Amerika Birləşmiş Ştatlarının Ermənistanda hərbi təlimlər keçirməsi, Fransanın, Hindistanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi, sözügedən ölkəni təxribatlar törətməyə həvəsləndirir. Elə ötən ay hayların şərti sərhəddə bir-birinin ardınca törətdikləri təxribatlar, həmçinin kəşfiyyat xarakterli uçuşlar da bunu sübut edir. Bütün bunlar bölgədə yeni gərginlik ocağının yaradılmasına aşkar cəhdlər edildiyini ortaya qoyur. Qəribədir ki, bu proseslər sülh müqaviləsi üzrə danışıqların aparıldığı bir zamanda baş verir. Bəli, rəsmi İrəvan bir tərəfdən sülhdə maraqlı olduğunu bəyan edir, digər tərəfədən isə şərti sərhəddə təxribatlar törədir. Bu isə havadarlarının təhriki ilə hərəkət edən təcavüzkar ölkənin sülhdə əsla səmimi olmadığını aşkar surətdə ortaya qoyur. Şübhəsiz, əgər Ermənistan şərti sərhəddə təxribatlar törədirsə, deməli, burada hansısa məqsəd var. Şübhəsiz, həmin məqsəd heç də regionda sabitliyə xidmət etmir.
Bütün bunlarla əlaqədar Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfi dəfələrlə xəbərdarlıq edib. Bildirib ki, Ermənistan və havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Belə olan təqdirdə də, yəni regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir.
Elə avqustun 3-də Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında digər məsələlərlə yanaşı, bu məsələ də gündəmə gətirilib. Belə ki, həmin tədbirdə havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti də təhlil edilib. Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi “Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir” ifadəsini vurğulayan müdafiə naziri general-polkovnik Zakir Həsənov əsgər və zabitlərimizin Ali Baş Komandanının istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib. O, həmçinin istənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır deyib. Şübhəsiz, bu, günün, reallığın tələbidir.
Ermənistan Azərbaycan ordusunun gücünə yaxşı bələddir. O ordunun ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızdan işğalçıları iti qovan kimi qovub çıxarıb. O ordunun ki, əldə etdiyi zəfərləri, nümayiş etdirdiyi qəhrəmanlığı ilə XXI əsr dünya hərb tarixini heyrətə gətirib. O ordunun ki, bu gün döyüş qabiliyyətinə görə, dünyanın ən qüdrətli və yenilməz ordularından biridir. O ordunun ki, ötən il Qarabağda Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara qarşı həyata keçirilən 23 saat 43 dəqiqəlik lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə qan uddurub. Şübhəsiz, bu, Azərbaycan Ordusunun Vətən müharibəsindən sonra daha da güclənməsinin ən bariz nümunəsi idi. O ordunun ki, hazırda quruculuğu prosesi sürətlə davam edir, arsenalı daha da müasirləşdirilir, hərbi qulluqçuların peşəkarlığı artırılır. Nə yazıq ki, Ermənistan hələ də reallıqları dərk etmək istəmir. Yəni, xaricdəki havadarlarının, xüsusilə Fransanın dəstəyi ilə Cənubi Qafqazda yeni müharibə ocağı qalamağa cəhdlər edir.
Qvami Məhəbbətoğlu, “İki sahil”