23 iyul 2024 23:50
276

Xalqımız heç bir zaman nə işğalı, nə verdiyimiz qurbanları, nə böyük Qələbəmizi unutmayacaq

1980-ci illərin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları edərək, etnik təxribatlar və terror törətməyə başladı. Onlar SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi üçün hərəkətə keçdilər. Nəticədə XX əsrin ən faciəli münaqişələrindən biri başladı.

1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlaydı. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşdilər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.

Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib.

Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub.

SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Dağlıq Qarabağda pozuculuq fəaliyyəti ilə məşğul olan, əsasən Ermənistandan göndərilən silahlı qruplar və terrorçular peyda olmuşdu. Belə bir şəraitdə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə yaradılan Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar - 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələnib.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirilib.

Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın hakimiyyət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək istəyirdi.

1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli Hərəkatının qalib gəlməsi nəticəsində respublikada müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələr hakimiyyətə yiyələndilər. Bu isə onların təcavüzkar müharibəyə başlamasını daha da sürətləndirdi. Yerevan bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəldərək problemi öz məqsədlərinə uyğun, güc yolu ilə həll etməyə üstünlük verdi. Məhz bu səbəbdən Ermənistan danışıqlar prosesinə heç vaxt ciddi yanaşmayıb və bundan yalnız beynəlxalq ictimai rəydə görüntü yaratmaq məqsədi ilə yararlanmağa çalışıb.

Kütləvi qırğın, soyqırımı aktları

Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalı soyqırımını törədib. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib.

Milli liderin xilaskarlıq missiyası

1993-cü il iyunun 15-də Milli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu Öndər belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi.

1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub.

Azərbaycanın işğal altında olmuş ərazilərində suveren hüquqlarını bərpa etməsi başlıca vəzifəsidir. Ermənistan 30 ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında müxtəlif təyinatlı  binaları dağıdıb, onları yerlə bir edib. Hətta işğalçılar avtomobil yollarını belə dağıdıblar.

Azərbaycan ermənilərin və havadarlarının törətdikləri vəhşiliklər nəticəsində darmadağın edilən yerlərdə yeni binalar tikir, yollar çəkir. Ermənistan və havadarları isə əvvəllər olduğu kimi, Azərbaycana qarşı şantaj yolunu davam etdirir. Yeri gəlmişkən, bu qüvvələr Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasına, bölgədəki binaların dağılmasına, bir milyon insanın öz yurdundan, evindən qaçqın düşməsinə göz yumublar. Erməni lobbisinin fəaliyyəti nəticəsində torpaqlarını işğaldan və işğalçıdan təmizləyən Azərbaycana 31 il əvvəl “907-ci düzəliş” tətbiq olunub. Bu sanksiyanın yersiz və əsassız olduğunu çox sonralar “başa düşdülər”. Həmin qüvvələr yenə Azərbaycan əleyhinə fəaliyyət göstərirlər. Onlar beynəlxalq və dünya ictimaiyyətindən reallığı gizlətməyə çalışırlar.

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü