17 avqust 2024 02:27
545

Bakı COP29-a hazırlaşır: Addım-addım qlobal iqlim liderliyinə doğru

Bu ilin noyabrında paytaxtımız Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu tədbir, iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin daha da güclənməsi üçün kritik əhəmiyyət daşıyır. COP29 ölkəmiz üçün təkcə iqlim sahəsində deyil, həm də beynəlxalq əlaqələrin inkişafı baxımından böyük bir fürsət sayılır.

Naxçıvanda "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxış edən Baş prokuror Kamran Əliyev deyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin tarix kitabına qızıl hərflərlə yazılacaq. Baş prokuror qeyd edib ki, Beynəlxalq ictimaiyyətin bu barədə yekdil qərarını verməsi dünyada Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Bəli, Bakı bu tədbir vasitəsilə dünya liderlərinin, iqlim üzrə mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının diqqətini cəlb edəcək və qlobal səviyyədə vacib qərarların qəbul edilməsinə zəmin yaradacaq. Konfransın keçirilməsi üçün müasir infrastruktur və logistik imkanların təmin edilməsi ilə yanaşı, ölkə daxilində iqlim mövzusunda maarifləndirmənin gücləndirilməsi də əsas hədəflər arasındadır. Azərbaycan COP29 vasitəsilə iqlim dəyişikliklərinə qarşı qlobal səylərə öz töhfəsini verməyə hazır olduğunu nümayiş etdirməkdədir.

Bakıda COP29-a hazırlıqlar yüksək səviyyədə davam edir. Belə bir mötəbər tədbirin ev sahibi olaraq şəhərin infrastrukturunun yenilənməsindən tutmuş ekoloji layihələrin genişləndirilməsinə qədər bir sıra tədbirlər həyata keçirilir. Başqa sözlə, şəhərin siması gündən-günə dəyişir, daha cəlbedici olur.

Şəhərdə aparılan abadlıq və quruculuq işlərinin sırasında yer alan məkanlardan biri də metronun "28 May" stansiyasının və Dəmiryol vağzalının qarşısındakı meydandır. Ümumi ərazisi 3,5 hektar olan meydanda aparılan təmir-yenidənqurma işlərinin sürəti onu göstərir ki, insanların daha çox toplaşdığı, sıx gediş-gəliş etdiyi, eləcə də yaxın ətrafda turistlərin məskunlaşdığı bu məkan qısa  müddətdə  daha cəlbedici olacaq. Paralel olaraq Yusif Səfərov küçəsinin ərazisindəki istismar müddəti bitmiş tikililər sökülür. Bu ərazidə yaşayan sakinlər və obyekt sahibləri mövcud qanunvericiliyə uyğun kompensasiya ödənilməsi şərti ilə köçürülür.

COP29 ərəfəsində paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda salınan yeni parkdır.

“Antena” parkı kimi tanınan bu ərazi əvvəllər baxımsız vəziyyətdə olub. İstirahət parkının yenidən qurulması və bərpası ilə əlaqədar bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb. Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb. Parkın ərazisindəki mövcud tarixi inzibati bina saxlanılıb və həmin binada bərpa işləri aparılacaq. Yenidən qurulan parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılacaq. Belə ki, burada müasir tələblərə cavab verən iki restoran inşa olunur. Həmçinin burada 2 fəvvarə də quraşdırılacaq. Bu da istirahət məkanına əlavə gözəllik verəcək. Müasir istirahət kompleksinin ərazisinin 13,8 hektarında yaşıllıq sahələri salınacaq. Burada işıqlandırma sistemi yeni layihə əsasında ən müasir standartlara uyğun şəkildə qurulacaq. Parkda piyada və velosiped yolları çəkiləcək, uşaq-əyləncə və idman meydançaları yaradılacaq. Yenidən qurulan parkla yaxınlıqdakı “Dədə Qorqud” parkını əlaqələndirəcək tunelin də inşasına başlanılıb.

Yenidən qurulan park, həmçinin Azərbaycan dövlətinin ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması, o cümlədən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gördüyü işlərə daha bir töhfə olacaq.

Bu təşəbbüslər çərçivəsində Bakının Nərimanov rayonunda yerləşən və XX əsrin 50-ci illərində salınmış Nərimanov parkı da əsaslı şəkildə yenidən qurulub. 1960-cı illərdə yaxınlıqda metro stansiyasının tikilməsi parka marağı daha da artırıb. Ötən müddətdə bu park gəzinti və əyləncə baxımından şəhər sakinləri üçün sevimli məkana çevrilib. Parkın ərazisində yeni yaşıllıq sahələri yaradılıb, istismara yararsız, parkın ümumi görkəminə xələl gətirən tikili və qurğular ərazidən götürülüb. Mövcud ictimai-iaşə obyektlərinin fasadları müasir üslubda, parkın yeni layihəsinə uyğun təmir edilib, o cümlədən yeni işıq dirəkləri, eləcə də idman qurğuları və uşaq əyləncə meydançası yaradılıb. Mühəndis-kommunikasiya xətləri əsaslı şəkildə yenilənən park yağış sularının axıdılması üçün nəzərdə tutulan xətlərlə təmin edilib.

Bu tədbirlər Azərbaycanın ekoloji tarazlığın qorunması, yaşıllıqların artırılması və iqlim dəyişikliklərinə qarşı mübarizədə verdiyi töhfələrin bir hissəsidir. Bir sözlə, COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal səviyyədə ekoloji məsələlərdə liderliyini bir daha təsdiqləyəcək.

Nigar Orucova, “İki sahil”