21 avqust 2024 11:49
450

Münasibətlər möhkəm təmələ əsaslanır

Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Bu uğurlar həm ikitərəfli əlaqələrin, həm də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında özünün aydın ifadəsini tapır. Azərbaycanın qonşu dövlətlərlə əməkdaşlığa xüsusi diqqət göstərdiyi göz önündədir. Bu, özünü Azərbaycan-Rusiya münasibətlərində özünü aydın şəkildə nümayiş etdirir.

Rusiya Prezidenti Vladimir Putin 18-19 avqust tarixlərində ölkəmizdə dövlət səfərində oldu. Azərbaycan-Rusiya əlaqələri  hazırda bütün sahələr üzrə sürətlə inkişaf edir.   Bu inkişafda Ümummilli Lider Heydər Əliyevin  rolu xüsusilə qeyd edilməlidir. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. İkitərəfli əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur. Vaxtilə Azərbaycan və Rusiyanın keçmiş İttifaqda birgə fəaliyyət göstəməsi ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Prezidentlərin  qarşılıqlı səfərləri, imzalanan sənədlər münasibətləri daha da yaxşılaşdırır. Azərbaycan və Rusiyanın  dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə sürətli inkişafdadır.

O da məlumdur ki, 2022-ci ildə dövlət başçısı İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində  Azərbaycan və Rusiya Prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Rusiya Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində  Azərbaycan Prezidenti ilə mətbuata bəyanatlarında ölkələrimiz arasında əlaqələrin ayrı-ayrı sahələrdə  inkişafına diqqət yönəldildi, sözügedən Bəyannamənin icrası istiqamətində atılan addımlardan bəhs edildi. Cənab İlham Əliyev bildirdi ki, bu gün qəbul edilən sənədlər, ilk növbədə, prezidentlərin Birgə Bəyanatı daxil olmaqla, münasibətlərimizin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir: “2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Bu gün dövlətlərarası münasibətlərin geniş spektrini ətraflı müzakirə etdik. Hətta nümayəndə heyətlərinin tərkibinə nəzər salmaq kifayətdir ki, dövlətlərarası strukturların fəaliyyət sferasının, əslində, nə qədər geniş olduğunu görəsən.”

İmzalanmış sənədlər, siyasi münasibətlərin ən yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək və onun dəmir yolu sahəsinin modernləşdirilməsi üçün lazımi işlər görülür. İldə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması tamamilə realdır. Hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər. Cari il həmin dəmir yolu sahəsinin tələb edilən ötürücülük qabiliyyətinə malik olması üçün modernləşdirilməsi məqsədilə təxminən 120 milyon dollar ekvivalentində vəsait nəzərdə tutulub.

Regional təhlükəsizlik məsələləri də prioritetlər sırasındadır. Cənab İlham Əliyev bildirdi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Rusiya Prezidenti Vladimir Putin cənab İlham Əliyevin bu fikirlərinin davamı olaraq qeyd etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.

 Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, bir-birinə dəstək və məqsədyönlülük kimi möhkəm təməllərə əsaslanır. Azərbaycan və Rusiya təkcə böyük nəqliyyat layihələri həyata keçirmir. Bu iki ölkə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi prioritet vəzifələrdəndir.

Abil Ağasəfov,
YAP Qəbələ rayon təşkilatının sədri