21 avqust 2024 12:04
578

Regional təhlükəsizliyə mühüm töhfələr

Əsasları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycan Respublikasının xarici siyasət kursu hal-hazırda Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilir. Beynəlxalq hüquq prinsiplərinə söykənən və faydalı əməkdaşlığa əsaslanan xarici siyasətimiz dövlətimizin dünyadakı nüfuzunu yüksəltməkdədir. Azərbaycan Respublikası ilk növbədə öz milli maraqlarından çıxış edərək balanslaşdırılmış və çoxşaxəli xarici siyasət yürüdür. Son illər ərzində dünyada artan nüfuzumuz doğru istiqamətdə addımlar atdığımızın bariz göstəricisidir.

Qədim tarixə, zəngin mənəvi dəyərlərə sahib olan Azərbaycan xalqı bu zənginliyi hər zaman qoruyub saxlamış və müasir dövrdə də yüksək səviyyədə davam etdirir. Dostluğa və qardaşlığa sonsuz sədaqətimiz, əməklığa qarşı səmimiyyətimiz malik olduğumuz yüksək mənəvi dəyərlər sırasında olan xüsusiyyətlərimizdəndir. Azərbaycan Respublikası bizə qarşı xoş niyyətdə olan qonşu dövlətlərlə münasibətlərini də məhz bu dəyərlər üzərində formalaşdırır. Qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərində olduğumuz dövlətlərdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Hal-hazırda ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Məhz bu cür münasibətlərin formalaşması regional təhlükəsizliyin təmin olunması baxımından çox vacibdir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 19 avqust 2024-cü il tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda əlaqələrimizin inkişaf perspektivlərinə dair önəmli məqamlar geniş yer almışdı. Ölkə başçımız bildirdi ki, Azərbaycan ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.

Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyinin Rusiya Federasiyası tərəfindən dəstəkləndiyini də Cənab İlham Əliyev məmnunluq hissi ilə qeyd etdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə rəsmi səfəri çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi - AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Rusiya Federasiyası Federal Əmək və Məşğulluq Xidməti arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu”, o cümlədən bir çox digər sahələr üzrə vacib sazişlər imzalandı. Bu əməkdaşlığın regional təhlükəsizliyə mühüm töhfələr verəcəyi şübhəsizdir.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi