyevin müdrik siyasətinin və diplomatik məharətinin unikallığı da bundadır. O, regionun ən güclü Ordusunu, Cənubi Qafqazın ən güclü iqtisadiyyatını, ərazi bütövlüyümüzün qorunması və suveren hüquqlarımızın bərpa edilməsi üçün yüksək səviyyəli hüquqi bazasını yaratdı.  Bununla da ölkəmizi Ermənistanın tarixi müttəfiqləri tərəfindən göstərilən təzyiqlərdən qorudu. Nəticədə  müharibənin gedişində hərbi və diplomatik Qələbəyə nail ola bildik. Heç kimin bizi yolumuzdan döndərə, iradəmizə təsir etməyə cəsarəti çatmadı.

Bir sözlə, güclü Azərbaycan dövləti və yenilməz Ordumuz bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı. Xüsusilə ölkəmizin dünyada nüfuzu və beynəlxalq əhəmiyyəti dəfələrlə artdı. Ata vəsiyyətini ləyaqətlə yerinə yetirən,  ölkəmizin şərəf və ləyaqətini ayaqlar üstünə qaldıran, nüfuzumuzu yüksəldən,  bir sözlə, dövlət və millət kimi başımızı ucaldan Prezident İlham Əliyevin və ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini dünyada təbliğ edən respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu müqəddəs və tarixi missiyası hələ davam edir. Onlar müasir tariximizin yeni səhifəsini yazır, işğaldan azad edilmiş əraziləri yenidən canlandırırlar. Laçında müəssisələrin təməli qoyulur, açılışlar edilir, ora həyat qayıdır. İşğal edilmiş bütün ərazilər kimi, Laçın da Azərbaycan Prezidentinin və birinci xanımın heyrətamiz zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur. Bunu bütün dünyada, Ermənistanda da görürlər.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri