06 sentyabr 2024 23:43
330

Bakı Qlobal İqlim Şəffaflığı Platforması

COP29-un kollektiv səylərə verdiyi töhfənin mühüm hissəsi

Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkəmizin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir. Eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Görülən işlərə və qarşıya qoyulan məqsədlərə nəzər saldıqda sadəcə vəd verməklə kifayətlənməyən, strateji ekoloji qərarlarla konkret nəticələr əldə edən bir ölkə görürük. Bu ölkə yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Azərbaycanın öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Azərbaycan kimi digər bütün ölkələr də bu problemin həllinə töhfə verməlidirlər. İqlim dəyişikliyi ilə mübarizədə maliyyənin əhəmiyyəti ilbəil artır. Demək olar ki, uzunmüddətli danışıqlar zamanı ölkələr iqlimin təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrdə maliyyə dəstəyi tələb edirlər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr bu problemin həlli üçün 100 milyard dollarlıq fond yaradacaqlarını bildirirlər. Lakin bu məsələ hələlik söhbət olaraq qalır.

“COP29-un əsas mövzusu və prioriteti iqlim maliyyəsidir. Konvensiyanın terminologiyası ilə desək, Bakı COP-unda iqlim dəyişikliyi ilə mübarizə sahəsində “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nin razılaşdırılması nəzərdə tutulur. Bununla yanaşı, COP çərçivəsində iqlim dəyişmələri üzrə vacib sahələr - mitiqasiya və adaptasiya istiqamətləri əhatə olunacaq. Eyni zamanda, danışıqlardan kənar önəmli istiqamətlər olan dövlətlər tərəfindən “İkiillik Şəffaflıq Hesabatları”, “Milli Müəyyən edilmiş Töhfələr”, “Milli Adaptasiya Planları”nın hazırlanması və təqdim edilməsi məsələləri də diqqət mərkəzindədir.”  Bu fikirləri COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda Azərbaycan Hakimlər İttifaqı və Ali Məhkəmənin birgə təşkilatçılığı ilə “Hüquq və iqlim” (Law and climate) mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Nazir bildirib ki, Azərbaycanın COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. M.Babayev qeyd edib ki, məqsəd yalnız milli deyil, qlobal səviyyədə yeni yanaşmalar və innovativ həll yolları təklif etməkdir. Bir sözlə, Azərbaycanda keçiriləcək COP29-un əsas mövzularından biri də məhz iqlim maliyyəsi ilə bağlı olacaq, başqa sözlə, maliyyə vəsaitlərinin ötürülməsi ilə bağlı öhdəliklər müəyyənləşdiriləcək. Bu baxımdan inkişaf etmiş ölkələrin illik əsasda müəyyənləşdirilən bir maliyyənin, eyni zamanda, texnologiyanın inkişaf etməkdə olan ölkələrə ötürülməsini gerçəkləşdirmək və beləliklə, 1,5 hədəfinə çatmaq və ya temperatur artımını həmin səviyyədə məhdudlaşdırmaq qarşıya önəmli vəzifə kimi qoyulacaq.

Xatırladaq ki, bir neçə gün öncə COP29-un sədri kimi Azərbaycan “Bakı Qlobal İqlim Şəffaflıq Platforması”nı təqdim etdi. Bakıdakı "İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq" çərçivəsində COP29 prezidenti Muxtar Babayev qeyd etdi ki, bu platforma dünyada iqlim şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlarda şəffaflığın təmin olunması üçün qlobal cəmiyyəti bir araya gətirəcək. "COP29 sədri olaraq vəzifəmiz iqlim dəyişikliyi üzrə danışıqlar prosesində bütün iştirakçıları dəstəkləməkdir. Son vaxtlar biz ada dövlətlərini, o cümlədən, ən iri olanı - Avstraliyanı ziyarət etdik. Kiçik dövlətlərin, xüsusilə Andorra və Qayana kimi ölkələrin maraqlarını da nəzərə alırıq. Platformanın məqsədi iqlim dəyişikliyi ilə bağlı tədbirlər haqqında hesabatların şəffaflığını artırmaqdır", - deyə M.Babayev bildirib. Onun fikrincə, yalnız şəffaflıq məqsədlərinin kollektiv təsdiqlənməsi və iki illik şəffaflıq hesabatlarının (BTR) vaxtında təqdim edilməsi ilə irəliləyiş mümkündür. Bu yolla Azərbaycan Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Sistemində ümumi iştirakın artırılmasını məqsəd qoyur. Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell tədbirdə çıxışı zamanı bildirdi ki, Bakı Qlobal Şəffaflıq Platformasının yaradılması iqlim dəyişikliklərinə qarşı mübarizədə mühüm rol oynayacaq: “Bu platforma iqlim dəyişiklikləri ilə mübarizədə şəffaflığı təmin edəcək, dövlətlər və təşkilatlar arasında əməkdaşlığı gücləndirəcək və qlobal miqyasda iqlim siyasətlərinin daha effektiv həyata keçirilməsinə töhfə verəcək. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi olduqca əhəmiyyətlidir. Bakı Qlobal Şəffaflıq Platforması bu istiqamətdə əsas vasitələrdən biri olacaq və qlobal səylərin birləşdirilməsinə imkan yaradacaq”.

Göründüyü kimi, Bakı Qlobal İqlim Şəffaflığı Platformasına start verməklə, COP29 Sədrliyi İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması və təqdim edilməsi ilə bağlı potensialın artırılmasında inkişaf etməkdə olan Tərəf ölkələrin səylərini dəstəkləmək niyyətindədir. Belə ki, bu platforma sayəsində dünya ictimaiyyəti görülən işlərin gedişatını daha yaxşı izləyərək etimad yarada biləcək və iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üçün əlavə fəaliyyət və investisiya tələb edən sahələri müəyyən edəcəkdir. Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) birinci mərhələsi çərçivəsində əsas məqsəd BTR-lərin 2024-cü ildə təqdim olunmasını təmin etməkdir. İkinci mərhələdə isə platforma ETF-in (Genişləndirilmiş Şəffaflıq Çərçivəsi) icrasını və bu layihədə universal iştirak üçün məqsədyönlü dəstək göstərməklə yanaşı, Tərəflərin həm 2024-cü ildə, həm də sonrakı dövrdə həyata keçirdikləri işlərin dinamikasını izləməyə davam edəcək. COP29 Sədrliyi qarşıdan gələn aylarda Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya, Afrika, Asiya-Sakit okean, Latın Amerikası və Karib hövzəsi ölkələrində şəffaflıq üzrə regional seminarlar keçirəcək.  Eyni zamanda COP29 Sədrliyi BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində həm BTP tərəfdaşlarının, həm də UNFCCC Katibliyinin dəstəyi ilə Qlobal Şəffaflıq Dialoqunu təşkil edəcəkdir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutub və onun katibliyi Bonnda yerləşir.

Sevinc Azadi, “İki sahil”