14 avqust 2024 02:57
436

Ermənistan Ağ Ev və Qərb üçün sülhə təhdid tribunasıdır

«Sülhə dəstək paketi» adı ilə Cənubi Qafqazı hərbi poliqona çevirmək istəyənlərə Prezident İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli cavabı: «Cənubi Qafqazın yenidən müharibə ocağına çevrilməsinə imkan verilməyəcək.»

Müharibə, milli münaqişələr, terror aktları, dini radikalizm, qaçqınlar, miqrantlar ordusu, rəngli inqilablar, xaos kimi anlayışlarla assosiasiya olunan Qərb «demokratiya»sı insanlara fəlakət gətirir. Biliklərin zənginləşdiyi, yüksək texnologiyaların, sürətli innovasiyaların və elm tutumlu istehsal sahələrinin artdığı XXI əsrdə «Dövlətlər özlərini qoruyub saxlaya biləcəklərmi» sualı getdikcə daha da aktuallaşır. Dünya düzəninin supergüclər tərəfindən formalaşdırıldığı müasir dövrümüzdə baş verən hadisələrin, törədilən münaqişələrin, alimlərin, təcrübəli dövlət xadimlərinin , siyasi elitanın diqqət mərkəzində olan qlobal problemlərin cavabı aydındır: Kənar, qərəzli müdaxilələr olmasa dövlətlərarası münasibətlər öz axarı ilə davam edə bilər. Kiçik dövlətləri təsir , təhdid altında saxlamaqla köləsinə çevirən, onları öz çirkin maraqları üçün alətə çevirən ABŞ və Qərb el təbirincə deyilsə «ipə- sapa yatmayanları» müxtəlif vasitələrlə cəzalandırırlar. Dünyanın idarə olunduğu qanunları- BMT Nizamnaməsini, Avropa Konvensiyasını, Helsinki Yekun Aktını öz maraqları alovunda «yandıran» ABŞ-la Qərb milli münaqişə ocağlarının coğrafiyasını genişləndirirlər.

Ötən illərdə ABŞ-ın Ukraynada törətdiyi hadisələri xatırlayaq. «Narıncı inqilab»ların ilk müjdəçisi Maydan hərəkatı bu ölkədə demokratiyanın intibahı naminə tərədilmiş qorxunc hadisə idi. Rəsmi Vaşinqton kimi Qərb də keçmiş Sovet İttifaqının inkişaf etmiş respublikası olan Ukraynanı hədəf seçərək bu ölkəni «Qərb modeli» vədi ilə aldadaraq Avropa İttifaqının (Aİ) və NATO-nun qapılarını rəsmi Kiyevin üzünə açacaqlarını vəd etdilər. Amma bu «təşəbbüs» elə vəd olaraq qaldı. Bu gün də müəmmalıdır ki, bu qapılar Ukraynanın üzünə niyə açılmır? Rəsmi Kiyev nə üçün bu «mötəbər» təşkilatlara üzv qəbul olunmur? Əksinə, demokratiyanın qalib gəldiyi bu ölkədə siyasi xaos, daha dəqiq desək, xroniki sosial çatışmazlıqlar , hakimiyyət dəyişikliyi adi hal aldı. Bir neçə ildir ki, iqtisadiyyatı iflic olan ölkə hələ də dirçələ bilmir. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə inqilabi eyforiya məyusluqla nəticələndi. Avropa modeli olan Yuqoslaviya təcrübəsi Ukrayna üçün «yaramadı.» Artıq bir neçə ildir ki, Ukrayna Qərb «demokratiyası»nın acı nəticələrini yaşayır. ABŞ-ın Qərblə birlikdə hazırladıqları «siyasi laboratoriya»nın növbəti ünvanı Gürcüstan, Moldova oldu. Eyni situasiyalar 2009-2010-cu illərdə Belarusda da təkrarlandı.

Rəngli inqilablar üçün platsdarm kimi seçdikləri ölkələrdəki qeyri-hökumət təşkilatlarını, ABŞ və Qərbin kəşfiyyat orqanlarının yardımçı qurumları olan Milli Demokratiya İnstitutunu (MDİ/NDİ), Beynəlxalq Pespublikaçılar İnstitutunu (İRİ), Soros Fondunu (Açıq Cəmiyyət İnstitutu), «Revenew Watch»” kimi qurumların fəaliyyətini koordinasiya edən USAID-in formalaşdırdığı « sülh korpus»ları fəallıqlarını artırdılar. Metodologiya isə hədəfə götürülən ölkənin yerləşdiyi əraziyə, qonşularla münasibətə, milli münaqişələr üçün qığılcım olan hadisələrə uyğun texnologiyalar, mexanizmlər tətbiq etmək idi.

Eyni koordinatlar əsasında çalxalanan, hələ də Qərbin, ABŞ-ın hərbi dəstəyinə , NATO-ya üzvlük vədinə inanan Ukraynada hər gün şəhərlər, kəndlər dağılır, infrastruktur sıradan çıxarılır, günahsız insanlar, körpələr Qərbin siyasi maraqlarının qurbanı kimi həyatlarını itirirlər.

Bu təcrübələrini İraqda, Suriyada və digər Şərq ölkələrində sınaqdan çıxaran ABŞ artıq Cənubi Qafqaz iştahasını gizlədə bilmir. 2008-ci ildə bölgəyə təsirinə Gürcüstana müdaxiləsi ilə başlayan, aldadıcı vədlər verən, Rusiya ilə rəsmi Tbilisi arasında soyuqluq yaradan, xeyli insan tələfatına səbəb olan ABŞ –Qərb cütlüyünün bu ölkədə alovlandırdığı inqilab atəşi istənilən nəticəni vermədi. Cənubi Qafqaz siyasətlərini yeni maraqlar baxımından korrektə edən Qərblə ABŞ Gürcüstanın daxili işlərinə yenidən müdaxilə etdilər. Ötən aylarda bu ölkənin parlamentində «Xarici təsirin şəffalığı haqqında» qanunun qəbulunu istəməyən, maliyyələşdirdikləri qeyri-hökumət təşkilatları vasitəsilə iğtişaşlar törədən ABŞ və Qərb də niyyətlərinə çatmadıqları üçün məyus oldular. Bu cütlüyün Cənubi Qafqaz rıçaqları zəiflədi. Gürcüstanın etirazından sonra Aİ-nin və ABŞ-ın rəsmi Tbilisiyə dəyişən münasibətləri, vəd olunan yardımdan imtina «demokratik islahatlar»ın əsl mahiyyətini göstərir. Əvvəlki illərdə ölkə iqtidarını avantüraya sürükləyən Qərbin xəyanəti nəticəsində Cənubi Osetiya və Abxaziyanı itirən gürcü xalqı bölgəyə aid olmayan mənfur dairələrin şirin vədlərinə etirazlarını bildirdi.

Niyyətlərini azərbaycanlı qrantyeyənlər vasitəsilə reallaşdırmağa çalışan «qərbli kuratorlar»ın ölkəmizdə təşkil etmək istədikləri rəngli inqilab arzuları ürəklərində qaldı. 2002-ci ildən 2014-cü ilədək Qərb tərəfindən maliyyələşdirilən üç fond Azərbaycanda formalaşdırdıqları qeyri-hökumət təşkilatlarına 32 milyon dollardan çox vəsait ayırsa da, əsas maliyyə mənbəyi sayılan Soros Fondunun cəhdləri boşa çıxdı. Müxalifətin ən nüfuzlu «qrant salonu» sayılan Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəliyi bağlandı. Azərbaycan xalqı iqtidar ətrafında daha sıx birləşərək xarici ölkələr, beynəlxalq təşkilatlar tərəfindən maliyyələşən daxili satqınlara yerlərini göstərdi. Öz ölkələrində vətəndaş cəmiyyətlərinin fəaliyyətini məhdudlaşdıran Avropa İttifaqına üzv ölkələrın başqa dövlətlərdə ictimai birliklərin fəallığına dəstək üçün xeyli vəsait sərf etmələri xoş niyyətdən qaynaqlanmır. Məsələn, Almaniayada QHT-nin dövlət qeydiyyatına alınması məhkəmələr tərəfindən aylarla, bəzən illərlə uzadılır. Avstriyada QHT-ləri yerli polis bölmələri qeydiyyata alır və həmin təşkilatlar polisin daimi nəzarətində olur. Fransada isə ictimai təşkilatların xarici mənbələrdən aldıqları qrantların sonuncu dəyərinə qədər bütün dövlət qurumları qarşısında təfərrüatı ilə hesabat vermələri məcburdur. Yəni, Avropa ölkələrindəki mövcud qadağa və məhdudiyyətlər dövlətin milli təhlükəsizliyinin qorunmaısı, çirkli pulların yuylması ilə mübarizə adı altında tətbiq edilir. İkili standartlardan qaynaqlanan bu fərqli metod sisteminin əsl mahiyyəti artıq hamı üçün aydındır. Dənizdəki kiçik balıqlar iri balıqların yeminə çevrilməyə məhkumdurlar.

Bəzi hadisələrin xronologiyasını təkrarlamaqda məqsəd odur ki, əsrlərdən bəri kiçk dövlətləri özləri üçün qazanc mənbəyi hesab edən supergüclər hər zaman olduğu kimi , yenə də mənfur niyyətlərini davam etdirirlər. İllərdən bəri arzuladıqları Cənubi Qafqaza yerləşmək niyyətlərini gerçəkləşdirmək üçün ən məkrli, çirkin vasitələrə əl atırlar.

ATƏT-in Minsk qrupunu yaratmaqla, illərdən bəri işğalçı Ermənistanı dəstəkləməklə bu niyyətlərinə çatmaq istəyənlər 30 il çalışsalar da qüdrətli, müstəqil siyasət yeridən Azərbaycan xalqının birliyinə qalib gələ bilmədilər. 44 gün davam edən İkinci Qarabağ müharibəsində kapitulyasiya aktını imzalayan Ermənistan kimi, havadarları da məğlubiyyət paylarını aldılar. Dövlətin qorunub saxlanmasını vətəndaşlıq məsuliyyəti, vəzifəsi kimi müqəddəs hesab edən Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək yeni dövrün çağırışlarına həmrəyliyi ilə cavab verir. Güclü, müstəqil, bütün innovasiya, iqtisadi, sosial, siyasi, ideoloji və ictimai infrastrukturun inkişafı baxımından bölgənin lider dövləti olan sivilizasiyalı, tolerant Azərbaycanın getdikcə qloballaşan dünyamızda möhkəmlənən nüfuzundan narahat olan ABŞ və Qərb ölkəmizə qarşı təxribatlarını , təsiretmə mexanizmlərini işə salıblar. Bu «mexanizmin» açarı kimi Ermənistanın seçilməsi təsadüfi deyil. Yanan ocağı körüklə daha da alovlandıran Ağ Evin, Yelisey Sarayının Ermənistanın «saqqızını oğurlaması» illərdən bəri mövcud olan havadarlıq missiyasının davamı idi.

Bəllidir ki, dünya siyasətində Cənubi Qafqaz amili həmişə aktual, gündəmdə olub. Supergüclərin bölgədə toqquşan maraqları, bu ərazidə söz sahibi olmaq naminə güclənən rəqabət radikallıq baxımından daha da intensivləşib. Siyasi, iqtisadi, müdafiə qüdrəti ilə seçilən qardaş Türkiyəyə qarşı mübarizə metodu kimi ABŞ-ın Pensilvaniya ştatında məskunlaşan fetoçulara arxayınlaşan rəsmi Vaşinqtonun Azərbaycana qarşı təxribatları bir neçə baxımdan izah edilə bilər. Bölgədə sabitliyin qorunması üçün bütün imkanlardan istifadə edən qardaş Türkiyənin Azərbaycanla münasibətlərinə soyuqluq qatmağa çalışan, feyk informasiyaları ilə regionda narahatlıq yaradan Fransanın və ABŞ-ın Ermənistanı silahlandırması, birgə hərbi təlimlərin təşkili mənfur niyyətlərdən qaynaqlanır. Dünya dövlətlərinin maraq göstərdiyi enerji və nəqliyyat layihələrinin reallaşmasında əsas tərəflər olan Azərbaycan-Türkiyə- Gürcüstan üçlüyünün əməkdaşlığına xələl gətirməyə çalışan, bölgədə ayrı-seçkilik yaratmaqla ikili standartlar siyasətlərini daha radikal şəkildə davam etdirən qərəzli dairələr 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan rəsmi İrəvana İkinci Qarabağ müharibəsindən sonra da hər cür yardım göstərirlər.

5 aprel 2024-cü ildə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün əsl məqsədinin, rəsmi İrəvana hərbi yardımının gizlədilməsi göstərdi ki, Qərb sülh prosesini uzatmağa çalışır və rəsmi İrəvanı siyasi şoularına alət edirlər. ABŞ da, Qərb də Ermənistanda guya NATO Silahlı Qüvvələrinin mövcudluğunu rəsmiləşdirmək bəhanəsi ilə Azərbaycana təsirlərini daha da genişləndirmək və rəsmiləşdirmək istəyir”. Avropa İttifaqının ayırdığı 10 milyon avro dəyərində «yardım paketi»nin əsl hədəfinin rəsmi İrəvanı yeni müharibəyə şirnikləndirmək olduğunu hamı aydın başa düşür. ABŞ-ın 65 milyon dollarlıq «dəstəyi» də eyni məqsədə yönəldilib. Lənətlənmiş, təqaüdə göndərilmiş Minsk qrupunu formalaşdırmaqla ölkəmizə qarşı mənfur niyyətlərini həyata keçirən Qərb kimi ABŞ Administrasiyası da Vətən müharibəsindən sonra Azərbaycana qarşı təhdidlərini, təzyiqlərini inhisarlarında olan beynəlxalq qeyri- hökumət təşkilatları, KİV-lər vasitəsilə davam etdirirlər. Variantlardan biri də Minsk qrupunu «diriltməkdir.» Hələ də Minsk qrupunu «canlandırmaq» üçün müxtəlif bəhanələrə əl atanlar baş tutmayan Cənubi Qafqaz niyyətlərini əvvəlki ssenariləri üzrə davam etdirmək istəyirlər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan Fransa ilə Ağ Evin birgə planlarına daxil olan Minsk qrupunun yenidən fəaliyyətə başlamasına Azərbaycanın heç zaman razı olmayacağını «Ermənistan-Azərbaycan prosesi ilə bağlı onu deyə bilərəm ki, biz hesab edirik, bir neçə açıq olan məsələ hələ də qalmaqdadır. Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure - hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir» sözləri ilə açıqlayan Prezident İlham Əliyev sərhədlərin müəyyən edilməsi istiqamətində baş verən hadisələrə də aydınlıq gətirir: «Azərbaycan 1990-cı və 1992-ci illərdə itirdiyi dörd kəndi - Qazax bölgəsində yerləşən dörd kəndi bir güllə atılmadan geri qaytardı. Bu, onu göstərir ki, məsələlər sülh yolu ilə həll oluna bilər. Əgər Ermənistan 2020-ci ildə bizim sözümüzə qulaq assaydı və sülh yolu ilə bizim torpaqlarımızı qaytarsaydı, İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına ehtiyac qalmazdı. Yəni o, onlar üçün dərs olmalıdır və mən görürəm ki, o dərsdən onlar, necə deyərlər, nəticə çıxarırlar. Çünki dörd kəndin sülh yolu ilə, danışıqlar yolu ilə bizə qaytarılması və o bölgədə sərhədlərin müəyyən edilməsi göstərir ki, biz məsələləri danışıqlar yolu ilə həll edə bilərik.»

Belə ki, Gürcüstanda oxu daşa dəyən Ağ Evin və Yelisey Sarayının, bölgədə sabitliyin pozulması üçün Azərbaycana qarşı təxribatlara üstünlük verənlərin Ermənistandan istifadə variantı rəsmi İrəvana heç nə verməyəcək. Azərbaycanın bölgədə güclənən liderlik mövqeyindən ehtiyatlanan ABŞ və Qərb başa düşürlər ki, rəsmi Bakının maraqları nəzərə alınmadan regionda sabiliyə təhdid olan hərəkətlərə yol verilməsi qeyri-mümkündür. Ermənistanda Avropa İttifaqının guya sülhyaratma missiyasını yerləşdirilməsi, mavi gödəkçəlilərdən ibarət «binokl diplomatiyası» kimi iyrənc metodlara əl atılması əslində işğalçını yeni müharibəyə təhrik xarakterli siyasi şoudur.

Xatırladaq ki, Fransanın bəzi MDB ölkələrində formalaşdırdığı agent şəbəkəsinin ölkəmizin təhlükəsizlik orqanlarının apardıqları əməliyyat nəticəsində aşkar edilməsindən sonra daha da quduzlaşan rəsmi Parisin işğalçıya hərbi yardımlarını artırması itin karvana hürməsidir. Azərbaycanda formalaşdırdıqları «Abzas Media»”, «Toplum TV»” kimi layihələri müdafiə edən Qərbin «demokratiya» pərdəsi altında həyata keçirmək istədiyi «islahatlar» da uğursuzluqla nəticələnir. Cənubi Qafqazın siyasi sabitliyi ilə tanınan, nadir ölkələrdən sayılan Azərbaycan dəfələrlə rastlaşdığı bu kimi mənfi halların qarşısını xalq-iqtidar birliyi ilə alıb. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər göstərdi ki, qüdrətli, müstəqil, suveren Azərbaycan heç vaxt qarşıdurma platforması olmayacaq. «Avropa-Qlobal Cənub istiqamətinə və həmrəyliyə gəldikdə, biz buna nail ola bilərik. Bunun üçün biz ürəkdən çalışmalıyıq, gündəliyimiz də buna köklənib» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibəni sülhlə əvəz edən Azərbaycan regionda müsbət tendensiyanın yarandığı, sülhə doğru addımların atıldığı, sərhədlərin nəinki delimitasiyası, hətta demarkasiyasının başladığı bir məqamda bölgədə əlavə gərginliyin yaranmasına imkan verməyəcək. «Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik» söyləyən Prezident İlham Əliyev ədalət tərəfdarı olan, beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə əngəl olmaq istəyən Qərbə xəbərdarlıq edir: «Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın… Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır… Bu səbəbdən Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir. Onda siz nəyə görə tənqid etmirsiniz? Nəyə görə siz sanksiyalar tətbiq etmirsiniz? Nəyə görə susursunuz?»

İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə şəkilləri sosial şəbəkələrdə yayılan əli avtomatlı «keşişin» davamçısı, özünü «Müqəddəs mübarizə” hərəkatı»nın lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyanın Qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanatını dəstəkləyən Qərbin Ermənistana neokolonialst dəstəyi təbiidir. Din xadimi, yoxsa siyasətçi olduğu anlaşılmayan quldurun bölgədə sülhə təhdid olan çağırışlarını qulaqardına vuran Ağ Ev üçün baqratlar sülhə təhdid tribunasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz heç kimə qarşı heç bir hərəkət etmirik: «Biz heç kim üçün təhdid mənbəyi deyilik və heç vaxt olmayacağıq. Öz haqqımızı tələb edirik, qoruyuruq, bir-birimizi dəstəkləyirik. Cənubi Qafqazın yenidən müharibə ocağına çevrilməsinə imkan verilməyəcək.»

Xuraman İsmayılqızı, «İki sahil»