21 avqust 2024 11:55
391

Mühüm tərəfdaşlıq

Azərbaycan özünün ikitərəfli əməkdaşlıq siyasətində daim qonşu ölkələrlə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Azərbaycan-Rusiya dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri  çərçivəsində keçirilən məhdud və geniş tərkibdə görüşlərdə, mətbuata bəyanatlarında  əsas diqqət göstərilən məsələ iki ölkə  arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi oldu. Azərbaycan-Rusiya əlaqələrinin hazırkı yüksək inkişaf səviyyəsini digər amillərlə yanaşı, həm də iki ölkə liderlərinin yaxın dostluq münasibətləri şərtləndirir. Bunu Prezidentlər İlham Əliyev və Vladimir Putin dəfələrlə çıxışlarında, müsahibələrində xüsusi qeyd ediblər. Qarşılıqlı səfərlər münasibətlərin daha da gücləndirilməsində, həmçinin əməkdaşlıqda yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.

Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. “Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, biz dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər.

Onu da qeyd edək ki, Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb. Eyni zamanda, onlar Azərbaycan və Rusiya daşıyıcıları arasında bərabər bölünüb. Bu, məhz ondan xəbər verir ki, insanlar arasında təmaslar mütəmadi xarakter daşıyır. Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlərin artdığı böyük məmnunluq hissi ilə qeyd edilir.

İkitərəfli əlaqələrin inkişafında enerji amili xüsusi rol oynayır. Səfər çərçivəsində Azərbaycan və Rusiya arasında energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyət geniş təhlil edildi.  Bu istiqamətdə fəal iş aparılır. Gələcəkdə də iki müttəfiq ölkə arasında fəaliyyətin  əlaqələndiriləcəyi vurğulandı.  

Azərbaycan və Rusiya dövlət başçılarının mütəmadi olaraq keçirdikləri görüşlərdə fəal siyasi dialoq özünü qabarıq büruzə verir. Qarşılıqlı səfərlər,   görüşlər  bütün sahələrdə münasibətlərin inkişafına təkan verir. Son illərdə Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin dərinləşdirilməsi üzrə çox böyük iş görülüb. Artıq onun praktik nəticələri göz önündədir. Azərbaycan və Rusiya Prezidentlərinin mətbuata bəyanatlarında  bu rəqəmlər açıqlandı ki, keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir.  “Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır” söyləyən Rusiya Prezidenti vurğuladı ki, Azərbaycan iqtisadiyyatına 4 milyarddan çox birbaşa investisiyalar qoyulub.  Azərbaycan bazarındakı 1300 müəssisə ondan xəbər verir ki, bizdə fəaliyyət müsbət istiqamətdə inkişaf edir və yaxşı perspektivlərə malikdir. Hökumətlərarası Komissiyadan olan həmkarlar əsas iqtisadi qarşılıqlı fəaliyyət məsələlərini daim diqqət mərkəzində saxlayırlar. Komissiyanın  səfər ərəfəsində Bakıda keçirilən növbəti iclası çox məhsuldar olub.  Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevinirik. Azərbaycan bazarında şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Burada həm “LUKOYL”, həm yığılma istehsalını təşkil edən “KamAZ”, həm də “Sollers”, “UAZ” var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdir. “Transmaşholdinq” fevral ayında Bakı metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb.

İki dost, müttəfiq ölkənin “Şimal-Cənub” layihəsinin reallaşdırılması üzrə birgə planları da xüsusi əhəmiyyət kəsb edir. Bu, Hind okeanının sahillərinə çıxmağa və bu marşrutlardan  qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək. Nəqliyyat-tranzit əlaqələri fəal surətdə genişləndirilir.

Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə dövlət səfəri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin hazırkı inkişaf səviyyəsinə bir daha işıq salaraq gələcək üçün böyük potensialın mövcudluğunu təsdiqlədi. Rusiya Prezidenti bildirdi ki, Rusiya Azərbaycanla çoxplanlı dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Bu münasibətlərin əsasını bərabərlik, bir-birinin maraqlarını nəzərə almaq və əlbəttə, əsrlər boyu xalqlarımızı birləşdirən sıx insani və mədəni bağlar təşkil edir.

Fəxrəddin Vəliyev,
​YAP Şəmkir rayon təşkilatının sədri