24 iyul 2024 13:06
248

2-ci Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm platforma oldu - AÇIQLAMA

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Ölkəmiz uzun illər ərzində bunun qurbanı olub, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Torpaqlarımızın işğalı 30 il davam edib. Ancaq Azərbaycanı dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edib. Konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində ölkəmizə qarşı sanksiyalar tətbiq edildi. Absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır.

Bu fikirkləri “İki sahil”ə açıqlamasında YAP İdarə Heyərinin üzvü,  VI çağırış Milli Məclisin deputatı Cavid Osmanov bildirdi. 

O, qeyd etdi ki, Forumunun açılış mərasimində Prezident İlham Əliyev vurğuladı ki, Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Azərbaycan fərqli yol seçdi. Bu, asan deyildi. Ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bu seçim Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Azərbaycan de-fakto və de-yure müstəqilliyi seçdi.

2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində ölkə başçısı Azərbaycanın neft və qazla zəngin olmasının ölkəmizin günühı olmadığını vurğuladı. Azərbaycanın fəaliyyəti bu əsasda qiymətləndirilməməlidir. Ölkə iqtisadiyyatı necə şaxələndirilib, işsizliyin öhdəsindən necə gəlinib, yoxsulluq necə azaldılıb, mövzular bunlar olmalıdır. Bu gün Azərbaycanda bu göstəricilər inkişaf edən ölkələrin səviyyəsindədir, bəzən ondan daha aşağı, daha azdır, yoxsulluq beş faiz səviyyəsindədir. Qazıntı yanacaq növlərindən əldə edilən gəlirlərin ədalətli paylanılması çox şəffaf şəkildə, məsuliyyətli şəkildə həyata keçirilir. Azərbaycan bəlkə yeganə ölkədir ki, regionda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının, “OPEC Plus” formatının üzvüdür. Azərbaycan neft hasil edən ölkələrlə fəal şəkildə işləyir. Ölkəmiz müəyyən təkliflər irəli sürüb ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər.

Cavid Osmanov bildirdi ki, Prezident İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində diqqət çəkdiyi məqamlardan biri də kolonializm məsələsi oldu. Ölkə başçısı bildirdi ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Milyonlarla insan bunun qurbanı olmuşdur və bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Azərbaycan bu ölkələrə kömək etmək istəyir ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək ölkəmizi ittiham edir ki, guya Azərbaycan onların daxili işlərinə qarışır. Ancaq bu, qətiyyən belə deyil. Ölkəmiz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Fransa hökuməti Azərbaycana qarşı soyuq müharibəyə başlayıb. Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcək. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bu mənada müstəsna əhəmiyyətə malikdir. Kolonializmdən əziyyət çəkən xalqların səsini heç kəs eşitmir.

2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev ölkəmizin “Yaşıl enerji” gündəliyi haqqında da geniş fikir bildirdi. Ölkə başçısı diqqətə çatdırdı ki, Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Ölkəmizdə ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verilib. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə  240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışı həyata keçiriləcək. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda ümumi həcm bir qiqavat olan üç Günəş və külək elektrik stansiyasının təməlini qoyulub. Azərbaycan bu sahədə çox böyük işlər görür. Həm texniki, həm də iqtisadi cəhətdən ölkəmizin böyük potensialı var. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal etmək olar.

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə də diqqət çəkmiş, ölkəmizin planlarından bəhs etmişdir.