27 iyul 2024 12:28
518

Ermənistanın yenə də "Okampoluğu" tutub - ŞƏRH

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası  (COP29)  kimi tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzuna çox böyük töhfələr verməkdədir. Halbuki, haylar bunu  gözləmirdilər. Elə bu kimi səbəblərdən  onlar bu mötəbər tədbirə kölgə salmaq üçün müəyyən gərginlik yaratmaqla yanaşı, Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasını genişləndirirlər. Özü də  erməni diasporu  bu “proses”də qatı ermənipərəst, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, saxtakar Luis Moreno Okamponu əgər belə demək mümkündürsə, “irəli” veriblər.

Qeyd edək ki, kampaniyanın müəllifi qismində “Armenpress”ə verdiyi müsahibəsində cilddən-cildə girən L. Okampo bu dəfə də özünü iqlim fəalı kimi qələmə verib, Azərbaycana qarşı böhtanlar yağdıraraq, soyqırımı, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan separatçıların azad edilməsini tələb edib. O, utanıb-qızarmadan bildirib ki, guya Bakıda təcridxanada saxlanılanlar Qarabağı tərk etmək istəyəndə saxlanılan soyqırımı qurbanlarıdır. Hətta o, həyasızlıq edərək müsahibəsində belə bir fikir də səsləndirib: “Biz COP29-un Bakı həbsxanalarında 23 erməni məhbusla keçməsinə icazə verə bilmərik. Biz erməni məhbuslar məsələsini mərkəzi məsələyə çevirməliyik”.

Bəri başdan qeyd edək ki,  erməni lobbisinin əlində alətə çevrilən Okampo bilməlidir ki, Azərbaycanda heç bir nəfər erməni hərbi əsiri yoxdur. İki ölkə arasında bir neçə dəfə  hərbi əsirlərin mübadiləsi həyata keçirilib. Sonuncu belə mübadilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlara əsasən, heç bir vasitəçi olmadan 2023-cü il dekabrın 13-də baş tutub. Müharibə cinayətləri törətmiş, əlləri soydaşlarımızın qanına batmış separatçılar var ki, onlar da qanunla məsuliyyətə cəlb olunublar. Bu mənada onların azad edilməsini tələb etmək heç bir məntiqə sığmır. Bu, heç  beynəlxalq hüquqa da uyğun deyil. Elə bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan belə onlarla maraqlanmır. Okampo bilməlidir ki, Bakı bu  canilərə heç bir güzəştə getməyəcək, İlahi ədaləti təmin edəcək.

Bəs görəsən, ağızdolusu insanlıqdan danışan, canilərin azad edilməsini tələb edən Okamponun  Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4000 azərbaycanlı nə vaxt yadına düşəcək? Halbuki, girov götürülmüş azərbaycanlıların həmin dövrdə Ermənistanın ali hərbi rəhbərliyində olan yüksək rütbəli zabitlərin evlərində qul kimi işlədilməsinə, azərbaycanlı əsirlərin vaxtilə işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanda olan düşərgələrdə edam edilməsinə dair təkzibolunmaz dəlillər vardır.

O ki qaldı onun Azərbaycana soyrıqımında ittiham etməsinə, yəqin Okampo bilməmiş deyil ki, haylar tarixən azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. Onları isə saymaqla qurtarmaz. Yaxın tarixə müraciət edək. Birinci Qarabağ müharibəsi zamanı haylar Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və digər ərazilərimizdə soyqırımlar törətməklə yanaşı,  Vətən müharibəsi zamanı Gəncə,  Bərdə, Tərtər, Yevlax, Beyləqan, Qəbələ, Goranboyu  raket zərələrinə məruz qoyublar. Amma o bu kimi faktlardan əsla söz açmır.

Utanmadan “Dağlıq Qarabağ xalqının geri qayıtmaq hüququ var” deyən bu ermənidən betər erməni bəs nə üçün Ermənistandan sonuncu etnik təmizləmə dalğasında qovulmuş 300 min azərbaycanlının qayıtması məsələsini qaldırmır? Halbuki, qayıdış məsələsində ayrı-seçkiyə yol verilməməli, qarşılıqlılıq prinsipinə riayət edilməli və 30 ildən artıq qayıdış intizarında olan Qərbi azərbaycanlıların qayıdışı prioritet məsələ kimi ilk həll edilməlidir.

Özünü iqlim fəalı kimi göstərməyə çalışan Okampo Qərbi Azərbaycan İcmasının bu məsələ ilə bağlı  bəyanatında da deyildiyi kimi, yaxşı olardı ki, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək viran qoyması və oraya milyonlarla mina yerləşdirməsi nəticəsində ətraf mühitə sağalmaz yaralar vurması, Ermənistanda azərbaycanlılar yaşamış ərazilərin dağıdılması, dağ-mədən sənayesi ilə hava və su hövzələrinə vurduğu zərərlər ilə məşğul olsun. Amma o, buna vaxt sərf etməyi özünə sığışdırmır. Şübhəsiz, bütün bunlar Okamponun ölkəmizə qarşı olan qərəzini və məsələlərə ikili standartlar mövqeyindən yanaşmasından, həm də Ermənistana olan “tükənməz sevgi”sindən irəli gəlir.

Digər tərəfdən, Okampo yaxşı bilir ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı danışıqlar davam edir. Belə bir dönəmdə onun həqiqətə uyğun olmayan açıqlamalar verməsi bu prosesə zərbə vurmağa hesablanıb.

Okampo unutmasın ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı belə çirkin kampaniya aparan bəzi dairələrə, o cümlədən okampolar tutarlı cavabdır.

Yeri gəlmişkən qeyd edək  ki, Azərbaycan bu mötəbər tədbirə çox ciddi hazırlaşır.  Bu yerdə Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 149 illiyi münasibətilə  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda söylədiyi aşağıdakı fikirləri də xatırlatmaq yerinə düşər: “Buna baxmayaraq, ittihamlar davam edir. Ancaq deyə bilərəm ki, vaxt keçdikcə bizə qarşı hücumların sayı azalır, bizim COP heyətimiz çox səmərəli işləyir, öz vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir. Bizim COP-la bağlı gündəliyimiz proqnozlaşdırılabilən, aydın hədəflərə, məqsədlərə, nəticələrə köklənmiş gündəlikdir. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır”.

Qvami Məhəbbətoğlu, “İki sahil